Xəbərlər

4 ayın əsgəri tokvurmadan ölüb, yoxsa öldürülüb?

Valideynlər bunun təsadüfi hadisə olmadığını deyir

Tural Qazıyev ölümündən bir gün əvvəl ona təcili zəng edilməsini istəyib25 avqustda orduda bu ilin 63-cü əsgəri vəfat edib. O, 1993-cü il doğumlu, Zəngilan qaçqını Tural Qazıyevdir. Müdafiə Nazirliyi 4 aydır qulluq edən əsgərin elektrik cərəyanı vurmasından vəfat etdiyini “Azadlıq” radiosuna bildirib. Əsgərin valideynləri isə bunu ehtiyatsızlıq kimi qəbul etmir.

Öz evindən götürülməyən əsgər…

Nizami rayonu, Heydər Əliyev parkının yanında salınan yas çadırı mərhumun burada yaşadığı təsəvvürünü yaradır, amma belə deyil. Ailə kiçik bir evdə kirayə qaldığına görə mərhum əmisinin evindən götürülür. Əsgərin anası Cəmilə Qazıyevanın mərsiyə deməkdən səsi tutulub, dizlərində isə dırnaqları ilə şırım açıb. Boğuq səslə oğlunun öz əcəli ilə ölməsinə inanmadığını deyir. “25 avqustda günorta saat 3-də zəng elədilər ki, Turalın vəziyyətində problem var. 10 dəqiqə çəkmədi, dedilər ki, rəhmətə gedib. Bizə söz verdilər ki, meyiti 1 saata gətirəcəyik. Gecə saat 4-də gətirdilər. Yoldaşım meyiti açıb. Uşağın başı və ayağının altı partlayıb. Üzündə və qolunda cızıqlar var.

Elə bil uşağı toka tutublar, partlayana qədər gözləyiblər”.

Valideynlər sonuncu dəfə əsgərin yanına gedəndə işçilərə 200 manat paylayıblar

4 ayın əsgəri 3 ayını Bakıda xidmət çəkib, bir ay isə Mingəçevirdə. Ayağında yara olduğuna görə bir həftə kazarmada yatılı müalicə alıb. Amma oradan narazılıq edib, zabitlərə uyğunlaşmadığını deyib. Bir həftədən sonra onu əsgərlərin yanına qaytarıblar və həmin gün də ölüm xəbəri gəlib. “Iki həftə əvvəl uşağımın yanına getdim. Atası komandirə 100 manat pul verdi ki, uşağa yaxşı baxsın. Komandir özü də gəldi mənə dedi ki, ”xala, sənə halal olsun ki, sən uşağına belə tərbiyə vermisən”. 50 manat gizirə verdim, qalan 50 manatı da onlara nəzarət edən başqa adama. Ordan çıxanda gördüm ki, uşaq arxamızca baxıb ağlayır”.

Son zəng…

Tural Qazıyev 2 il yarım kulinariya fakültəsində təhsil alıb. Fakültəni qırmızı diplomla bitirib. Əsgərliyə gedəndə mətbəxdə aşbaz işləyib. “Ölümündən bir gün əvvəl mənə zəng elədi ki, mama, mənə təcili zəng vur. Mənim də telefonuma zəng gəlir, amma mən zəng edə bilmirəm. Bir adam tapmadım ki, nömrəni verəm zəng eləsin. Səhərisi uşağın ölüm xəbərin verdilər”.

Mərhum əsgərin atası Eldar Qazıyev deyir ki, meyit gətiriləndən sonra o, müstəqil ekspertiza çağırıb. Onlar da əsgəri elektrik cərəyanının vurduğunu təsdiqləyiblər. “Ət maşını 380 voltla işləyir. ”Rubilniki” vurublar qısaqapanma olub və onun əli maşında olduğuna görə cərəyan vurub. Üzündə, qolunda çatlar var idi. Soruşdum ki, bəs bunlar nədir? Dedilər, cərəyan vurub atıb kənara, ona görə üzü, qolu cızılıb”.

Əsgərin anası şikayətlənir ki, oğlunu elektrik cərəyanı vurmuşdusa, niyə onlara xəbər verilmədən yarıblar. “Ətçəkən maşını qoşursan işləyir, niyə onu tok vurmalıdır? Niyə tok açıq olmalıdır? Sən nəzarət eləməlisən, sonra əsgərini ora buraxmalısan. 500 nəfər əsgərin bir aşbazı var? Uşaq yıxılıb ölüb, sonra duyuq düşüblər ki, bu ölüb. Biri deyir oğlum mətbəxdə tək olub, bilməyiblər, mayor da deyir ki, o biri uşağı da tok vurub, amma o ölməyib. Yiyəsiz ölkəyik”.

“O istinin günündə əsgərlərin köynəklərin çıxardıblar, əllərinə remen alıb uşaqları çırpırlar, qaçırdırlar”.

Cəmilə Qazıyeva deyir ki, sonuncu dəfə oğlunu görməyə gedəndə 8-9 əsgəri yarıçılpaq şəkildə söyüş söyərək qaçırdıqlarını görüb. Bunu çəkmək istəsə də yoldaşı razı olmayıb. “O istinin günündə əsgərlərin köynəklərin çıxardıblar, əllərinə remen alıblar uşaqları çırpırlar, qaçırdıllar. Söyüş də söyürdülər. Ərimə dedim ki, get onlara de ki, eləməsinlər, səhər sənin uşağına da elə edəcəklər. Imkan vermədi bunu çəkəm. Kaş çəkərdim ki, Ilham Əliyev, bax, sənin əsgərlərinə nə edirlər. Onlar üçün əsgər qarışqadır, tapdaladın, öldü”.
Əsgərin anası deyir ki, oğlunu erməni vursaydı, bu onu yandırmazdı. “Axı mənim oğlum bu ölkənin vətəndaşıdır. Sovet dövründə əsgər gedənlər ölmürdülər. Rus bizim əsgərlərimizi sağ-salamat özümüzə qaytarırdı”.
Qazıyevlər ailəsinin iki oğlu var. Böyük oğlan hərbi xidmətini bitirib. Tural evin balacası olub. Atası oğlunun ölümünüdən bir gün əvvəl onunla danışıb. Soruşub ki, ona göndərdikləri 10 manat çatıb, ya çatmayıb. Əsgər deyib ki, sabah pulu götürəcək. Amma sabah onun ölüm xəbəri verilib. “Müdafiə Nazirliyinə gedib Səfər Əbiyevlə görüşəcəm. Kim günahkardır, cəzalandırılmalıdır”- Eldar Qazıyev deyir.
Əsgərin anası Turalı necə əziyyətlə böyütdüyündən danışır. O, şadlıq sarayını süpürməklə, göyərti satmaqla uşaqlarını böyüdüb. “Mən onu kirayələrdə saxlamışam. Onlara haram çörək yedirtməmişəm”.
Gecə əsgərin meyitini gətirəndə qadın hərbi hissənin işçisi ilə dalaşıb. “Oğlumu gətirəndə hamısı zeytunluğa keçib gizlənmişdi. Getdim ki, biri telefonla danışır, əlindən telefonu çəkdim, qoymadı yerə atam. Dedim görürsən, sən bir telefonun qədrin bilirsən, amma mənim 20 yaşlı uşağım gedib…”.
Əsgərin qardaşı deyir ki, sonuncu dəfə qardaşını görməyə gedəndə hərbi hissə komandirindən qardaşını müvəqqəti evə buraxmasını xahiş edib. Amma komandir deyib ki, “seçki öncəsidir, gedib nəsə edər, olmaz”. Sonucda əsgərin meyiti gəlib.

Aydınlıqdan qaranlığa…

Həyətə düşürük və orada hərbi hissənin komandiri Məmməd Tağıyev suallarımıza cavab verməkdən yayınır. Əsgərin cərəyan vurması nəticəsində vəfat etdiyini deyir. Amma başvermə şəraitini anlatmır. Deyir ki, bu, istintaq sirridir. Komandir hadisə ilə bağlı cinayət işinin açıldığını, amma hansı maddə üzrə iş aparıldığını bilmədiyini deyir. Bu vaxt mərhum əsgərin anası Cəmilə Qazıyeva hərbi hissə komandirinə etiraz edir. “O uşaq mühəndis idi onu tok vura? O öz əcəli ilə ölən uşaq deyil. Bu, qurulmuş şəraitdir. Mən sənə sağlam uşaq vermişəm, ölü uşaq verməmişəm. Hələ ürəyiniz soyumayıb, ortadan bölmüsünüz. Siz də bölünəcəksiniz. Hökumət ölməyib, Ilham Əliyev durur. Mən də qanunla müraciət edəcəm, olmasa, bilirəm nə edəcəm sizə. Qana qandır. Onun anası ölməyib. O uşağı toka vurub atıblar kənara. Mənim uşağım 1 ay 10 gün deyil orada xidmət edib. Deyirsən, bir saata gətirib meyitin verəcəm. Gecə 4-ə meyiti gətirib çıxarmısan. Niyə gecikdirirdiniz? Mənimlə düşmənçiliyiniz var? Qulağını aç eşit, o qan yerdə qalmayacaq. Mənim uşağımın təqsirkarı kimdir, onu tutun. Mən anayam axı… Sənin balan ölsə dözərsən?”. Komandir səssizcə dayanaraq qadının dediyi sözlər qarşısında başını tərpədib təsdiqləyir. Boynunu bükən təkcə komandir deyil, həm də mərhum əsgərin atası Eldar Qazıyevdir. O, uzun müddət elektrik mühəndisi işləyib. Işlədiyi müddətdə evi qaranlıq olanları aydınlığa çıxarıb. Amma onun evi bu gün qaranlıq idi.

http://www.haqqyolu.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button