ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi” “Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür” Yenilənib FOTO VİDEO

«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və «Nardaran işi» üzrə həbs olunmuş daha 16 nəfərin məhkəməsi davam edir.

Yanvarın 9-da keçirilən iclasda vəkil Yalçın İmanov məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən bildirib ki, prokuror çıxış edib, təqsirləndirilən şəxslərə ağır cəzalar istəyərkən məhkəmədə araşdırılmamış sübutlara istinad etdi. Məsələn, 26 noyabr 2015-ci ildə Nardaranda xüsusi əməliyyat keçirilməsi haqda qərara istinad edilib, halbuki, həmin qərar heç məhkəmədə tədqiq olunmayıb.

«PREZİDENTƏ ÜRƏK SÖZLƏRİM OLACAQ»

Müdafiəçinin dediyinə görə, prokuror çıxışında təqsirləndirilən şəxslərin ifadələrini təhrif edib: «Sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxslər prosesdən kənarlaşdırıldılar. Bu mərhələnin onların iştirakı olmadan keçirilməsi qanunsuzdur. Bütün bunları nəzərə alaraq, məhkəmə istintaqının təzələnməsini xahiş edirik».

Taleh Bağırov da vəkilinin vəsatətini müdafiə edib: «Prokuror çıxışında «Taleh Bağırzadənin müraciəti» kitabçasına istinad elədi, amma o kitabça heç məhkəmədə araşdırılmadı. O kitabçanı «bandotdel»dəkilər özləri hazırlayıblar. Orada İlham Əliyev barədə olan fikirlər də elə özlərinə məxsusdur. Yaxud da prokuror iddia edir ki, guya çıxışlarımda dövlət əleyhinə fikirlər olub. Yalandır, həmin çıxışlar Youtube-dadır, orada dövlət əleyhinə bircə kəlmə də yoxdur. Prokurorun bu haqda dedikləri də bizə verilən ittiham kimi qondarmadır».

Məhkəmə prosesinin daxili işlər naziri Ramil Usubovun müdaxiləsilə keçdiyini deyən Taleh Bağırovun fikrincə, İlham Əliyev də məhkəməni nəzarətdə saxlayır: «Mənim ona ürək sözlərim olacaq. Deyirlər ki, guya biz dövlət çevrilişi hazırlamışıq, hakimiyyəti zorla ələ keçirmək istəmişik. Əslində isə, 11 il ərzində MTN və onun generalları bu dövləti zorlayıb. Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür».

«GÖZƏL BİLİRSİZ Kİ…»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, əvvəlcə hakimlər formal da olsa, müəyyən prosedurlara əməl eləməyə çalışırdılar, amma prosesin gedişində hakimiyyət ifşa olunduqca, açıq-aşkar qanunsuzluqlara keçdilər. «Şahid ifadələriylə hakimiyyət ifşa olundu. Ona görə tez-tələsik məhkəməni yekunlaşdırmaq yolunu tutdular. Prokurorun mənə 11 il istəməsi çoxları üçün gözlənilməz oldu. Amma biz bu yolu seçəndə hər şeyi gözə almışdıq. Bir çox məsələlərin, sənədlərin burada araşdırılmasına ehtiyac da görmədilər. Bu, artıq əxlaq məsələsidir. Bu proses həm də hakimiyyətin bizə qarşı qərəzli olmasını, gerçək araşdırmanın, həqiqətin üzə çıxmasının onu maraqlandırmadığını göstərdi. Bizim çıxışlarımız məhkəməyə yox, Azərbaycan hakimiyyətinə ünvanlanıb. Siz məhkəmə olaraq, niyə obyektiv araşdırma aparmırsız? Çünki gözəl bilirsiz ki, bizim heç bir günahımız yoxdur. Amma yenə də bu biabırçılığı öz üzərinizə götürürsüz. Siz bu gün heç bir araşdırma aparmadan məhkəmə hökmünə imza atırsız».

Vəkil Abil Bayramov çıxışında təqsirləndirilən şəxslərin hamısının günahsız, onlara verilən ittihamların isə qondarma olduğunu, hüquqlarını müdafiə etdiyi Zakir Mustafayevə ağlasığmaz işgəncələr verildiyini vurğulayıb:

«Zakir Mustafayevə verilən qəsdən adam öldürmə, mütəşəkkil cinayətkar dəstənin üzvü olma və s. ittihamların heç biri məhkəmədə sübuta yetirilmədi. İttiham veriblər ki, guya, Zakir Mustafayevdən avtomatın sandıqçası və patronları çıxıb, amma avtomat özü yoxdur. Belə şey olur?!».

«GÖZLƏYİRDİLƏR Kİ, İŞGƏNCƏ İZLƏRİ GETSİN»

Həbs olunarkən yetkinlik yaşına çatmayan Ramin Yarıyevin vəkili Gülşən Salmanova da çıxış edib: «Raminin valideynləri mənimlə müqavilə bağlayandan sonra onunla çox çətinliklə görüşə bildim. Psixoloji durumu həddindən artıq pis idi. Verilən işgəncələrə, qorxudulmalara görə hətta mənə də inamı yox idi. Yetkinlik yaşına çatmadığından onun qanuni nümayəndəsi kimi icra hakimiyyətinin əməkdaşını tanımışdılar. Halbuki, valideynlər sağ olduğu halda bu, qanunsuz idi. Mənim çoxsaylı şikayətlərimdən sonra onun valideynini qanuni nümayəndə kimi tanıdılar. Əslində, mən bilirəm ki, niyə mənə 10 gün onunla görüşməyə imkan vermədilər. Gözləyirdilər ki, bədənindəki işgəncə izləri getsin. Ramin özü də mənə dedi ki, bədəninə bu məqsədlə müxtəlif dərmanlar sürtüblər».

Müdafiəçi deyir ki, 18 yaşı tamam olmayan uşağa Cinayət Məcəlləsinin 20-dən artıq maddəsiylə ittiham veriblər, prokuror da ən yuxarı cəzanı istəyib.

Qanuna görə, hadisə baş verərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq həbs cəzası verilə bilməz. Prokuror Ramin Yarıyevin 10 il azadlıqdan məhrum edilməsini təklif edib: «İttihamda yazıblar ki, guya şalvarının arxasından qumbara çıxıb. Dar cins şalvarın arxa cibinə qumbara yerləşər? Sonra da Avropa Məhkəməsi Azərbaycana qarşı qərar çıxaranda deyirlər, niyə belə oldu?».

Gülşən Salmanova deyir ki, altı nəfərin ölümü, günahsız adamların dəmir barmaqlıqlar arxasına düşməsi «bandotdel»in yarıtmaz əməliyyatının nəticəsidir. Müdafiəçi hesab edir ki, əməliyyatın çəkilişi var, sadəcə, əməliyyatı keçirənlərə sərfəli olmadığından onu üzə çıxarmırlar: «Çünki yaxşı başa düşürlər ki, o çəkilişi üzə çıxarsalar, özləri burada oturmalı olacaqlar».

Məhkəmə davam edir.

XATIRLATMA

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Taleh Bağırov və daha 17 nəfərin mühakiməsi isə davam edir. Prokuror Taleh Bağırova ömürlük, qalanlarına isə 10 ildən 20 ilə qədər həbs cəzası istəyib.

Təqsirləndirilənlər ittihamları rədd edir, həbs olunarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını, bu yolla onlardan yalan ifadə alındığını bildirirlər. İdarənin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən bugünkü prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması hesab olunur.

Məhkəmə vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər.

Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edərək, Z. Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib.

Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığı əsas gətirib və onun təqsirsiz olduğunu deyib.

Vəkil Elçin Sadıqov isə çıxışında təqsirləndirilən şəxslər – Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini iddia edib.

Proses davam davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button