ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda KQB üsulları tətbiq olunur

Iki gün əvvəl ADR fəalı Ziyafət Abbasova mənim Akademiya parkında keçirilən imza törənimə gələrkən yoxa çıxıb. Nə özündən bir xəbər əldə etmək mümkün olmayıb, nə də telefonu cavab verib. Dünən aydın olub ki, Ziyafət xanımı bizim şanlı Daxili İşlər Komissarlığının əməkdaşları oğurlayıb. Belə bir söz-söhbət dolanır ki, xanım müxalifətçi həşəmətli “Bandotdelin” zavalına gəlib. Çünki bilavasitə prezident aparatından idarə olunan “Bandotdel” artıq çoxdandır ki, siyasi polis, gizli polis funksiyasını yerinə yetirir. Müxalifətçilərin və tənqidçilərin təqib edilməsinə, onlara amansız işgəncə verilməsinə, müxalif tənqidçilərə qarşı inzibatı xətalar məcəlləsinin kütləvi tətbiqinə, cəmiyyətdə qorxu mühitinin yaradılmasına və hətta qorxu və şirnikləşdirmə yolu ilə onların çəkindirilməsi və satın alınması əməliyyatına “Bandotdel” rəhbərlik edir.
Vaxtı ilə Faşist Almaniyasında bu işlə IV şöbə kimi aGestapo, SSRİ-də Dövlət Təhlükəsizlik orqanlarının NKVD dövründə 4-cü şöbəsi, KGB dövründə 5-ci şöbəsi məşğul olurdu. Onların əsas vəzifəsi xalqa mövcud quruluşu, faşizmi və sosializmi, Kommunist və Nasional Sosialist partiyalarını, Almaniyada füreri, SSRİ-də “vojd”u (lideri) sevdirmək idi. Sevməyənlər cəmiyyətdən təcrid edilib düşərgələrə, konslagerlərə və dəlixanalara göndərilirdi.
Buna bənzər bir hadisə dünən bizdə də təkrar olundu və məlum oldu ki, Ziyafət xanımı məcburi qaydada Maştağadakı 1 saylı ruhi əsəb dispanserində yerləşdirib cəmiyyətdən təcrid ediblər. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlama verib ki, Ziyafət Abbasovanın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır: “Vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.
Əvvəla DİN sözçüsü izahat vermir ki, nə vaxtdan vətəndaşların şikayəti əsasında ayrı bir vətəndaş məcburi qaydada dəlixanaya yerləşdirilir. İkincisi, Ziyafət xanımın sağlamlıq vəziyyətini kim müayinə edib? “Bandotdel”, yoxsa ixtisaslaşdırılmış tibbi müəssisə? Üçüncüsü, qanunu qorumalı olan bir orqan bilmir və ya qorumalı olduğu qanuna məhəl qoymur ki, vətəndaş məcburi qaydada müalicəyə yalnız məhkəmənin qərarı ilə göndərilə bilər. Nə DİN, nə onun törəməsi olan “Bandotdel” vətəndaşa diaqnoz qoyub dəlixanaya göndərə bilməz. Halbuki az əvvəl cəbhəçi Aqil Hümbətova, yeniyetmə Məhəmmədə qarşı münasibətdə DİN öz səlahiyyət həddini aşmışdı və qanunu pozmuşdu.
Vaxtı ilə Sovet KGB-si də belə hərəkət edirdi. Onlar Sovet dissidentlərinə, azadfikirliliyə qarşı mübarizə aparmaq üçün ruhi-əsəb xəstəliyinin Sovet sindromunu uydurmuşdular. Sovet quruluşuna, kommunist ideologiyasına, Sovet rəhbərliyinə etiraz etmək ciddi əsəb-ruhi sarsıntısı hesab edilirdi və minlərlə yadfikirli bu diaqnozla ruhi dispanserlərə məcburi qaydada “müalicəyə” göndərilirdi. Hazırda DİN-in, “Bandotdelin” etdikləri bunun təkrarıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button