ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qurbanlıq

İmam Səccad (ə) belə buyurmuşdur: “Sənin boynunda qurbanlığın haqqı odur ki, onu xalis Allaha xatir kəsməyi iradə edib, yalnız Onun rəhməti ilə qəbul olunmasını diləyəsən. Əhalinin gözü qarşısında öz qurbanlığını kəsməklə onların başına minnət qoyma. Əgər minnət qoymasan, özünü bəhrəsiz zəhmətə salmazsan və əməlin xalis olar. Həqiqətdə sənin bu əməlində niyyətin Allah yaxınlıq olmalıdır.

Bil ki, Allah dərgahında asanlıqla yük tutmaq olar və çox da zəhmətə ehtiyac yoxdur. Allah bəndələrin təkliflərini (boyunlarında olan vəzifələrini) asanlaşdırdığı kimi onları zəhmətə də salmaq istəmir.
Həmçinin, Allah dərgahında təkəbbürlük etməkdənsə, təvazökar olmağın sənin üçün daha yaxşıdır. Çünki yersiz zəhmət və özünü öymək rəyasəttələb kəslərə və onlar kimilərə aiddir. Amma təvazökar olmağın nə zəhməti var, nə də xərci vardır. Çünki təvazökarlıq insanın təbiətinə və fitrətinə uyğundur. İnsan da, təbiət də məxluqdur. Allahdan başqa heç bir güc-qüdrət yoxdur!”
Təməttö həccini yerinə yetirənlərə vacib olan əməllərdən biri Minada qurban kəsməkdir. Bu əmələ ibadət və Allaha yaxın olmaqdan ötrü olduğuna görə “qurbanlıq” deyilir. Kökü “qurb” sözündən götürülüb , mənası “yaxın olmaq” deməkdir. “Məcməul-bəhreyn” kitabında belə yazılıb: “Allahın rəhmətinə yaxın olmaqdan ötrü görülmüş hər bir xeyir işə “qurban” deyilir.” Qurani-Kərimdə yeddi dəfə qurbanlıq mövzusuna toxunulur və qurban kəsilməsinin zəruriliyi belə buyurulur:
“Allahdan ötrü həcc və ümrə əməllərini yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatana qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir.”
Allah Təala bu ayədə üç dəfə qurbanlıq mövzusuna toxunur. Başqa bir ayədə Quran buyurur:
“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıqlara, həmçinin, Rəbbinin lütf və razılığını diləyərək Beytul-hərama üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!”
Bu ayədə səkkiz göstəriş verilmişdir, onlardan biri də qurbanlıqdır. Qurbanlıq istər nişanlı olsun, istərsə də nişansız fərq etməz. Bu ayədə yenə həmin mövzu zikr olunur:
“Allah Beytul-həram (müqəddəs ev) olan Kəbəni, haram ayı, boyunları bağsız və bağlı qurbanlıqları insanlar üçün bir yol (hidayət) müəyyən etdi.”
Başqa bir ayədə isə belə buyurulur: “Ey iman gətirənlər! Ehramda olarkən ovu öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası aranızdan olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etməkdir.” Bu kəffarənin Kəbənin yanında qurbanlıq olunmasına göstəriş verilir. Din alimləri arasında məşhur nəzəriyyə budur ki, ümrədə ehram halında ov etməyin kəffarəsi Məkkədə kəsilməlidir. Amma həccdə ehram halında ov etməyin kəffarəsi isə Minada kəsilməlidir. Yenə də başqa bir ayədə Allah buyurur: “Küfr edənlər də, sizin Məscidul-hərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir).”
Allahın Qurani-Kərimdə qurbanlıq məsələsinə işarə etdiyi yeddi mövzu bunlar idi. Bütün bu ayələrdən məlum olur ki, gərək insanlar qurbanlığı Allaha yaxın olmaq üçün kəssinlər, bununla da Allahdan rəhmət və mərhəmət diləsinlər. Hər bir əməldə olduğu kimi, bu məsələdə də riyakarlıq yolverilməzdir.
Qurbanlığın tarixi isə bizim müqəddəs kitabımızda göstərildiyi kimi Adəm peyğəmbərin iki oğlu Habil və Qabilin macərası zamanına aid edilir. Bu məsələ barəsində isə Quran belə buyurur: “Ya Məhəmməd! Onlara Adəmin İki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm!” Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər!”
Bu ayədən məlum olur ki, Allahın rəhmətinə yaxın olmaq yollarından biri də qurban kəsməkdir.
İmam Sadiq (ə) İslam peyğəmbərindən (s) belə nəql edir: “Allah Təala bu qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin.”
Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə)-a ərz etdim: Qurbanlığın səbəbi nədir? Buyurdu: “Qurbanlıqdan yerə tökülən ilk damcı qana görə Allah Təala qurban kəsənin günahlarından keçir. Ona görə ki, təqvalı şəxslər Allah dərgahında müəyyən olunsun.” Sonra buyurdu: “Allah Təala buyurur: Qurbanlığın əti və qanı heç vaxt Allah çatmır. Çünki Allahın ona ehtiyacı yoxdur. Bəlkə də qurbanlıq insanların təqva və pəhrizkarlıqlarının nişanəsidir.” Daha sonra Həzrət buyurdu: “Görün Allah Habilin qurbanını qəbul edir və Qabilin qurbanını necə rədd edir.”
“Vəsailuş Şiə” kitabında İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimə (s.ə.) belə buyurur: “Qurbanlığını kəsən zaman onun yanında hazır və şahid ol! Çünki qurbanlığın ilk yerə tökülən qanı zamanı günahların bağışlanmış olur.” Sonra buyurur: “Bu mətləb və savab bütün müsəlmanlara aiddir.” İmam Kazim (ə)-dan nəql olunur ki, Peyğəmbər (s) belə buyurur: “Qurbanlıqlarınızı çoxaldın. Çünki onlar sizin sirat körpüsündən keçməyinizə vasitə olacaqlar.”
Qurban bayramı münasibətilə Ağamız İmam Mehdini (ə.f) və bütün dünya müsəlmanlarını təbrik edirik!

İlahiyyatçı Fərhad Mirzə.
Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button