ArxivIslamXəbər lentiXəbərlər

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasından Azərbaycan hesabatı

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanla bağlı 2018-ci ilə dair hesabat yayıb.
“Amerikanınsəsi” portalının yaydığı hesabatda deyilir ki, keçən ildə Azərbaycan hökuməti ABŞ və beynəlxalq icma ilə dini və inanc azadlıqları mövzularında müzakirələr aparmaq üçün bir sıra müsbət addımlar atsa da, dini azadlıq şəraiti önəmli ölçüdə yaxşılaşmayıb. Belə ki, il ərzində yerli polis qüvvələri qeydiyyat tələblərinə və dini ədəbiyyatın hazırlanmasına, əldə olunmasına və yayılmasına qoyulmuş müxtəlif məhdudiyyətlərə riayət etməyən dini icmaları incitməyə, tutmağa, cərimələməyə və onlara qarşı reydlər keçirməkdə davam edib.
Hesabatda həmçinin qeyd edilir ki, 2018-ci ilin iyulunda Gəncənin icra hakimi başçısına qarşı sui-qəsd cəhdinə və polis əməkdaşının öldürülməsinə görə “dini radikallar” məsul hesab edilib.
“Gəncədə nə baş verdiyini tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, insan haqları fəalları siyasi müxalifləri sıxışdırmaq və İslami terrorçuluq qorxularını artırmaq üçün hökuməti müxtəlif hadisələrdən bəhanə kimi istifadə etməkdə günahlandırdılar.”
Hesabatda həmçinin vicdan məhbusları mövzusuna da toxunulub. Qeyd edilib ki, qeyri-hökumət təşkilatları (QHT-lər) 68 vicdan məhbusu – bunlardan çoxu Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləridir – hələ də dini səbəblərlə Azərbaycanda məhbəs həyatı yaşadıqlarını bildiriblər. 2018-ci il ərzində “sistemli və əhatəli” işgəncələrin davam etdirilməsi, xüsusilə Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı belə işgəncələrin tətbiq olunması iddiaları irəli sürülüb.
Müsbət inkişafa nümunə olaraq, hesabatda dörd qeyri-müsəlman dini cəmiyyətin dövlət qeydiyyatına alınması göstərilib.
Bu şərtlər əsasında 2019-cu ildə USCIRF Beynəlxalq Dini Azadlıq Aktı (IRFA) çərçivəsində “xüsusi narahatlıq doğuran ölkə” statusunun “sistemli, mütəmadi, bərbad” standartının ən azı birinə uyğun şəkildə dini azadlığı pozmasına və ya buna göz yummasına görə yenidən Azərbaycanı 2-ci Qrupa salıb.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası hər il dünya ölkələrində dinin durumu ilə bağlı dövrü hesabatlar hazırlayır.
Azərbaycanın rəsmi qurumları hesabata hələ münasibət bildirməyib.
AZƏRTAC Dövlət Agentliyi isə “Amerikanınsəsi”ndən yayımlanmayan bir xəbərlə diqqət çəkir. Belə ki, dövlət agentliyinin məlumatına görə,  ötən illərdə olduğu kimi, bu il də hesabatda Azərbaycana dair bəzi qeyri-obyektiv məqamlar öz əksini tapıb. Lakin, əvvəlki illərdən fərqli olaraq, Komissiyanın 9 üzvündən biri, Xristian Liderləri Konqresinin sədri, yevangelist icmasını təmsil edən Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.
“Coni Mur Azərbaycanın məhz dini tolerantlığa görə tanındığını, burada müxtəlif məzhəblər və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində, tam azad və təhlükəsiz şəraitdə birgə yaşayıb, ibadət etdiklərini vurğulayıb. O, hökumətin dini azlıqlarla məşğul olan beynəlxalq qurumların müraciətlərinə çox məsuliyyətlə yanaşdığını müşahidə etdiyini bildirib. Həmçinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərə alaraq, dini azlıqlarla məşğul olan beynəlxalq qurumların hökumətin zorakı dini ekstremizm və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı olduqlarını vurğulayıb. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib.
C.Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCİRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.
Məlumat üçün qeyd etmək istərdik ki, C.Mur ötən ildə ABŞ-dan gələn bir qrup dini xadimlərin tərkibində ölkəmizdə səfərdə olub və bilavasitə yerində mövcud vəziyyətlə tanış olmaq imkanı əldə edib.” – AZƏRTAC əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button