Xəbərlər

İranda prezident seçkiləri hamı üçün sürpriz oldu – Analiz

İran İslam Respublikasında keçirilən 11-ci prezident seçkilərinin nəticələri hamı üçün bir sürpriz oldu. Dünyanın, xüsusilə Qərbin aparıci KİV-lərinin, bir çox siyasi analitiklərin verdiyi proqnozlara rəğmən, İran xalqı seçkilərə böyük şövqlə qatıldı, üstəlik, mötədil-islahatçı düşərqəni təmsil edən namizəd Həsən Ruhani seçkilərin qalibi oldu.

Seçkilər öncəsi Qərb mətbuatı İran xalqının seçkilərə maraq göstərməyəcəyini və böyük ehtimalla, Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xameneyiyə yaxın namizəd kimi təqdim olunan Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlilinin prezident seçiləcəyini yazırdı. Görünür, ABŞ və bir sıra digər Qərb ölkələrində mərkəzləşmiş və İran İslam Respublikasına qarşı fəaliyyət göstərən müxalifətçi qurumların, o cümlədən, 1979-cu ildə İslam İnqilabı nəticəsində hakimiyyəti devrilmiş İranın son şahı Məhəmmədrza Pəhləvinin oğlu, şahzadə Rza Pəhləvinin seçkiləri boykot etməyə çağırışı bəzi dairələrdə iranlıların seçkilərdə passivlik nümayiş etdirəcəyi təsəvvürünü yaratmışdı. Üstəlik, bir sıra dairələr seçkilərin nəticələrinin öncədən bəlli olduğunu və “rejimin namizədi” kimi təqdim etdikləri şəxsin qalib elan olunacağının az qala aksioma olduğunu irəli sürürdü. Amma 14 iyun tarixində keçirilən prezident seçkiləri bu nəzəriyyələri büsbütün alt-üst etdi və İran xalqı öz dövlətinə sahib çıxdığını bir daha nümayiş etdirdi. Eyni zamanda, boykot çağırışında olanların İranın siyasi həyatında heç bir çəkiyə malik olmadığını, siyasi proseslərə təsir göstərə bilmədiyini bariz şəkildə ortaya qoydu. Proqnozlara rəğmən, 73 faizə yaxın seçici seçkilərdə iştirak etdi. Müqayisə üçün qeyd edək ki, son prezident seçkilərində ABŞ-da seçicilərin 64, Rusiyada 65, Misirdə isə 50 faizə yaxını iştirak etmişdi.

İranlıların böyük izdihamla seçkilərə qatılması dünya KİV-lərinin diqqətini xüsusi olaraq özünə cəlb etdi və bir çox telekanallar seçki məntəqələrindən canlı olaraq səs verməyə gələn seçicilərin uzun-uzadı növbələrindən reportaj yayımladı. Xaricdə yaşayan iranlıların da seçkilərdə göstərdiyi aktivlik dünya KİV-lərinin nəzərindən yayınmadı.

Qeyd edək ki, iranlıların seçkilərdə aktiv iştirakı dünyanın siyasi dairələrinin də diqqətini cəlb edib. Bu arada, ABŞ-ın prezident aparatının rəhbəri Denis Makdonoq bəyan edib ki, iranlılar prezident seçkilərindəki fəallığına görə təbrik edilməlidir.

Bunun ardınca daha bir sürpriz seçkinin nəticələrinin elan edilməsi oldu. Belə ki, proqnozlara rəğmən, müxalifət düşərgəsini təmsil edən mötədil-islahatçı namizəd seçicilərin 50 faizdən artıq səsini qazanaraq, elə ilk turda qalib elan edildi.

Həsən Ruhani din alimi olmaqla bərabər, Tehran Universitetində hüquq təhsili, Böyük Britaniyanın Qlazqo Kaledoniya Universitetində (Glasgow Caledonian University) dövlət hüququ sahəsində magistr və fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentliyi dövründə uzun illər Ali Milli Təhlükəsizlik Şurasınnın rəhbəri olub və İranın Qərb dövlətlərilə nüvə layihəsilə bağlı danışıqlar aparan heyətinə başçılıq edib.

Beləliklə, İran xalqı mötədil siyasətçi Həsən Ruhanini prezident seçdi. Ali Dini Rəhbər, həmçinin ölkənin siyasi-ictimai və dini elitası Həsən Ruhanini təbrik etdi. Bir çox siyasilər ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusilə qeyd edərək, yeni prezidentə dəstək olacağını bildirdi. Maraq cəlb edən məqamlardan biri də budur ki, Həsən Ruhani ölkənin ən müxtəlif təbəqələrini, o cümlədən, islahatçıları, mötədil mühafizəkarları, ruhaniləri, milli-demokratik düşərgəni, ziyalıları, gənclər və qadınlar təşkilatlarını təmsil edən dairələr tərəfindən dəstəklənir. Bu isə onun, sözün həqiqi mənasında, bütün İranın prezidenti olacağının qarantı hesab edilə bilər.

Lakin mötədil-islahatçı Ruhaninin prezident seçilməsi İrana qarşı sərt mövqe sərgiləyən və sanksiyalarla İslam Respublikasını zəiflətməyi hədəfləyən dairələr üçün heç də ürəkaçan xəbər olmadı. İsrail KİV-ləri Həsən Ruhaninin qələbəsi ilə İsraildə sərt xətt tərəfdarı olan siyasi cərəyanların zəifləyəcəyini, İranı təhlükə mənbəyi kimi qələmə verib, Qərb dövlətlərini İslam Respublikasına qarşı səfərbər edən Netanyahunun planlarının bundan sonra sual altına düşəcəyini yazırlar.

Qərb KİV-ləri isə İranla münasibətlərin yeni fazaya daxil olduğunu, konstruktiv danışıqlar üçün daha münasib şərait yarandığını qeyd edirlər.

İrandakı seçkilər fonunda təhlilçilərin irəli sürdüyü proqnozlar, o cümlədən bizim ölkəmizdə də səslənən fikirlər bir daha göstərdi ki, İranla bağlı məlumatlar olduqca kasad, qeyri-obyektiv və reallıqdan uzaqdır. İranla bağlı obyektiv rəy vermək, proqnoz irəli sürmək, təhlillər aparmaq üçün ilk növbədə bu ölkə haqda obyektiv, dürüst məlumatlara malik olmaq, ölkəni daha yaxından tanımaq lazımdır.

Hər halda, bu bir faktdır ki, İranda keçirilən seçkilərlə bağlı nə dünyanın aparıcı KİV-ləri, nə də ölkə mətbuatında irəli sürülən proqnozların heç biri özünü doğrultmadı. Bu məqam, zənnimcə, əlinə qələm alıb illərdən bəri İran mövzusunda təhlillər verən yazarlar üçün olduqca düşündürücüdür.

İran xalqı yeni prezidentin seçilməsini əsl bayram əhval-ruhiyyəsilə qeyd edir. Ölkənin bütün şəhərlərində insanlar böyük izdihamla küçə və meydanlarda şənlik mərasimləri keçirir. Bu aksiyalarda milyonlarla insan iştirak edir. İranlılar yeni prezidentlə ölkə qarşısında dayanan problemlərin uğurla həll ediləcəyinə, ölkənin davamlı inkişafının təmin ediləcəyinə ümid bəsləyirlər.

Dünya ölkələrinin rəhbərləri yeni seçilmiş prezidenti təbrik edir, ölkələrilə İran arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirirlər.

Biz də öz növbəmizdə, cənab Həsən Ruhanini və bütövlükdə İran xalqını təbrik edir, Uca Allahdan ən xoş arzularımızı diləyirik…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button