ArxivIslamXəbər lentiXəbərlər

“Nardaran işi-3”: “Bu adamlar terrorçu deyil, günahsızdır”

Günahsız adamlara “terrorçu” damğası vurmaq nə hüquqa sığar, nə insanlığa… Neçə aylardır məhkəmə gedir, adamlar gəlib izləyir, eşidir. Məhkəmə qarşısına çıxarılan adamların günahkar olduğuna onları inandıra bildinizmi? Əlbəttə ki, yox, mümkün deyil. Ortada əksəriyyəti polislərdən ibarət şahidlərdən başqa heç bir sübut yoxdur. Bu adamlar terrorçu deyil, günahsızdır”, – Nardaran əməliyyatından sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarovun sözləridir.

O, oktyabrın 16-da Nardaran işi üzrə ağır maddələrlə ittiham olunan üçüncü qrupun məhkəməsində belə deyib.

qafqaz.ir nur-az -a istinad xebere gore .Bakı Ağır Cinayətlər Məhkəməsində on aydır ki, mühakimə olunan üçüncü qrupa Z.Mikayılovla yanaşı, daha 11 nəfər daxildir. Onların işi üzrə məhkəmə istintaqı yekunlaşıb, prokuror da çıxış edib, təqsirləndirilən şəxslərə 14 ildən 18 ilə qədər həbs cəzası istəyib. Ən ağır cəzanın (18 il) Z.Mikayılova verilməsini təklif edib. Hazırda məhkəmədə vəkillərin çıxışı mərhələsidir.

İlahiyyatçının vəkili isə deyir ki, bu məhkəmə Z.Mikayılov da daxil, təqsirləndirilən şəxslərin təqsirsizliyini ortaya qoydu. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslər ağlasığmaz işgəncələrə məruz qalıb. Təkcə özləri ilə kifayətlənməyiblər, onların əleyhinə ifadə almaq üçün şahidlərə qarşı da zorakılığa yol verilib: “Bəzi şahidləri bir neçə gün saxlayıb, bu adamların əleyhinə istədikləri ifadəni alandan sonra buraxıblar”.

Vəkil R.Zülfüqarov hesab edir ki, Nardaran hadisələrinə görə həbs olunan və sonradan üç ayrı qrup kimi məhkəməyə göndərilən şəxslərin işinə birlikdə baxılmalıydı.

Digər təqsirləndirilən Mehman Quliyevin vəkili Zibeydə Sadıqova çıxışında öncə Nardaran hadisələrindən sonra həbs olunan şəxslərin hamısının qanunsuz silah saxlamaqda suçlanmasından danışıb. Vəkil deyir ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra qəsəbə mühasirəyə alınmışdı, hətta çörək maşınlarını da buraxmırdılar. Mehman Quliyev də həmin vaxt həbs olunub: “Bu cür nəzarət altında adamların özlərində silah saxlaması, daşıması qətiyyən inandırıcı deyil. Necə olur, bu adamların hamısından silah-sursat çıxır? Guya, adamlar özləri razılıq veriblər ki, gəlin, evimizdə axtarış aparın. Razılıq ərizələrinin mətninə baxsaq, görərik ki, təqsirləndirilən şəxslərin hamısında mətn eynidir”.

Təqsirləndirilən şəxslərin hamısının həbs olunarkən və ondan sonra istintaq dövründə müdafiə hüququnun pozulduğunu deyən Z.Sadıqova söyləyib ki, qanunsuz yollarla əldə olunmuş sübutların, o cümlədən işgəncə altında alınan ifadələrin hüquqi qüvvəsi yoxdur. Qanun da bunu qadağan edir: “Guya evlərdən silah-sursat tapılanda iştirak eləmiş hal şahidləri var, onların adlarına başqa işlərdə də rast gəlirik. Deməli, bunlar təsadüfən seçilmiş hal şahidləri olmayıb”.

Mehman Quliyevin atası ilə birlikdə saxlandığını deyən vəkilin sözlərinə görə, onu Sabunçu Rayon Polis İdarəsinə aparıb, orada işgəncə veriblər: “Mehman Quliyevi istintaqda dörd dəfə dindiriblər, Taleh Bağırova qarşı ifadə almağa cəhd göstəriblər. Bu adamın Taleh Bağırovla şəxsi tanışlığı olmayıb, Müsəlman Birliyi Hərəkatının da üzvü deyil”.

Z.Sadıqova çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini, saxlanılanlara işgəncə vermiş polislərin cinayət məsuliyyətinə cəlb olunması üçün onların haqqında xüsusi qərardad çıxarılmasını istəyib.

 www.qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button