ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Anasına 192 bıçaq vurmaqda ittiham olunan məktəblinin məhkəməsi: “Bu, bir adamın işi deyil”

Zərərçəkmiş tərəfin vəkili istintaqın obyektiv aparılmadığını deyir

Fevralın 10-da Bakıda yaşadıqları evdə anasını 192 bıçaq zərbəsilə qətlə yetirməkdə ittiham olunan məktəbli hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
2007-ci il təvəllüdlü Z.M. (yetkinlik yaşına çatmadığına görə ad-soyadı tam yazılmayıb-red.) Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur.
Bu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin Azərbaycanın cinayət qanunvericiliyinə görə, cinayət baş verərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı cəza verilə bilməz.
Zərərçəkmiş tərəfin vəkili hesab edir ki, bu cinayət işi istintaq zamanı ətraflı araşdırılmayıb.
Onun fikrincə, 1977-ci il təvəllüdlü Solmaz Mansurovaya 192 bıçaq zərbəsi vurmaq tək adamın işi deyil, cinayətdə başqalarının da rolu olub.
Vəkil noyabrın 14-də məhkəmə iclasında yenidən istintaq aparılması üçün cinayət işinin prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb.
Zərərçəkmişə 192 bıçaq zərbəsi vurulub. Bu, bir adamın işi deyil. Başqa şübhəli məqamlar da var. Hadisə baş verəndə təqsirləndirilən şəxslə yanaşı, iki bacısı da evdə olub. Onlar yetkinlik yaşına çatıblar. Bacılar evin müxtəlif yerlərində olan qan ləkələrini siliblər. Cinayətin izini itirməyə çalışıblar. Analarına kömək etməyiblər. Hadisənin intihar olması barədə yalan məlumat veriblər”, – zərərçəkmiş tərəfin vəkili bildirib.
Təqsirləndirilən şəxsin bacılarından biri Nərmin Mansurova qan ləkələrini silmələri haqda hakimlərin suallarını cavablandırarkən deyib ki, polisdən qorxduqlarına görə bunu ediblər.
Onun sözlərinə görə, qardaşı anasını onun “düz olmayan hərəkətlərinə” görə qətlə yetirib.
Digər bacı Nigar Mansurova ötən məhkəmə iclaslarından birində ifadə verərkən deyib ki, anası əsəbi idi, uşaqlarıyla tez-tez kəskin mübahisələri olurdu.
Solmaz Mansurovanın çalışqan olduğunu, səhər işə gedib, axşam gəldiyini deyən qızının sözlərinə görə, anası əsəbini onların üstünə tökürmüş.
Nigar Mansurova iddia edir ki, hətta anasının bıçaqla onları hədələdiyi vaxtlar da olmuşdu:
10 yaşımdan bütün ev işlərini mən görmüşəm. Bizimlə davası olanda yola verirdim. Qardaşımla daha pis mübahisələri olurdu. Hadisə günü qardaşımla anam o biri otaqda dalaşırdılar. Qapı bağlı idi deyə, nə baş verdiyini görmədik. Birdən səs kəsildi. Otağın qapısını açanda anamın öldüyünü gördüm”.
Onun sözlərinə görə, qardaşından anasını niyə öldürdüyünü soruşub:
Dedi ki, bizə verdiyi əziyyətlərdən bezmişəm…”.
Solmaz Mansurovanın həyat yoldaşı Faiq Mansurov hadisə vaxtı evdə olmayıb.
Ona olanları uşaqları telefonla xəbər verib.
Faiq Mansurov da ötən məhkəmə iclaslarından birində dindirilərkən həyat yoldaşının əsəbi olduğunu, ona və uşaqlarına qarşı yaxşı davranmadığını deyib:
“Uşaqlarım da ayrılmağımızı istəyirdi. Amma mən el qınağına görə ayrılmadım. Uşaqları oxlovla döyürdü, üstlərinə bıçaq çəkirdi. Bir dəfə mənim də üstümə bıçaq çəkmişdi…”.
Noyabrın 14-də məhkəmə iclasında zərərçəkmiş tərəfin vəkili isə qızlarla bağlı başqa problem olduğunu iddia edib.
Onun sözlərinə görə, Nigar və Nərmin Mansurovaların hər ikisi tələbə olub. Biri universitetdə, digəri isə kollecdə təhsil alırdı. Lakin hər ikisi təhsilini yarımçıq qoyub.
Vəkil hər iki təhsil müəssisəsindən Mansurova bacıları haqqında xasiyyətnamə alınması barədə vəsatət qaldırıb:
“Bacılarının hər ikisi dindardır. Hesab edirik ki, anaları buna görə onlara təsir göstərməyə çalışıb, dini paltarlarını yandırıb…”.
Təqsirləndirilən Z.M. anasının qızların paltarlarını yandırması haqda iddianın doğru olmadığını deyib.
Təqsirləndirilən şəxsin istintaq zamanı hadisə yerində çəkilmiş videosu da noyabrın 14-də məhkəmədə nümayiş etdirilib.
Orada bildirir ki, anasını ona verdiyi əzab-əziyyətə görə qətlə yetirib. İddia edir ki, anasını ona əzab verdiyinə görə öldürüb.
Videoya baxandan sonra Z.M. prokurorun sualına cavab olaraq bildirib ki, anası onu şişlə döyürdü, bıçaqla hədələyirdi.
O əlavə edib ki, anasının uşaqlarına qarşı bu cür davranışlarından qonşular da xəbərdardır.
Məhkəmədə məlum olub ki, ekspertiza təqsirləndirilən şəxsin bədənində xəsarət izləri olması barədə rəy verib.
Həmin izlərin hadisə vaxtı yarandığı ehtimal olunur.
Prokuror təklif edib ki, qonşular da məhkəmədə dindirilsin. Həmçinin hadisədən əvvəl təqsirləndirilən şəxsin bədənində xəsarət izlərinin olub-olmadığı müəyyənləşdirilsin.
Məhkəmə qərar verib ki, qonşular dindirilsin.
Həmçinin Nigar və Nərmin Mansurova bacılarının təhsil aldıqları universitet və kollecə sorğular göndərilsin.
Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button