Aktual

Azərbaycanda “Taliban” hərəkatı başlayır?

Universitetlərdəki aksiyalar iqtidarı təşvişə salıb

Hakimiyyət tələbə etirazlarını önləmək üçün hərəkətə keçdi; Mikayıl Cabbarovun qarşısında çətin tapşırıq qoyuldu; yeni nazirdən təhsil müəssisələrini tam nəzarətə götürmək və işdən çıxarılmalı olan rektorların adları istənildi.

Son vaxtlar Bakıda başlayan tələbə etirazları hakimiyyətin ciddi narahatlığına səbəb olub. Bu etirazlarda kütləviliyin olması və bir təhsil müəssisəsindən digərinə keçməsi iqtidar texnoloqlarını ciddi addımlar atmaq məcburiyyətində qoyub. “Yeni Müsavat”a son vaxtlar keçirilən bu aksiyaların iqtidar üçün hansı anlama gəlməsi və etirazların daha da böyüməsinin qarşısının alınması məqsədilə hansı planların hazırlandığı barədə məlumatlar daxil olub. Qeyd edək ki, ilk olaraq oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçiriblər. Mindən çox tələbə semestr imtahanlarının yazılı aparılmasına etiraz edib. Onlar imtahanların test üsulu ilə keçirilməsini istəyiblər. Əvvəlcə tələbələrin tələblərinə o qədər də ciddi yanaşmayan universitet rəhbərliyi daha sonra vəziyyətin getdicə ciddiləşdiyini və etirazçıların sayının artdığını görərək, onlarla görüşüb. Bu görüşdən sonra isə tələbələrə onların istədiyi kimi test üsulunun qüvvədə qaldığı elan edilib. İstəklərinin yerinə yetirildiyini görən tələbələr yalnız bundan sonra aksiyanı dayandırıblar. Son illərdə ilk dəfə olaraq hansısa təhsil müəssisəsində tələbələr heç bir kənar müdaxilə və təşkilatçılıq olmadan, özləri hüquqları uğrunda kütləvi şəkildə mübarizəyə qalxdılar və iki günlük dirənişdən sonra istədiklərinə nail oldular. Bundan sonra başlayan tələbə etirazlarının miqyasının genişlənəcəyi və digər universitetlərdə də tələbələrin bu təcrübədən istifadə edəcəkləri gözlənilən idi. ADPU-dakı nəticəvi aksiyanın ardınca Azərbaycan Tibb Universitetinin tələbələrinin etirazlara hazırlaşması, özəl Bakı Biznes Universitetində və digər təhsil müəssisələrində ciddi narazılıqların olması barədə xəbərlər gəldi. Noyabrın 1-də isə başqa bir təhsil müəssisəsinin – 1991-ci ildən fəaliyyət göstərən özəl “Azərbaycan” Universitetinin tələbələri ayağa qalxdılar. Onlar da imtahanların yazılı keçirilməsinə, universitetdə tədris olunan fənlərlə bağlı yetərincə ədəbiyyatın olmamasına, semestr imtahanlarında düşən suallarla bağlı mövzuların dərs zamanı onlara tədris edilməməsinə, bəzi müəllimlərin onlardan dərsə davamiyyətə görə pul tələb etməsinə etiraz ediblər. Universitetin rektoru Eldar Qəhrəmanov isə tələbələrin etirazlarına reaksiya verib və onların başqa təhsil müəssisələrindəki aksiyalardan nümunə götürdüklərini deyib: “Əslində bu, bir təzyiq formasıdır. Bəzi universitetlərdə belə təzyiq forması olmuşdu. Onlar da bir-birinə xəbər veriblər. İndi təzyiq kimi belə hadisələrdən istifadə etmək istəyənlər də var. Belə hadisələr universitetlərdə olur. Gərək universitet də çalışsın ki, təhsilin keyfiyyəti təmin olunsun, müəyyən standartlar gözlənilsin. Amma bundan narazı olanlar da həmişə olur. Bizim mövqeyimiz belədir ki, hər kəs universiteti özü seçib, hüquqi müqavilə imzalayıb və daxili prosedur qaydalarına riayət etməlidir”. E.Qəhrəmanov həmçinin bidlirib ki, tələbələrin narazılıqlarının araşdırılması və yekun qərarın verilməsi 1-2 gün vaxt aparacaq: “Bu, tələbələrin müraciətlərinin sayından və onların tələblərindən asılıdır. Hər bir qrup yığılaraq öz tələblərini müəyyənləşdirəcək, fikirlərini cəmləşdirib rektorluğa təqdim edəcək. Yaxın günlərdə məsələyə baxaraq yekun qərar çıxarılacaq”. Tələbələr isə tələblərinin yerinə yetirilməyəcəyi halda etirazı davam etdirəcəklərini bildiriblər. Tələbə etirazlarına cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Bu, Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”yə əsasən aparılır. Öz növbəsində Təhsil Nazirliyinin özəl universitetlər üzrə koordinatoru İlyar Vahabov isə tələbələrin öz fikirlərini aksiya vasitəsilə bildirməsini doğru saymayıb: “Nota dilində danışmaq lazım deyil. Elə fənlər var ki, onlar yazılı keçirilməlidir, ona görə biz bütün təklif və xahişlərə baxacağıq və yekun qərar verəcəyik”. Bu aksiyalardan sonra hakimiyyətdə yaranan narazılıq səbəbindən yeni təhsil naziri Mikayıl Cabbarov Prezident Administrasiyasına çağırılıb və baş verənlərlə bağlı ondan izahat istənilib. Nazir ölkənin təhsil sistemi, xüsusən də ali təhsil müəssisələrindəki vəziyyətlə bağlı bu vəzifəyə təyin olunduğu gündən indiyədək topladığı məlumatlarla bağlı raport verib və bir sıra dövlət universitetlərində rəhbərliyin dəyişdirilməsi, dövlət və özəl təhsil müəssisələrində yeni qaydaların tətbiq olunması, ciddi yoxlamaların aparılmasının vacibliyi barədə məsələ qaldırıb. Əldə etdiyimiz məlumata görə, bundan sonra nazirə bir sıra göstərişlər verilib və onun qarşısında nə olursa-olsun, tələbə etirazlarının önlənməsi, böyüməməsi üçün ciddi addımlar atmaq tapşırığı qoyulub. Həmçinin, ölkə rəhbərliyi adından verilən bu direktivin universitet rektorlarına çatdırılması, gərəkirsə cəzalandırılmalı olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə bağlı ciddi addımlar atılması, təhsil müəssisələrindəki tələbələrin həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi, onlarla daha sıx iş aparılması və tələbələrin əsas narazılıqlarının öyrənilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi tapşırılıb. Noyabrın 2-də isə Təhsil Nazirliyində bu tapşırıqların icrası ilə bağlı geniş toplantı keçirilib. Ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərlərinin və tələbələrin Həmkarlar İttifaqlarının təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda ölkədə başlayan tələbə etirazları təhlükəli tendensiya kimi qiymətləndirilib. Nazir hər kəsə ölkə rəhbərliyinin bu məsələyə çox ciddi yanaşdığını və narahat olduğunu, eyni zamanda təhsil müəssisələrinin rəhbərlərinə bərk qəzəbləndiyini deyib. Toplantıda əsasən də universitet rektorlarının bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiyi və universitetlərdəki neqativ halların belə etirazlara səbəb olduğu bildirilib. Qeyd olunub ki, nə yolla olursa-olsun, tələbələrin kütləvi etirazlarına şərait yaradılmamalı və hər hansı bir narazılığın böyüməsinə imkan veriməməlidir. Birmənalı şəkildə hansı təhsil müəssisəsində belə bir hal təkrarlanarsa, rəhbərliyin dərhal ən sərt formada cəzalandılılacağı da diqqətə çatdırılıb. Eyni zamanda, dövlət və özəl təhsil müəssisələrində hərtərəfli yoxlamaların başlaması, universitet və texnikumlardakı real vəziyyətin öyrənilməsi üçün yeni nəzarət qaydalarının tətbiq olunması qərara alınıb. Bu məsələlərlə bağlı baş verənlər haqda ətraflı bilgilərə malik olan mənbələrimiz deyir ki, hakimiyyət hələ prezident seçkilərinin səs-küyü tam yatmadığı indiki məqamda təhsil müəssisələrində tələbələrin ayağa qalxmasını ciddi təhlükə mənbəyi sayır və bunun daha böyük miqyas ala biləcəyindən ehtiyat edir. Buna görə də bütün vasitələrdən istifadə edilməsilə bu cür halların qarşısını tam almağa çalışır. Bu səbəbdən də yeni təhsil naziri qarşısında bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə çox ciddi və qəti tapşırıq qoyulub. Bu tapşırıqlar M.Cabbarova kifayət qədər sərt tonda çatdırılıb. Elə nazirin də tabeliyindəkilərlə danışıq üslubu bu tonda olub. Amma o da bildirilir ki, hakimiyyətdən çətin tapşırıq alan nazirin əlinə həm də neçə aydan bəridir cəzalandırmaq istədiyi bir sıra arxalı universitet rektorları ilə haqq-hesab çəkmək üçün yaxşı fürsət düşüb. Buna görə də yaxın vaxtlarda bir sıra dövlət universitetlərinin rəhbərlərinin dəyişdiriləcəyi gözlənilir. Özəl universitetlər isə daha çox başqa formada nəzarətə alınacaq. Qeyd edək ki, bir müddət əvvəl açıqlanan rəsmi məlumata görə, 2012-2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 145584 nəfərdir. Bunun 112129 nəfəri Bakıdakı ali təhsil müəssisələrinin payına düşür. 2012-2013-cü tədris ilində orta ixtisas məktəblərində oxuyan tələbələrin sayı 55954 nəfərdir. Onların 26650 nəfəri Bakıda təhsil alır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button