ArxivXəbər lentiXəbərlər

Beynəlxalq Forumdan birmənalı Qarabağ tələbi – QƏTNAMƏ

“Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır!”

Qafqaz  mədəniyyət mərkəzi- Ərdəbil Dövlət Universitetində keçirilən Beynəlxalq Qarabağ Forumunun iştirakçıları möhtəşəm tədbirin yekununda qətnamə qəbul ediblər. Azərbaycan, İran və Türkiyə nümayəndə heyətlərinin, həmçinin Ərdəbil Universitetinin tələbə və müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, din xadimlərinin qatıldığı tədbirdə iştirak edən Musavat.com-un əməkdaşı xəbər verir ki, qətnamə müəyyən redaktə xarakterli təkliflərin nəzərə alınmasından sonra qəbul edilib. Sənəddə deyilir:

“Beynəlxalq Forumun üzvləri Forumda təmsil olunan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət və bu ölkələrin arasında xoş əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalın nəticələrinin aradan qaldırılması, işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasının vacibliyi, İslam həmrəyliyi amilinin rolu, İslam ölkələrinə qarşı təzyiq və təhdidlər, İranda iğtişaş törədənlərin məkrli niyyətləri, Türkiyənin terrora qarşı mübarizəsi, İran, Türkiyə və Rusiya arasında yaxınlaşma və region problemlərinin həllinə bu əməkdaşlıq formatının mümkün təsir imkanları, Qüdslə bağlı məkrli planların qarşısının alınması və digər məsələləri müzakirə edərək qərara alırlar:

1. Azərbaycana qarşı işğalçı Ermənistan tərəfindən törədilən bütün hərbi və siyasi cinayətlər, vəhşiliklər, kütləvi qətliamlar, tarixdə bənzəri olmayan Xocalı soyqırımı bütün tərəqqipərvər bəşəriyyət tərəfindən qınanılmalı, ittiham edilməli, bu cinayətləri törədənlər cəzalandırılmalıdır.

2. Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal hərəkətləri, Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə pislənilməli, Ermənistana qarşı beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən sərt sanksiyalar tətbiq olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır. Əks halda, Azərbaycanın işğal olunmuş əraziləri hərbi yolla azad etmək haqqı beynəlxalq təşkilatlar, bütün dövlətlər tərəfindən tanınmalıdır.

3. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyası iflasa uğramış hesab olunmalı, yeni vasitəçilik missiyasında islam ölkələrinin bərabər sayda iştirakı təmin edilməlidir. Dağlıq Qarabağ və islam dünyasının digər problemlərinin ədalətli həllində islam həmrəyliyi amilindən geniş şəkildə istifadə olunmalıdır.

4. İran İslam Respublikasında dövlətin zəiflədilməsinə yönəlmiş iğtişaş və digər təxribat cəhdləri birmənalı şəkildə pislənilməli, bu təxribatların qarşısının alınması üçün dövlətin atdığı addımlara Forum üzvləri tərəfindən ictimai dəstək verilməlidir.

5. Türkiyə dövlətinin ərazi bütövlüyü və suverenliyi naminə terror qruplarına, təxribatçı qüvvələrə, məkrli xarici mərkəzlərə qarşı apardığı mübarizə birmənalı şəkildə dəstəklənməlidir.

6. ABŞ-ın Qüdsə bağlı son dövrlərdə apardığı siyasət birmənalı şəkildə pislənilməli, islam ölkələrinin, digər mütərəqqi ölkələrin birgə səyləri ilə bu məkrli siyasətin qarşısı alınmalıdır. Fələstin xalqının öz haqları uğrunda ədalətli mübarizəsi hərtərəfli dəstəklənməlidir.

7. Suriya, Yəmən, Bəhreyn və digər islam ölkələrində baş verən bölücülük hərəkətləri pislənilməli, minlərlə insanın, o cümlədən qadınların, uşaqların qurbanlara çevrilmələrinə son qoyulmalıdır. Bu yerlərdə bütün problemlər xalqların iradəsi ilə ərazi bütövlüyü, suverenlik və ədalət prinsipləri əsasında həll olunmalı, etnik, dini, məzhəb ayrı seçkiliklərinə imkan verilməməlidir.

8. Beynəlxalq Forumun üzvləri təmsil etdikləri ölkələrin bir sıra qlobal və lokal münaqişələrin, o cümlədən Dağlıq Qarabağ, Qüds, Suriya münaqişələrinin həllində əməkdaşlıq etmələri üçün uyğun ictimai rəyin yaradılmasına çalışmalıdırlar. Bunun üçün ictimai təsir imkanlarından geniş istifadə etməlidirlər.

9. Biz dünya birliyini, beynəlxalq təşkilatları bir daha işğal, terror, etnik təmizləmə, separatçılıq və digər təhlükələrə qarşı cəsarətli, qətiyyətli, ədalətli mövqe tutmağa, günahkarları cəzalandırmaq üçün vaxtında və səmərəli tədbirlər görməyə çağırırıq”.

Forum iştirakçıları azərbaycanlı girovların saxlanılmasını erməni vəhşılıyinin davamı kimi dəyərləndirib, bunu beynəlxalq təşkilatların Ermənistana qarşı heç bir tədbir görməməsinin növbəti nümunəsi kimi vurğulayıb. Çıxışlarda vurğulandı ki, Kəlbəcər girovlarının azad edilməməsi, həmçinin Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən balaca Zəhranın qətli Xocalı soyqırımının davamıdır.

“Yeni Müsavat”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button