ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Radikal qruplara qarşı əməliyyatlar başlayır

Hakimiyyət dini sahə ilə bağlı şok gediş ərəfəsində; Avqustun 1-dən ölkə boyu bölücü, təkfirçi qruplara, eləcə də xarici ölkələrə döyüşçü göndərən şəbəkələr əleyhinə geniş miqyaslı əməliyyatlara start veriləcək.

2015-ci ilədək gizli cərəyanların hamısının ifşa olunaraq sıradan çıxarılacağı gözlənilir…
Azərbaycan hakimiyyəti avqustun 1-dən etibarən ölkə boyu radikal dini quruplara qarşı əməliyyatlara başlayır. Bu barədə “Yeni Müsavat”a ötürülən məlumatda qeyd olunur ki, əməliyyat uzun müddətdir hazırlanıb və miqyasına görə indiyədək olanlardan daha böyük olacaq.
Məlumatda qeyd olunur ki, bu ilin əvvəlində Azərbaycan dövlət rəhbərliyinə ölkə ərazisindəki radikal dini qrupların fəaliyyəti, eləcə də ölkədən Suriyaya, İraqa kütləvi şəkildə gənclərin döyüşmək üçün getməsini təşkil edən şəbəkə barədə ciddi, narahatedici dosye təqdim olunub. Bizə çatan məlumata görə, müvafiq dövlət qurumlarının hazırladığı dosyedə narahatlıq doğuran problem detallı şəkildə əksini tapıb.
Sənəddə ölkə daxilində radikal fəaliyyətləri dəstəkləyən, təşviq edən mərkəzlər, Suriyaya döyüşçü aparan şəbəkə, onları maliyyələşdirən mərkəzlər, qeyri-leqal maliyyə şəbəkələri, eyni zamanda ölkə daxilində və xaricdən məhz radikal qrupları, radikalizmi təbliğ edən məscidlərin saxlanılması üçün ayrılan pullar və onların ötürülməsi sxeminin qeyd olunduğu vurğulanır. Eyni zamanda konkret olaraq bu qrupları maliyyələşdirən biznes qurumlarının siyahısının hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunduğu deyilir.
O da bildirilir ki, artıq müvafiq qurumlar bir neçə müddətdir ölkə boyunca radikal qruplar və onlara dəstək verən qurum və şəxslərin fəaliyyətini nəzarət altında saxlayır. Avqustdan etibarən isə ölkə boyu adları qeyd olunan sahələrdə geniş miqyaslı əməliyyatlar başlanacaq. Bizə çatan bilgilərdə o da qeyd olunur ki, əməliyyat yalnız sələfi-vəhhabi, xəvaric qruplara qarşı deyil, radikalizmi təbliğ edən şiə qruplara qarşı da aparılacaq. Siyahıda bir neçə belə qrupun olduğu bildirilir.

Yeri gəlmişkən, bu ilin yazında hökumət qurumları bir neçə məsciddə kiçik miqyaslı təmizləmə işləri aparıb, radikalizmi təbliğ edən din xadimləri, icmalar ifşa olunaraq məscidlərdən uzaqlaşdırılıb, məscidlərin imam və axundları dəyişdirilib. Bundan başqa, ötən həftə Bakıda fəaliyyət göstərən bir sıra özəl şirkətlərdə reallaşan yoxlama və həbslər də məhz bu qurumların radikal qrupları maliyyələşdirməsi ilə bağlı olub. O sırada konkret olaraq “Sevil” yaşayış massivinin sahibi Hacı Aynurun həbsi məhz onun radikal qruplara yaxınlığına görə olub. Məlumatlara görə, yaşayış kompleksinin ərazisində tikilməkdə olan məscid də tez bir zamanda sökülüb.
Ötən həftə barəsində yoxlamalar başlanan və sədrinin həbs olunduğu bildirilən daha bir tikinti şirkəti “AAAF Park” yaşayış kompleksi oldu. Mətbuatda gedən xəbərlərdə Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının şirkətdə yoxlamalar apardığı və daha sonra “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun həbs olunduğu bildirilirdi. İddia olunurdu ki, T.Heydərov vergi cinayəti ilə bağlı saxlanılsa da, onun cəzalandırılmasının kökündə radikal dini cərəyanlara, xüsusən vəhhabilərə “yaşıl işıq” yandırması dayanır.
Şirkət rəhbəri radikal dini qruplara və şəxslərə maliyyə yardımları göstərməkdə, bu dini cərəyanların nümayəndələrinin işlə, evlə təmin olunmasında, eləcə də onların təhlükəsizliyinin təmin edilməsində iştirak edib.

Başqa bilgilərə görə, hazırda radikal cərəyanlara bağlı və ya onlara dəstək verən bir çox şirkətlərə və iş adamlarına qarşı araşdırmalar başlanıb və həbslərin davam etməsi gözlənilir. Bildirilir ki, bu istiqamətdə müəyyən müddətdə fasilə verilməsinin səbəbi araşdırmaların aparılması ilə yanaşı, hökumətin bu sahədə fəaliyyət göstərəcək əsas dövlət qurumları ilə bağlı hazırlıqları (Dini Komitəyə yeni sədr məsələsi və s.) olub.
Əlavə edək ki, bir qayda olaraq yerli vəziyyətdən və dövlətin din sahəsində konkret proqramının yoxluğundan istifadə edən dini qruplar uzun illər ölkədə rahat şəkildə fəaliyyət göstərib və yayıla biliblər. Ancaq artıq vəziyyət dəyişib və hökumət Suriya, eləcə də İraq olaylarından ciddi şəkildə narahat olmağa başlayıb. Xaricdə döyüşən azərbaycanlıların ölkəyə qayıtması (artıq bu cür faktlar var), həmçinin radikal dini təbliğatların yayılması rəsmi Bakını bərk narahat etməyə başlayıb.

Bu məqsədlə hakimiyyət rəsmi qurum statusunda olan QMİ-nin fəaliyyət imkanlarını genişləndirməklə yanaşı, eyni zamanda radikalizmi və dinlər arası münasibətləri gərginləşdirməyə çalışan, bu yöndə təbliğat aparan cərəyan və qrupları sıxışdırmağa çalışır. Hökumətdə hesab edirlər ki, şimalda Dağıstan, cənubda İran faktoru, son illər isə Türkiyə hakimiyyətinin radikal dini cərəyanların üzvlərinə ölkəsində yer verməsi, o cümlədən Azərbaycandan gedən gənc dindarların Suriyaya döyüşə göndərilməsinə şərait yaratması Bakıda ciddi narahatlıq doğurur.
Bu səbəbdən hakimiyyət ölkə daxilindəki dini cərəyan və qrupları nəzarət altına almağı qərarlaşdırıb. Belə görünür, 2015-ci ilədək Azərbaycanda gizli şəkildə şəbəkələşmiş bütün cərəyanlar (sünni, şiə, nurçu, vəhhabi, xəvaric və sair) ifşa olunaraq sıradan çıxarılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button