Aktual

Təzə nazir, köhnə seçki və “qəhrəman” müəllimlər…

Seçkilərdə saxtakarlıq “fədailəri” olan təhsil işçiləri; nazir dəyişsə də, sistem dəyişməyib.

9 oktyabr seçkilərinin bir “qəhrəman” təbəqəsi var idi. Onlar seçkilərdən sonra indi sosial şəbəkələrdə, cəmiyyətdə ən çox qınaq obyektinə çevrilən müəllimlərdir. Nə dərəcədə acı da olsa etiraf etmək lazımdır ki, illərdir seçki cinayətkarlıqlarında xüsusi canfəşanlıqla iştirak edən təhsil işçiləri 9 oktyabrda ondan da artığına gedərək dəridən-qabıqdan çıxdılar. Təki hakimiyyətə yarınsınlar.

Seçki məntəqələrində ən rüsvayçı, tükürpədici seçki saxtakarlıqlarına əl atan müəllimlər bununla da öz müqəddəs peşələrinə tüpürmüş oldular. Şübhəsiz ki, bu tənqidləri kütləvi şəkildə bütün müəllim heyətinə şamil etmək olmaz. Azərbaycanda kifayət qədər özünə hörmət qoyan, ziyalı, bizim həmişə müqəddəs varlıq kimi baxdığımız müəllimlər də var. Hansı ki, onlar heç vaxt iqtidarın bu iyrənc kampaniyasında vintciyə çevrilməyiblər.

Amma əksəriyyəti YAP-ın bu seçki özbaşınalıqlarında iştirakçıya çevrildi.

Sosial şəbəkələrdə yerləşdirilən videolardan, seçki məntəqələrində olan müşahidəçilərin təqdim etdiyi faktlardan da görünür ki, müəllimlər, məktəb direktorları, təhsil şöbəsinin işçiləri hakimiyyətin ömrünün uzanmasında bilavasitə rol oynadılar.

Elə buna misal olaraq nəqliyyat naziri Ziya Məmmədovun lisey direktoru olan bacısının müşahidəçilərə hücum çəkməsini qeyd edə bilərik. Və yüzlərlə müəllim, təhsil sektorunun nümayəndələri bu ilki seçkilərdə əllərindən gələni etdilər ki, hakimiyyətin seçki saxtakarlığına yardım etsinlər. Halbuki ən çox narazılıq edən, dövlətin onlara verdiyi əmək haqlarının azlığından şikayətlənən müəllimlər həmin hökumətə yenə də etimad göstərdi, saxta seçkilərə dəstək verdi.

Bir çoxları güman edirdi ki, yeni təhsil naziri Mikayıl Cabbarovun liberal görünüşü, Qərb təhsili alması, kadr islahatları nəticəsində təhsil sistemində inqilabi dəyişikliklər baş verəcək. Eləcə də təzə nazirin təyinatından sonra müəllimlərin seçki saxtakarlıqlarında iştirakçıya çevrilməyəcəkləri ehtimal edilirdi. Amma baş verənlər sübut etdi ki, fiqurların dəyişməsi heç də sistemin dəyişməsi ilə nəticələnmir. Bunu səhiyyə naziri də, iqtisadi inkişaf naziri də əməli ilə təsdiqləyib.

Nə Əli İnsanov, nə də Heydər Babayevdən sonra sözügedən nazirliklərin fəaliyyətində ciddi irəliləyiş müşahidə olunub. O cümlədən ölkədəki mövcud təhsil sistemi də dəyişməz olaraq qalır. M.Cabbarovun nazir təyin olunması ölkə təhsilində, müəllimlərin, məktəb direktorlarının fəaliyyətində müsbətə doğru irəliləyişə səbəb olmadı.

Odur ki, onlar əvvəlki qaydada olduğu kimi iqtidara seçkilərdə dəstəyini əsirgəmədilər. Beləliklə, təhsil naziri dəyişsə də, sistem dəyişməsi. Necə deyərlər, “toplananların yeri dəyişsə də, cəm dəyişmir”. Bu seçki göstərdi ki, həmin müəllimlərin 150 manat əmək haqqına təhkim edilməsi onlara çoxdur ki, az deyil. Onu da unutmasınlar ki, bütün məktəb binalarının divarlarında gözdeşən bir şüar yazılıb: təhsil millətin gələcəyidir…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button