ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanı niyə narahat edir? 

Politoloqlar Moskvanın bölgədə destruktiv rol oynadığına əmindirlər  

Emil Məmmədli
İki gündür Rusiya və Ermənistan XİN-ləri arasında gərginlik yaşanır. Gərginliyin səbəbi isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir.
“Rusiya və Ermənistan XİN rəsmiləri arasında söz dueli”
Həftənin çərşənbə günləri keçirilən ənənəvi brifinqində Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın dəhlizində yaranan hazırki vəziyyəti Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsi kimi qiymətləndirib.
Aİ vasitəçiliyi ilə iki ölkənin liderləri arasında 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında keçirilən görüşlərdə bu təsdiq edilib. Bu barədə Rusiya XİN-in Qarabağ ətrafında yaranan vəziyyətlə bağlı 15 iyul bəyanatında dəqiq deyilib”, – Mariya Zaxarova deyib.
Rusiya rəsmisinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Ermənistanı qınaması suallar yaradıb.
Ermənistan tərəfi Mariya Zaxarovaya XİN mətbuat xidmətinin rəhbəri Ani Badalyan vasitəsilə cavab verməyi qərara alıb.
Ani Badalyan qeyd edib ki, Rusiya rəsmisinin bəyanatı məyusedicidir və Mariya Zaxarovaya məsləhət görüb ki müxtəlif üsullara ət atmasın.
O bəyan edib ki, Azərbaycan əldə olunan razılaşmaları pozub və bunun nəticəsində bölgədə vəziyyət gərginləşib.
Rusiya tərəfi isə bundan sonra öz təkliflərində nəinki ardıcıl olmayıb, hətta tam laqeydlik göstərib, Ermənistanın ikitərəfli müqavilə əsasında yardım etmək barədə məktubunu da cavabsız qoyub”, – Ani Badalyan deyib.
XİN rəsmisi bildirib ki, məhz belə bir şəraitdə Praqada oktyabrın 6-da Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün tanınması haqqında Almatı bəyannaməsinə sadiqliyini təsdiq ediblər.
Rusiya və Ermənistan XİN rəsmilərinin söz duelinə politoloq və hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da qarışıb.
O, Ermənistan nümayəndəsinin Mariya Zaxarovaya cavabını nalayiq adlandırıb.
Özünün “Telegram” kanalında İqor Korotçenko bəyan edib ki, Rusiya Ermənistanın xeyrinə və öz milli maraqlarının ziyanına “qaynar şabalıdı oddan çıxartmaq” istəməməsinə görə Yerevan əsəbidir.
Ekspert Ermənistan rəhbərliyini Rusiyadan üz döndərib, başqa ölkələrə ümid etməsinə görə də qınayıb.
Heç bir Fransa, ABŞ, Aİ, Hindistan, İran Ermənistanın problemlərini həll etməyəcəklər. Onlar yalnız istifadə edəcəklər. Paşinyan siyasi vakuumda deyil. Onun arxasında erməni seçicilərinin real çoxluğu dayanıb. Belə çıxır ki, Rusiyaya qarşı iradlar Ermənistan vətəndaşlarının çoxu tərəfindən sürülür”, – İqor Korotçenko yazıb.
Rusiya və Ermənistan arasında gərgin münasibətlərin digər bir əlaməti kimi Qarabağda sentyabrın 1-dən “Sputnik” Ermənistan radiosunun yayımının dayandırılmasını göstərmək olar. Bu məsələdə də, Azərbaycanın ərazi bütövlüyünün tanınması əsas kimi gətirilib.
Belə ki, “Rossiya segodnya” media qrupunun baş direktoru Dmitriy Kiselyov bildirib ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın tərkib hissəsi olan Qarabağa radio yayımı təşkil edə bilməzlər. Kisilyov da bu qərarın verilmə səbəbi kimi Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını göstərib.
Sosial şəbəkələrin Azərbaycan seqmentində isə bu bəyanat sual yaradıb. Qeyd edilib ki, bu illər ərzində “Sputnik” Ermənistan Qarabağ bölgəsində yayımlananda Azərbaycandan icazə almaq Rusiyanın yadına nədənsə düşmürdü.
Vəziyyəti Meydan TV üçün şərh edən politoloq Fərhad Məmmədov hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın qurduğu ssenarini tamamilə alt-üst etdi.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Rusiyaya ehtiyac qalmayacaq”
Üçtərəfli formatın mahiyyəti ondan ibarət idi ki, Ermənistan Qarabağa iddia edirdi. Bunu aradan qaldırmaq üçün Rusiya vasitəçilik edirdi və ərazi bütövlüyü beynəlxalq məsələdir. Nikol Paşinyan ərazi bütövlüyü haqda səsləndirdiyi bəyanatdan sonra Qarabağ ermənilərinin məsələsi ortaya çıxdı ki, bu, artıq Azərbaycanın daxili məsələsiydi. Belə olduğu halda üçtərəfli format artıq qüvvədən düşür”, – Fərhad Məmmədov deyib.
Politoloq xatırladıb ki, Azərbaycan 10 noyabr 2020-ci ildən sonra Qarabağ məsələsini daxili məsələ kimi dəyərləndirirdi və Prezident Əliyevin ötən il Putinin üzünə “Qarabağ məsələsi həll olunub, amma Ermənistanla ikitərəfli məsələləri müzakirə edəcəklər” bəyanatı da məhz bu haqdaydı.
O qeyd edib ki, Bakı Laçın yolunu nəzarətə aldıqdan sonra ərazi bütövlüyü məsələsi tamamilə bitdi və bunu anlayan Yerevan və Moskva hazırda Qarabağ mövzusunda hər şeyibir-birinin üstünə atırlar.
Bundan başqa, o vurğulayıb ki, diplomatik müstəvidə Ermənistan və Rusiya arasında gərginlik olsa da, iqtisadi cəhətdən iki ölkənin münasibətləri inkişaf edir.
“Bu ilin proqnozuna görə ticarət dövriyyəsi 6 milyard dollardır, fantastik rəqəmdir. Ermənistanın iqtisadi müstəvidə rekord inkişaf göstəriciləri bütövlüklə şimal ölkəylə ticarət dövriyyəsi və paralel eksport, sanksiyaların üstündən keçməklə bağlıdır”, – o deyib.
Politoloq bildirib ki, sözdə gərginlik olsa da, Ermənistan Rusiyaya qarşı heç bir addım atmır.
Nə KTMT-dən çıxmaqla bağlı, nə Rusiyayla ikitərəfli müttəfiqlikdən çıxmaq haqda hərəkətə keçməyib. Yəni konkret addımlar yoxdur. Yalnız Paşinyanın və XİN-in bəyanatlarını görürük”, – politoloq bildirib.
Onun fikrincə, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Rusiyaya ehtiyac qalmayacaq. Politoloq əmindir ki, Moskva Qarabağ ermənilərinin Azərbaycanın qanunvericiliyinə əsasən reinteqrasiyasına yardım edəcək, amma sülh müqaviləsinin bağlanmasına mane olacaq. Fərhad Məmmədov hesab edir ki, 1 sentyabr təxribatı da məhz bu istiqamətdədir və Bakı ilə Yerevan arasında müqaviləni uzaqlaşdırır.
Həmsöhbət vurğulayıb ki, Yerevanda keçiriləcək seçkilər Ermənistanın Baş naziri Nikol Paşinyanın gələcək taleyinə işıq sala bilər. Belə ki, Yerevan rəhbərliyinə seçkilər ona legitim olaraq birbaşa təhlükə törətməsə də, məğlub olacaqları təqdirdə onun sonunun başlanğıcı kimi də qiymətləndirmək olar.
“Təkcə Azərbaycan yox, Ermənistan da mümkün qədər Rusiyanın təxribatçı siyasətinə uymamalıdır”
İsveçrədə mühacir həyatı yaşayan, siyasi icmalçı Rauf Mirqədirov düşünür ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktını Rusiya tərəfindən qabardılması, Qarabağdakı son gərginliklər, həm də 1 sentyabrda atəşkəsin pozulmasının arxasında hansı qüvvənin dayandığını çox açıq-aydın nümayiş etdirir.
Əslində, çox maraqlı bir situasiya yaranıb. Özünü vasitəçi kimi təqdim edən Rusiya Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımamağa təhrik edir. Bununla da humanitar problemləri və digər məsələləri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqələndirir, Azərbaycanla problemini həll etməyə çalışan dövləti münaqişəni davam etdirməyə təhrik edir”, – o deyib.
Ekspert qeyd edib ki, bununla Rusiya konflikti qızışdırır. O bəyan edib ki, diplomatiya və beynəlxalq münasibətlər tarixində bu görünməmiş situasiyadır.
Rauf Mirqədirov hesab edir ki, təkcə Azərbaycan yox, Ermənistan da mümkün qədər Rusiyanın təxribatçı siyasətinə uymamalıdır. Onun fikrincə, hər iki dövlət mümkün qədər sülh prosesini sürətləndirməlidirlər və sülh sazişi imzalandıqdan sonra Qarabağ erməniləri ilə ciddi dialoq olmalıdır.
Dialoq başlanarsa, ilk dövrlərdə nəticə olacağını gözləmək sadəlövhlük olardı. Çünki Rusiya hərbçiləri ərazidə qaldıqca, reinteqrasiya və dialoq prosesinin nəticə verəcəyinə inanmıram. Amma dialoqun özü çox vacibdir və Bakı özü dialoqun təşəbbüskarı olmalıdır, beynəlxalq təşkilatları prosesə cəlb edib dialoqun başlanmasına çalışmalıdır. Belə vəziyyət Nikol Paşinyanın da maraqlarına cavab verir. Bu halda Paşinyana Moskvadan dəstək alan daxili təsir imkanları azalar”, – siyasi icmalçı bildirib.
Politoloq Rusiya XİN nümayəndəsi Mariya Zaxarovaya Azərbaycan XİN tərəfindən cavab verilməməsinə də təəccüblənir.
Separatçı rejimə artıq Yerevan deyil, Moskva nəzarət edir. Separatçıların liderləri artıq Moskvanın dediklərini təkrarlayırlar. Rusiyanın nə dərəcədə sülhməramlı olduğu Mariya Zaxarovanın son bəyanatından məlum olur. Məni təəccübləndirən odur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Zaxarovanın bəyanatına ciddi reaksiya vermədi. Halbuki, Zaxarovanın bəyanatı yolverilməz idi. Moskva separatçılar vasitəsilə Ermənistana da, Azərbaycana da təsir etmək imkanlarına malikdir”, – ekspert deyib.
Rauf Mirqədirov qəribə situasiyanın yarandığını bildirib və deyib ki, Azərbaycanla müttəfiqlik müqaviləsi bağlayan Rusiya sülhməramlıların bölgədən gedəcəyi təqdirdə etnik təmizləmə ola biləcəyinə işarə vurur.
Ruslar sərhəddəki gərginliyi artırmaqla Paşinyanı cızığından çıxmamağa məcbir etmək istəyirlər. Ən azından Paşinyanın Qərb paytaxtlarındakı təmaslarda, Şarl Mişellə görüşdə dinc danışıqları sürətləndirməyə addımlar atmamasına çalışırlar. İstisna etmirəm ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü bəyanatından imtina etməsinə cəhd edirlər. Həm də hər dəfə onu çevrilişlə təhdid edirlər”, – ekspert bildirib.
Bununla belə, Rauf Mirqədirov Azərbaycan üçün problemin həlli yolu olduğunu düşünmür, çünki bu yol Rusiyayla qarşıdurmaya gətirər. “Azərbaycan isə buna hazır deyil. Ona görə də Azərbaycan siyasi-iqtisadi vasitələrini işə salmalıdır. Məsələ ondadır ki, biz sərhədlərimizi nəzarətə götürdüyümüz andan Qarabağdakı dinc əhali üçün məsuliyyət daşıyırıq. SöhbətLaçın keçid-buraxılış məntəqəsindən gedir”, – Rauf  Mirqədirov deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button