ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əli Kərimli Cəmil Həsənlinin yeni kitabı haqqında nələri yazdı?

Kitabın təqribən üçdə biri Cəmil müəllimin uşaqlıq və tələbəlik illərinin xatirələridir. Memuarlarının bu hissəsini Cəmil müəllim çox böyük bədii ustalıqla işləyib. Təkcə şəxsi xatirələrini yazmayıb, həm də dövrü təqdim edib. Cəmil müəllim Sovet Azərbaycanının ötən əsrin 60-cı illərindən 1988-ci ildə Milli Azadlıq Hərəkatı başlayana qədərki dövrünü xüsusilə böyük bədii ustalıqla təqdim edib. Şəxsən tanıdığı adamları və şahidi olduğu prosesləri elə yüksək bədii zövqlə təsvir edib ki, kitabı oxuduqca Sovet İttifaqı tərkibindəki Azərbaycanın tarixinin çox önəmli bir dövrü film kimi gözlərin önündə canlanır.

Cəmil Həsənli dünya miqyaslı tarixçidir. İndi onun əsərlərini dünyanın ən qabaqcıl universitetlərində öyrənirlər. Ancaq xatirələrindən məlum olur ki, Cəmil müəllim ədəbiyyata, bədii yaradıcılığa da çox yaxın olub. Kitabı oxuyub başa çatdıranda isə tam əmin oldum: Əgər hansısa səbəbdən Cəmil müəllim tarixi yox, bədii yaradıcılığı seçsəymiş heç şübhəsiz ki, o zaman da ədəbiyyat tariximizdə parlaq iz qoyacaq böyük yazıçı olacaqmış. Memuarların bəzi yerlərində obrazlar, hadisələr elə böyük ustalıqla təsvir olunur, elə ümumiləşdirmələr aparılır ki, oxucu arada xatirə yox, gözəl bir roman oxuduğunu zənn edir.

Kitabın şərti olaraq 2-ci hissəsi adlandırdığım Xalq Hərəkatının başlanmasından sonrakı dövründə isə biz yazar Cəmil Həsənlini tarixçi alim Cəmil Həsənlinin əvəz etdiyini görürük.

Cəmil Həsənlinin “Zamanın sınağında” kitabı ən yeni tariximizin mühüm mərhələsi olan 1988 – 2010-cu illər üçün hələ ki əvəzsiz olan tarixi qaynaqdır. Yox, Cəmil Həsənli bu illəri də tarixi elmi əsər kimi yox, memuar kimi yazıb. Ancaq Cəmil müəllim iştirakçısı olduğu tarixi hadisələri və prosesləri o qədər dəqiqliklə, təfsilatlı şəkildə qələmə alıb, o qədər tarixi mənbələrə istinad edib ki, xatirələrin bu hissəsini də oxucu qiymətli tarixi əsər kimi oxuyur.

Azərbaycanda milli müstəqillik uğrunda mübarizə, Ermənistanın Azərbaycana ərazi iddiasının rəsmiləşməsi, Qarabağ münaqişəsi, 20 Yanvar, Sovet İttifaqı rəhbərliyinin anti-Azərbaycan fəaliyyəti, Xalq Cəbhəsinin yaranması və iqtidara gəlməsi, Əbülfəz Elçibəyin dissidentlik dövründən prezidentlik dövrünə qədərki mübarizəsi, Elçibəy hökumətinin iqtidar dövrü, Elçibəy hakimiyyətinin qiyam yolu ilə devrilməsi, Heydər Əliyevin qiyam yolu ilə hakimiyyətə gəlib Azərbaycanda ailə hakimiyyəti formalaşdırması, İlham Əliyevin hakimiyyəti atasından miras olaraq alması kimi tariximizin ən mühüm səhifələrini ölkəmizin ən sanballı tarixçisinin qələmindən oxumaq hamımız üçün böyük şansdır.

Mən Cəmil müəllimi universitetdə tələbə olduğum zamandan tanıyıram. Hər zaman istəmişəm ki, müasir dövrümüzün bu böyük şəxsiyyətini daha çox həmvətənimiz tanısın. Tanımaq deyərkən mən uzaqdan – uzağa tanımağı demirəm. 2013-cü il prezident seçkilərində ölkənin demokratik qüvvələrinin prezidentliyə vahid namizədi olub, xalqımızın əksəriyyətinin səsini almış Cəmil Həsənlini əlbəttə ki, xalqımız tanıyır. Ancaq onu yalnız yaxından tanıyanlar bilir ki, Cəmil müəllim təkcə dünya miqyaslı tarixçi alim, prinspial siyasi mövqeli ictimai – siyasi xadim deyil, həm mdə çox dürüst, açıqsözlü, səmimi, zarafatcıl, qayğıkeş və alicənab insandır. Cəmil Həsənlinin memurlarını oxuyanlar təkcə ölkəmizin yarım əsrlik tarixini yox, həm də professor Cəmil Həsənlinin zəngin daxili aləmini vərəqləmiş olacaq. Bu fürsəti qaçırmayın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button