ArxivIslamNardaranXəbər lentiXəbərlər

Günahsız insanların azadlığa buraxılması davamlı olmalıdır – Elçin Qasımlı

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımlı da var.

 

Elçin Qasımlı 7 saylı həbsxanadan mart ayının 17-si azadlığa buraxılıb.

 

Operativ.tv yenicə azadlığa çıxmış Elçin Qasımlıdan müsahibə alıb:

 

Elçin bəy yenicə azadlığa çıxmısınız. Bununla bağlı nə deyə bilərsiniz?

İlk öncə bizim həbs edildiyimiz müddətdə əziyyətimizi çəkən hər kəsə öz təşəkkürümü bildirirəm. İnsanlar kütləvi halda, yəni böyüklər və kiçiklər fərq etmədən bizim haqqımızda dualar edirdilər.  Müəyyən insanlar var idi ki, bizim əziyyətimizi çəkirdilər. Allah onların köməyi olsun. Vəkillərimizə, hüquq müdafiəçilərinə, siyasi xadimlərə, ictimai fəallara, jurnalistlərə, inanclı insanlara və adlarını unutduğum digər insanlara minnətdarlığımı bildirirəm. Çünki onlar bizim çətin günlərimizdə bizi tək qoymadılar və bizə dəstək verdilər. Onlar bizim günahsız olmağımızı yorulmadan və dayanmadan təbliğ etdilər. Bu gözəl insanlar sübut etdilər ki, biz günahsızıq. Biz məhkəmələr boyu əlimizdən gələni etdik ki, istintaqın düz getmədiyinii göstərə bilək. Yuxarıda adını qeyd etdiyim şəxslər bütün bunları çox çətinlik bahasına olsa da işıqlandırdılar. O insanlar bizim məhkəmələrə gəlib dəstək oldular, ailələrimizə baş çəkdilər və bizi tək qoymadılar. Bir təşəkkür ilə onların əziyyətlərinin qarşılığını vermək olmaz əlbəttə. Bir insanın azad ruhiyyəsi varsa o insan üçün məkanın heç bir fərqi yoxdur. Əsas olan insanın ruhiyyəsi və haqqa bağlılığıdır. Çünki insan bununla da cəmiyyətdə olan pislikləri görür və buna qarşı münarizə aparır. Hesab edirəm ki, haqqımızda olunan dualar qəbul olundu. Duaların qəbul olunmasının nəticəsidir ki, biz indi həbsxanadan çıxmışıq. Allah bizi harada görmək istəyirsə orada olacağıq. İnsanın ziyanına da olsa gərək ədalətdən uzaq düşməsin. Mən bunu belə qəbul edirəm.

Sizcə qarşıdakı əfv sərəncamlarında digər siyasi məhbuslar (red- bura inanclı məhbuslar da daxildir) da azadlığa çıxa biləcəklərmi?

 

Bu gün bizi ən çox narahat edən məsələ budur ki, onlarla insan heç bir cinayət işləməsələr də həbsxanalardadırlar. Mən düşünürəm ki, yaxın günlərdə və ya aylarda o insanlar azadlığa çıxacaqlar və fəaliyyətlərini davam etdirəcəklər. Çünki günahsız insan əgər həbsdədirsə bu onun təmsil etdiyi xalqa və dövlətçiliyə bir başa zərbə vuran amillərdən biridir. Günahsız insanların azadlığa buraxılması davam edəcək və davam etməlidir. Yəni inşallah bu addımlar davamlı olar. Çünki əgər bu gün 3 il əvvəl baş verən hadisələrdə cinayət törətməkdə ittiham olunan insanlardan az bir qismi azadlığa buraxılıbsa deməli onların bu cinayətlərdə əlləri yoxdur. Buradan da bu nəticəyə gələ bilərik ki, həbsdəki digər insanların da bu cinayətlərdə əlləri yoxdur və onlar azadlığa buraxılmalıdırlar. Bu məsələ təkcə inanclılardan və ya Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvlərindən və sədrindən getmir. Mən digər işlərə görə tutulanları da nəzərə alıram. Mən düşünürəm ki, xarici təzyiqlərin qarşısını almaq üçün birliyə və vəhdətə ehtiyac var. Bu qədər insanın saxta ittihamlarla saxlanılması Azərbaycan dövlətçiliyinə xeyir gətirməyən məsələdir. Əgər dövlətçiliyimizi istəyirlərsə, müstəqil Azərbaycanın ömrünün uzun olmasını istəyirlərsə xalqın düşünən beyinlərini azad etməlidirlər.  Vurğulamaq istəyirəm ki, onlar qəlbləri fəth edən insanlardırlar. Ümid edirəm ki, tez bir zamanda haqları olan azadlıqlarına qovuşarlar.

3 ildir həbsxanada idiniz. 3 il ərzində Azərbaycanda sizcə nə dəyişdi?

 

3 il ərzində həbsxanada olduğumuz vaxtlarda həm vəkillərimiz vasitəsilə, həm də televiziya vasitəsi ilə müəyyən informasiyalar əldə edirdik. Dəyişiklik barədə bunu deyə bilərəm ki, aparılan mübarizə öz səmərəsini verməkdədir. Əgər insan haqqa tərəf addım atırsa, xalq üçün çalışırsa, xüsusilə heç bir maddi maraq güdmürsə Allah onun qarşılığını mütləq verir. Azərbaycan xalqınını, xüsusən də inanclıların ictimai təfəkkürü qismən də olsa formalaşıb. İnanclı insanların günü nəbzini tutmağı bacarmalıdırlar. Yəni onlar cəmiyyətə xeyir verən və Allah tərəfindən müsbət qarşılanan ictimai işləri görməlidirlər. Bunu artıq hər kəs başa düşür ki, sivil mübarizənin qarşısını almaq daha da xoşagəlməz hallar meydana çıxardır. Əgər sivil mübarizəyə qadağa qoyulubsa insanlar başqa yollara ələ ata bilərlər ki, bu da ölkəmizə heç bir fayda verməz. Ən yaxşı mübarizə sivil qaydada aparılandır.

Gənclərimiz cəmiyyətin inkişafına hansı töhfələri verə bilərlər? Bu istiqamətdə hansı məsləhətləri verə bilərsiniz?

 

Hər bir xalqın gələcəyi onun gəncliyinin nə qədər sağlam olmasına bağlıdır. Əgər gənclər sağlam ruhiyyəyə malikdirlərsə, vətənpərvər şəkildə böyüyürlərsə, öz təhsillərini xalqa xidmət etmək üçün davam etdirirlərsə, öz şəxsi inkişaflarını ümumi inkişaflar üçün hazırlayırlarsa, mənəvi yüksəlişləri varsa onlar təmsil etdikləri xalqa, ölkəyə və dövlətə fayda verərlər. Lakin biz bəzən bunu görürük ki, şəxsi maraqlardan çıxış edirlər, əxlaqi normalara riayət etmirlər. Əgər çılğınlıqları ağlı təfəkkürün qarşısına keçibsə, nəfsi istəklər ağılı üstəliyibsə bu çox təhlükəli haldır.  Həmin insanlar təkcə özlərinə mənfi təsir vurmurlar. Onlar cəmiyyətə də ziyan verirlər. Mən hesab edirəm ki, Azərbaycan xalqı öz qədim tarixini və kökünü bilir. Biz həm həbsxanada, həm həbsxanadan çıxdıqdan sonra çox mənəvi və ziyalı gənclərimizlə tanış olmuşuq. Mən onları müşahidə etdim və bu nəticəyə gəldim ki, bu gənclər öz tarixinə və xalqına bağlı olan, xalqına xidmət etmək istəyən, torpaqlarının azadlığı üçün çalışmağa hazır olan gənclərimiz var. Biz çalışmalıyıq və şərait yaratmalıyıq ki, o gənclər xalqının inkişafı üçün işlər görsünlər, nəinki bu xalqın və dövlətin düşməni olan qüvvələrin təsiri altına düşsünlər. Azərbaycan gəncliyi mənəvi dəyərlərin inkişafında çox mühüm rol oynayır. Azərbaycan gəncliyi sabahın atasıdır və anasıdır. Gəncliyin inkişafı bir xalqın gələcəyinin və taleyinin göstəricisidir. Əgər bir xalq ilə bağlı hansısa proqnoz verirlərsə bu günki gəncliyə baxırlar. Gənclərimizin üzərinə çox ağır yük düşür. Onlar müstəqillik dövründə tərbiyə alıb, inkişaf edən insanlardır.    Düzdür gənclər arasında müəyyən fikir ayrılıqları ola bilər. Amma biz yenə də mənəvi dəyərlərin möhkəmlənməsi fikrinin üzərinə dayanırıq. Tövsiyyə edirik ki, gənc qardaşlarımız və bacılarımız ailə dəyərlərini qoruyub saxlaya bilsinlər. Ailə dəyərlərini qoruyub saxlamaq gələcəkdə haqqın və ədalətin müdafiə olunmasında çox böyük rol oynayır. Çox gözəl olar ki, Azərbaycan gəncliyi əyləncəyə yox mənəviyyata yönəlsin. Xüsusilə gənclərimiz kənar təsirlərdən özlərini qorumalıdırlar.

0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button