ArxivXəbər lentiXəbərlər

Təbriz səfərindən mənə qalanlar: dostlar və ölməyən insanlığın sübutu – FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan media nümayəndələri Təbrizə üç günlük səfər etmişdilər. Səfərin məqsədi gələn il üçün İslam mədəniyyəti və turizm paytaxtı elan olunmuş Təbrizlə tanışlıq idi. 2018-ci ildə bütün İslam dünyasının diqqəti Təbrizə yönələcək. 2019-cu ildə isə bu estafeti Azərbaycan davam etdirəcək.

Səfərdə FaktXəbər-i də baş redaktor olaraq mən təmsil edirdim.

Səhər saatlarında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin konsulluq binasından yola çıxdıq. Təxminən 2 saat sonra ölkəmizin Biləsuvar sərhəd qapısında idik. Gömrük əməkdaşlarımız bizi tez yola salsalar da, İran gömrüyündə 1 saata yaxın ləngidik. Buna səbəb isə uzun növbə və bu növbənin yaranmasına səbəb olan gömrük əməkdaşları idi. 4 gömrük postu olmasına baxmayaraq, sadəcə 1 nəfər işləyirdi. O da aradabir yanındakı qohumu ilə danışır, bəzən də vatsapla yazışırdı, qəfildən isə iş başında olduğunu yada salıb, pasportlara baxırdı.

Nəhayət, bizi gözləyən heyətlə görüşdük. Heyətimizi “Təbriz xəbər” qəzetinin baş redaktoru Həmid Xosroşahi, “Şəhriyar nyus” saytının baş redaktoru Əli Abbasi və bizi Təbrizə dəvət edən yeni Bələdiyyə sədri Məhəmməd Hüseyn İraqinin mətbuat katibi Naqi Farsbaf qarşıladı.

Biləsuvar sərhəd keçid məntəqəsinin düz qarşısında hər kəsi belə bir şüar yazılmış blakat qarşılayır: Amerika arxadan xəncər vurur.

Bizi İran istehsalı olan “Hyundai” markalı VİP avtobus gözləyirdi. 7 saatlıq yolumuzun böyük qismi kəndlərdən və əkin tarlalarından keçdi. Göz işlədikcə hər yeri əkin üçün yararlı hala gətirmiş və damcılı suvarma sistemi ilə təmin etmişdilər.

Avtobus sürücüsünün məsuliyyətsizliyi bizi bir qədər də yubatdı. Belə ki, Savalan dağının ətəklərindən keçərkən qəfildən avtobusu sağa çəkdilər, yanacaq qurtarmışdı.

Yolun sağında, dağın döşündə 15-20 evi olan bir kənd, solundakı dərədə isə alma bağları var idi. Gözəl fürsət yaranmışdı. Sürücülərdən biri taksiyə oturub, 25 km aralıda yerləşən yanacaqdoldurma məntəqəsinə getdi. Onun gedib qayıtması ən azı 1 saat çəkəcəkdi. Qərara gəldim ki, yaxınlıqdakı kənd sakinləri ilə söhbət edim. Məni kənd yolunda ilk qarşılayan hər canlıdan ayıq qazlar oldu. Sanki yuxarı xəbər verirdilər, gələn var deyə. Düşündüyüm kimi də oldu. Təxminən 100 metr sonra itlərin başını gördüm və kəndlilərlə söhbət arzum da itdən qorxmağımın güdazına getdi.

Geri qayıtmağa qərar verdim. Bu dəfə isə yol kənarında dayanıb, gələn yük maşınlarına əl etməyə başladım, bəlkə yanacaq verərlər deyə. 2 maşın keçdi, üçüncüsü əl etmədən saxladı. Adanaya düyü aparırdı. Əlüstü qiymətini də soruşdum. Bakıda 6 AZN-dən aşağı tapa bilmədiyimiz plov düyüsü 60 qəpik idi. Sürücünün adı Cavad Bozorqi idi. Nə əcəb saxladınız deyə sual etdim, cavabı sevindirici oldu. “Bayaq siz yeməyə dayanan restoranda mən də dayanmışdım. Söhbətlərinizdən başa düşdüm ki, Azərbaycandan, Bakıdan gəlmisiniz. Burada isə dayanmaq, ancaq qəza və yanacağa görə ola bilərdi. Ona görə də dayanıb yardım etmək istədim”, – deyə bildirdi Bozorqi.

Verdiyi 30 litrlik yanacağın pulunu da almadı, “dua edin, savabı mənə bəsdir” söylədi.

…Və Təbriz şəhəri. Gecə çatdıq. Küçələrdə sıxlıq idi. Güman edirəm ki, bu sıxlıqlara səbəb də İran yollarındakı xaotik hərəkətdir. Demək olar ki, hamı burada maşını “inşallah dəyməz” prinsipi ilə idarə edir. Yəni maşın sürmək və piyada zolağından yol keçmək hünər istəyir.

Dörd ulduzlu “Tabriz İnternational” otelində bizim üçün yer ayırmışdılar. Nömrələrimizə qalxıb, yerləşdikdən sonra şam yeməyinə düşdük. “İsveç stolu”, ardınca isə sifariş etdiyimiz Farel balığı. Bununla da səfərimizin ilk günü başa çatdı.

Onu da qeyd etmək yerinə düşərdi ki, qalxığımız oteldə Türkiyə və Avropa vətəndaşları da kifayət qədər idi.

Səfərin ikinci günü heyətimizi Təbriz Bələdiyyəsinin sədri Məhəmməd Hüseyn İsaqi qarşıladı. O, bir neçə dəfə Azərbaycana səfər etdiyini və yüksək təəssürata malik olduğunu söylədi. Görüşdə iştirak edən Təbriz İslam Şurasının sədri Şükür Əkbərnejad da bildirdi ki, 2018-ci üçün İslam mədəniyyəti və turizm paytaxtı elan olunmuş Təbriz və 2019-cu il üçün isə Bakının bu ada layiq görülməsi böyük əhəmiyyət kəsb edir və bu işdə media nümayəndələrinin qarşılıqlı əməkdaşlığı böyük əhəmiyyət daşıyır.

Bu görüşün ardınca isə Mədəni irs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəzdə olduq. Bura həmçinin “Təbriz 2018” üçün yaradılmış beyin mərkəzi hesab edilir. Bizi mərkəzin rəhbəri Murtaza Abdar qarşıladı. O bildirdi ki, Azərbaycanın son illərdə turizm sahəsində nəzərə çarpacaq dərəcədə irəliləməsini nəzərə alaraq bu ölkənin mediası “Təbriz 2018”in təbliğ və tanıtımında böyük rol oynaya bilər: “Və nəzərə alsaq ki, Bakı 2019-cu ilin İslam ölkələrinin turizm paytaxtı kimi seçilib, Təbriz mətbuatı da bu məsələdə təbliğ və tanıtım işlərini öz üzərinə götürə bilər.”

Daha sonra heyətimiz “Saat meydanı” binasını gəzdik. Bu bina həmçinin meriyanın binasıdır. Binanın həyəti həm istirahət parkıdır, həm də burada Təbrizin xalça muzeyi yerləşir. Binanın giriş qapısına yaxın Təbrizin “Mersedes benz” markalı ilk taksisi də sərgilənir. Təbrizin YUNESKO siyahısına düşmüş örtülü bazarını, Heydərzadə evini və “Azərbaycan” muzeyini ziyarət etdi. Günortadan sonra isə Təbriz şairlərinin şeir məclisində olduq və böyük təəssüratla ayrıldıq.

Bura isə Şah İsmayıl Xətainin şahlıq taxtına seçildiyi 50 sütunlu tarixi Came məscididir.

Səfərin üçüncü günü Ali liderin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi, höccətulislam Seyid Məhəmməd Əli Haşim bizi qəbul etdi. O bildirdi ki, bəzi ölkələr bu iki ölkə arasında təfriqə salmağa çalışır: “Azərbaycandan xahiş edirik ki, düşmənlərin hiylələrindən agah olsun və aldanmasın. Media aləmi iki ölkəni daha da yaxın edə bilər, müştərək mədəniyyətin genişlənməsi və gücləndirilməsinə təsir göstərə bilər.”

Daha sonra Şərqi Azərbaycan Mətbuat Evinin idarə heyəti ilə də görüş  keçirildi. İdarə Heyətinin rəhbəri Əli Piruzməneş bildirdi ki, iki ölkə mətbuatı, xüsusən Bakı və Təbriz mediası arasında olan əlaqələr tarix, mədəniyyət, din və dil cəhətdən müştərək xüsusiyyətlərə malik olduqları üçün getdikcə genişlənəcək.

Bu tədbirdə söz alaraq bildirdim ki, Azərbaycan 30 ilə yaxındır Qarabağ kimi bir problemlə üzbəüzdür və bizə bu işdə media dəstəyi lazımdır. Biz də bu dəstə Təbrizin mətbuat nümayəndələrindən gözləyirik.

Daha sonra Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Rza Sumi ilə görüşdük. O, Təbrizin tibb tarixi haqda danışdıqdan sonra bildirdi ki, bu yaxınlarda yüksək ixtisaslı “Əz-Zəhra” xəstəxanası açılıb və Azərbaycandan gələn xəstələri burada qəbul etməyə hazırıq: “Mənim siz media nümayəndələrindən xahişim budur ki, həmvətənlərinizə bildirəsiniz, xəstəxanaya gələrkən dəllallarla gəlməsinlər. Dəllallar insanları özəl və ixtisasları olmayan şəxslərin yanına aparırlar, onlar da baha qiymətə, bəzən də düzgün olmayan müalicə işlərinə başlayırlar. Hər kəs ki, müalicəyə gəlmək istəsə, “Əz-Zəhra”ya üz tutsun. Xəstəxananın qarşısına da yazıb vurmuşuq, qiymətlərdən, həkimlərdən narazılığı olanlar oradakı əlaqə telefonuna zəng vursunlar. 24 saat onların şikayətini qəbul etməyə və həll etməyə hazırıq.”

Baş çəkdiyimiz məkanlardan biri də Qacarlar muzeyi oldu. Bu mezeydə ən çox diqqətimi cəlb edən isə Fatma Mehrəliyevanın “Yeri dam üstə yeri” adlı səs yazısı olan patifon valı idi.

Səttarxan muzeyi və dahi şair Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi də böyük marağımıza səbəb oldu. Səttarxan muzeyində büstünü gördüyümüz “Zeynəb Paşa” ləqəbli inqilabçı xanımın necə biri olduğunu isə səfərimiz son günü baxdığımz tamaşa ilə bildik.

Günün sonunda Təbrizin turizm mərkəzlərindən olan “Eynalı dağı”nda olduq. Bu istirahət mərkəzi uzun müddətdir açılmasına baxmayaraq, son zamanlar tikinti işləri bir qədər də sürətləndirilib. Dağın ətəyindən zirvəsinə kimi bütün yol daşla döşənib. Bura əsasən axşam saatlarında insanlar axın edirlər. Şəxsi maşınlar zirvəyə buraxılmır. İdman etmək istəyənlər bu yolu piyada qalxırlar, digər şəxslər isə istəsələr ya kanatla, ya da bələdiyyənin kiçik tutumlu avtobusu ilə dağ başındakı əraziyə qalxırlar.

Səfərin son günündə bizi Təbriz Universitetinin rektoru Purmuhəmmədi və Təbriz meriyasının Mədəniyyət və İctimai Əlaqələr üzrə müavini Əhməd Heydəri qarşıladı. Purmuhəmmədi  bildirib ki, Təbriz Universiteti ölkənin ikinci ən böyük universitetidir və elmi araşdırmalar sahəsində Azərbaycan universitetləri ilə həmkarlığa hazırdır. O, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və İnşaat Mühəndisləri Universiteti ilə əməkdaşlıq etdiklərini bildirdi.

Yerli vaxtla axşam saat 11-də isə Təbrizdən ayrıldıq.

Səhər saatlarında Biləsuvar keçid məntəqəsində avtobusdan düşdükdən təxminən 20 dəqiqə sonra isə bildim ki, telefonumu avtobusda unutmuşam. Bizi düşürdükdən sonra gecə yorğunluğunu çıxmaq üçün yatmış sürücü isə telefonuna cavab vermədi. Bütün səfər qeydlərimin yazıldığı telefonun itməsi yaxşı olmadı. Buna görə bir qədər narahat oldum. Səfər təəssüratlarını yazmaq üçün bir qədər əziyyət çəkməli idim. Amma bu əziyyətə dəyərdi, çünki sürücü telefonu taparaq Təbrizdən olan həmkarlarımıza vermişdi.

Bu səfərdə iki şey qazandım: indiyə qədər sadəcə sifətdən tanıdığım, amma salam-kalamımız olmayan media dostları, digəri isə insanlığın ölmədiyinin sübutunu. Bir sürücü bizi yolda qoymadı, digəri isə tapdığı əşyanı sahibinə qaytarmaq üçün səy göstərdi.

Aqil Mehdi / Bakı-Təbriz-Bakı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button