ArxivSosialXəbər lentiXəbərlər

XİN-də növbəti qalmaqallar

Sirr deyil ki, Sovet İttifaqı dağıldıqdan sonra onun xaricdəki bütün sərvətləri ilə yanaşı DTK agentlərinin də çoxu varisi Rusiyanın ixtiyarına keçdi. Rusiya xüsüsilə keçmiş sovet respublikalarında DTK-dan qalma agentləri vasitəsilə öz siyasətini yeridir. Onlardan bir çoxu həmin respublikalarda yüksək vəzifələr tutur.

Müstəqliiyin ilk illərində xarici siyasət sahəsində kadr çatışmamazlığı, XİN sisteminin vaxtilə xaricdə çalışmış diplomat, tərcüməçi və digər mütəxəssislərinə ehtiyacı Rusiya kəşfiyyat orqanlarının imkanlarını daha da artırdı.

Azərbaycanın xarici işlər nazirliyində xeyli sayda sovet DTK-sı zamanindan qalma agentlərin dərin kök atması və nazirliyi faktiki nəzarətdə saxlamaları daim açıq sirr olub. Azərbaycanın dövlət kimi taleyini düşünənləri bu məsələ həmişə narahat etsə də indiyədək vəziyyət dəyişməz qalıb və daha da təhlükəli vəziyyətə keçib. İlk illərdə bu agentlər ehtiyatlı olmağa çalışırdılarsa, 2004 və sonrakı illərdə ölkədə baş verən kadr dəyişikliklərindən (E.Məmmədyarov, E.Mahmudov, S.Şərifov) sonra açıq-aydın hücüma keçmələri müşahidə olunmuşdur.

Azərbaycanın rus kəşfiyyatına işləyən ən yüksək vəzifəli diplomatı olaraq ilk dəfə qərb mətbuatında ölkənin 1994-2001-ci illərdə BMT-dəki daimi nümayəndəsi olmuş Eldar Quliyevin adı çəkilib. Rusiyanın BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən kəşfiyyat xidmətinin rəhbərinin keçmiş müavini, sonradan ABŞ-ın tərəfinə keçmiş Sergey Tretyakov amerikalı jurnalist Pit Erli ilə 2008-ci ildə birlikdə yazdığı kitabında Eldar Quliyevin hələ universitet illərindən DTK-nın, sonradan isə rus kəşfiyyatının agenti olduğunu bildirib. O zaman XİN-in mətbuat xidmətinin rəhbəri, hazırda Azərbaycanın NATO-dakı nümayəndəsi Xəzər İbrahim bu məsələ ilə bağlı “XİN-də Eldar Quliyev adlı diplomat yoxdur” deyə qəribə bir ifadə işlətmişdi.

Lakin həmin vaxt heç kimin diqqətini cəlb etmədi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmdyarov 1993-1995-ci illərdə məhz Eldar Quliyevin rəhbərliyi altında Azərbaycanın BMT-dəki nümayəndəliyinin birinci katibi olub. Bundan əvvəl isə o, sovet dövründə Azərbaycan SSRİ-nin xarici işlər nazirliyinin əməkdaşı olub. İttifaq respublikalarının xarici işlər nazirliklərinin birbaşa DTK-nın nəzarətində olmaları isə heç kimə sirr deyil. Bundan əlavə Məmmədyarovun qardaşının Rusiya vətəndaşı olduğu bildirilir.

XİN-də ailə üzvlərindən hansınınsa xarici ölkə vətəndaşı olması səbəbindən guya təhlükəsizlik mülahizələrinə görə bir çox diplomatlara problemlər yaşadılması, onların səfirliklərə işləmək üçün göndərilməmələri halları nazirlikdə hamıya məlumdur. Lakin Rusiya ilə birbaşa bağl şəxslər, hətta bu ölkənin vətəndaşlığını saxlayanlar XİN-də və səfirliklərdə ən yüksək vəzifələri tuturlar. Məsələn Qüdsi Osmanov uzun illər Azərbaycanın Sankt-Peterburqda baş konsulu olub, hazırda isə Molddovada səfirdir. Rusiya hakimiyyət orqanları onun Sankt-Peterburqda Azərbaycan diasporu ilə münaqişəsi zamanı müəmmalı şəkildə Q.Osmanovun tərəfin saxlayaraq lazımi sənədlərlə təchiz etmişdilər. Bu, əslində başqa dövlətin diplomatik nümayəndəliyə aid bir məsələyə müdaxiləsi, deməli diplomatik etiketə zidd bir hərəkət idi. Belə “yaxşılıq” isə məlumdur ki, əvəzsiz edilmir.

Nazir Məmmədyarovdan başqa XİN-in digər rəhbər vəzifəli şəxsləri və Azərbaycanın çox sayda səfirləri bu və ya digər formada keçmişdə DTK və hazırda Rusiyanin hakimiyyət və başqa qurumları ilə sıx bağlıdır.

Bir müddət əvvəl mətbuatda qərbin tərəfinə keçmiş digər sabiq DTK zabiti Yuri Şvets Ukraynanın Qordon xəbər agenrliyinə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifovun üç ölkənin- Rusiya, Türkiyə və ABŞ kəşfiyyatlarına işlədiyini və onun buna cəlb edilməsində Azərbaycan xarici işlər naziri Xələf Xələfovdan istifadə edildiyini bildirmişdi.

Xarici işlər nazirinin başqa müavini Mahmud Məmmədquliyevin də rəsmən DTK polkovniki olması çoxdan məlumdur.

Nazir müavini Nadir Hüseynov da DTK-çı ailəsindəndir və uzun müddət bu qurumla bağlı strukturların əməkdaşı olub.

Azərbaycanın xaricdəki səfirlərinin çoxu da sovet dövründə xaricdə birbaşa DTK-nın nəzarəti altında olan SSRİ-nin nümayəndəliklərində çalışmış şəxslərdən ibarətdir. Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri olmuş Elman Araslı SSRİ-nin Misir və İraqdakı ticarət nümayəndəlyinin, daha sonra səfirliyinin əməkdaşı olub. O, “Otuz il Yaxın Şərqdə” adlı avtobioqrafik kitabında açıq etiraf edib ki, Azərbaycan müstəqil olduqdan sonra xarici işlər naziri vəzifəsini tutmuş Tofiq Qasımovun sovet dövründə bir çox şəxslərin DTK ilə bağlılığı ehtimalı səbəbindən XİN-də işə götürülməsinin əleyhinə çıxması onu bərk hiddətləndirib. İşlədiyi dövrdə maraqlı açıqlamalarda bulunan E.Araslı daxil olmuş bir məlumat barədə rus dilində qeyri-ixtiyari əvvəlcə “təcili Moskvaya məruzə etmək lazımdır”, deyib, sonra isə tez sözünü düzəldərək “Moskva” sözünü “Bakı” ilə əvəz edib.

Azərbaycanın hazırda İordaniyadakı səfiri Sabir Ağabəyov, Əlcazairdəki səfiri Mahir Əliyev, Azərbayvandan İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Aqşin Mehdiyev, Türkmənistandakı keçmiş səfiri Vəhdət Sultanzadə, BMT-dəki səfiri Yaşar Əliyev, Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev, İsveçrə, Pakistan, Moldova və Belarusda səfiri olmuş İsfəndiyar Vahabzadə, Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və başqa bir çox indiki və keçmiş səfirlər sovet dövründə DTK nəzarətində olan SSRİ-nin xarici qurumlarının əməkdaşları olublar. Belə şəxslərin isə demək olar avtomatik agentə çevirilmə potensialını keçmiş DTK zabitləri Tretyakov və Şvets qeyd etmişlər.

Azərbaycanın Özbəkistandakı indiki səfiri Hüseyin Quliyev isə rəsmi əməkdaşı olduğu sovet DTK-sı tarixə döndükdən sonra da fəaliyyətini Rusiyanın federal təhlükəsizlik xidmətində davam etdirib. Daha sonra bu şəxs nazir Elmar Məmmədyarov rərəfindən Azərbaycanın xarici işlər nazirliyinin məxfi məlumatların saxlanildığı idarəsinin rəhbəri təyin olunub. Beləliklə, Azərbaycanın xarici siyasət idarəsinin gizli məlumatları əvvəlcə sovet DTK-sı, sonra isə rus kəşfiyyatının rəsmi əməkdaşının ixtiyarında olub.

Qeyd edək ki, bir çox səfirlər digərlərindən “zirək” tərpənərək rəhbərləri olduqları səfirliklərin saytlarına öz tərcümeyi-hallarını yerləşdirməyiblər. Lakin XİN-dəki vətənpərvər şəxslər rəsmi sənədlər əsasında onların sovet-DTK keçmişini təsdiqləyiblər.

Azərbaycanın səfirlərinin Rusiyanın xaricdəki şirkətləri ilə də əməkdaşlıq etmələri haqqında da məlumatlar var. Misirdəki keçmiş səfir Şahin Abdullayev əvvəllər Rusiyanın “Lukoyl” neft şirkətinin həmin ölkədəki nümayəndəliyinin əməkdaşı olub.

Son vaxtlar haqqında çoxsaylı korrupsiya ittihamları ilə gündəmə gələn Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun Rumıniyada səfir olduğu vaxtlarda “Lukoyl”un bu ölkədəki təmsilçiliyi ilə əlbir olaraq Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniyadakı nümayəndəliyinə qarşı bəzi rumın qəzetlərində rüşvət verərək məqalələr yazdırması barədə faktlar mövcuddur.

Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi, keçmiş milli təhlükəsizlik nazirinin müavini Fuad İskəndərovun da Rusiya ilə bağlı şəxs olmasi barədə onun hələ Hollandiyada səfir olduğu vaxtlarda mətbuatda məlumatlar gedib.

Yeni vəzifəyə təyin olunan gənc səfirlərin və ya idarə rəislərinin də Məmmədyarov, Xələfov tərəfindən “verbovka” olunduqları və ya digər formada onların nəzarətinə keçmələri fərz olunur.

Bütün bu faktlar son illər dalbadal korrupsiya qalmaqalları burulğanında qalmış XİN-in həm də faktiki olaraq başqa bir dövlətin agentlərinin ixtiyarında qaldığını sübut edir. Azərbaycan dövləti üçün çox təhlükəli “xəstə adam” halına düşmüş xarici siyasət idarəsini təcili təmizləmələrlə müalicə etmək təxirəsalınmaz zərurətə çevrilib. Əks halda istər Azərbaycan dövləti üçün həlli həyati dərəcədə vacib Dağlıq Qarabağ problemində, istərsə digər xarici siyasət məsələlərində çıxılmaz vəziyyət və problemlər dərinləşməkdə davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button