ArxivXəbərlər

ABŞ-dan Əliyevləri təşvişə salan qərar

ATƏT-in Bakıdakı toplantısında Rusiya əleyhinə qətnamənin qəbulu planlaşdırılır.

ATƏT-in Bakıda keçiriləcək 23-cü sessiyasında Rusiyaya qarşı qətnamə qəbul edilə bilər. ABŞ sessiyada müzakirə olunmaq üçün gözlənilməz təkliflə çıxış edib.
ABŞ senatoru Benjamin Kardinin Rusiyanın Ukraynaya qarşı siyasətini ittiham edən qətnamə layihəsi də müzakirə olunmaq üçün ATƏT-in iyunun 28-də işə başlayacaq və iyulun 2-nədək davam edəcək illik toplantısının gündəliyinə daxil edilib. “Modern.az”ın məlumatına görə, amerikalı senator ATƏT-in Bakı iclasında Rusiyanı 1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozmaqda ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.
Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır. Sənəddə “suverenlik hüququna hörmət”, “güc tətbiqinin yolverilməzliyi”, “ölkənin ərazi bütövlüyünün tanınması, mübahisələrin dinc yolla tənzimlənməsi, ölkənin daxili işlərinə qarışmamaq və insan haqlarına hörmət” tezisləri əks olunub.
Qətnamə layihəsində ATƏT üzvlərindən Krımda keçirilmiş referendumun qeyri-legitimliyinin tanınması və bu anneksiyaya etiraz, buna görə ATƏT-in Rusiyanı ittiham etməsi tələb olunur. Sənəd ATƏT-in Bakıda keçiriləcək sessiyasında səsverməyə çıxarılacaq.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti də sessiyada iştirak etmək üçün Azərbaycana gələcək.
Moskva bu qətnamə layihəsindən ciddi narahatlığını ifadə edib. Rusiyanın ATƏT-dəki fövqəladə və səlahiyyətli səfiri Vasili Lixaçov sənədi “yalançı və qeyri-obyektiv” adlandırıb: “Bu qətnamə layihəsi ilə ATƏT müstəvisində anti-Rusiya internasionalı yaratmaq istəyirlər. Hazırda üzv ölkələrlə bu barədə danışıqlar gedir”.
Səfir etiraf edib ki, Bakıdakı iclasda Rusiya nümayəndə heyətini çox çətin vəzifə gözləyir: “Ruslar ATƏT üzvlərinin Rusiya əleyhinə çıxışına qarşı mübarizə aparmalı olacaqlar”.
Qeyd edək ki, ATƏT-in illik toplantısının Bakıda təşkili üçün Azərbaycan tərəfi təşəbbüs göstərib və bu barədə bir müddət əvvəl ATƏT Parlament Assambleyasına yazılı müraciət olunub. Amma proseslərin gedişi göstərir ki, Azərbaycan hökuməti bu addımına görə peşman ola bilər.
Azərbaycan hökuməti heç bir halda, Rusiya ilə münasibətləri korlamaq istəmir. Təbii ki, belə olan halda, sözügedən qətnamə layihəsinin müzakirəsi də nəinki rəsmi Bakının ürəyincə deyil, hətta hökuməti çox ciddi şəkildə narahat edir. Çünki söhbət Bakıda Rusiya əleyhinə qətnamənin qəbulundan gedir. Başqa sözlə, Azərbaycan hökuməti Rusiyaya qarşı açılmış cəbhədə yer almış olur.
Yadınızdadırsa, bugünlərdə NATO Parlament Assambleyasının Bakıda keçirilən “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında da bənzər qalmaqal yaşanmışdı. Həmin tədbirdə Qərbin bir sıra ekspertləri, parlamentarilər çıxışlarında Rusiya əleyhinə fikirlər səsləndirərək, Putinin Ukrayna ərazilərini ələ keçirmək siyasətini tənqid etmişdilər. Azərbaycan hökumətinin təmsilçiləri, deputatlar bir neçə bu cür çıxışa dözsələr də, NATO Parlament Assambleyası prezidentinin eyni səpkili çıxışı sanki onların “səbr kasası”nı daşırdı. Bakıdakı tədbirdə anti-Rusiya ovqatı hökuməti həyəcanlandırmışdı. Ona görə də Azərbaycan rəsmiləri dərhal ABŞ-a və NATO-ya qarşı hücuma keçdilər, onların ünvanına çox kəskin ittihamlar səsləndirdilər. Məsələn, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov Liviya, Iraqda baş verənlər, həmçinin Yuqoslaviyaya hücuma görə ABŞ-ı tənqid edib, bunu “vicdansızlıq” adlandırıb. O, eyni zamanda, Qərbin Rusiyaya qarşı sanksiyalarını “ikili standartlar” kimi dəyərləndirib.
Şübhəsiz ki, bu, Azərbaycan hökuməti tərəfindən, tədbirdə yaranmış anti-Rusiya ovqatına anti-Qərb çalarları qatmaq, vəziyyəti neytrallaşdırmaq cəhdilə yanaşı, həm də Putinlə münasibətlər baxımından özünüsığorta məqsədi daşıyırdı.
Rusiya əleyhinə fikirlərin səslənməsindən belə həyəcanlanan Azərbaycan hökumətinin ATƏT-in planlaşdırılan tədbirilə bağlı narahatlığını təsəvvür etmək çətin deyil. Nəzərə almaq lazımdır ki, NATO-nun seminarında sadəcə, ayrı-ayrı şəxslərin dilindən tənqid səslənirdi, amma ATƏT-in toplantısında Rusiya əleyhinə konkret qətnamənin qəbulu gözlənilir. Görəsən, Azərbaycan hökuməti vəziyyətdən necə çıxmağı planlaşdırır?!/azadlıq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button