Islam

Əxbarilik -Ustad Şəhid Mürtəza Mütəhhəri

Təqribən dörd əsr bundan əvvəl Şiə məzhəbində «Əxbarilik» adlı yeni bir cərəyan meydana çıxdı. Bu günlər əxbarilik olduqca azdır və nəzərə çarpmır. Əxbarilik davam etdiyi iki-üç əsr ərzində müsəlmanların böyük bir hissəsini öz təsiri altına salmış və minlərlə günahsız insanın qanının tökülməsinə, saysız-hesabsız müharibələrin baş verməsinə səbəb olmuşdur. Əxbariliyin müqabilində nəyin durduğunu bilmək istəsəniz bilin ki, bu, ictihaddır.
Bizlər belə bir fikirdəyik ki, hər bir müsəlman şəri hökmləri yerinə yetirmək üçün ya gərək özü müctəhid, ya apardığı araşdırmalardan sonra qəti nəticəyə gələn (fiqhi termin olaraq buna ehtiyata əməl edən deyirlər) ola və ya müctəhidə təqlid (yəni onun göstərişlərinə sorğu-sualsız əməl) edər. Biz təqlidi tamamilə düzgün və məntiqi bir iş hesab edirik. Əxbarilər isə ictihadı qətiyyətlə rədd edir, onu bidət hesab edirdilər. Onlardan, «dini məsələlərdə kimə müraciət etməli?» soruşduqda, deyərdilər: «Hər bir müsəlman nəql olunmuş hədis və rəvayətlərə müraciət edib şəri hökmləri oradan əldə etməlidir«. Müctəhidlər onlara məntiqi cavab verərək deyirdilər: «Təbabət elmində olduğu kimi, dini məsələlərdə də fətva vermək üçün dini elmlərə yiyələnmək və mütəxəssis olmaq lazımdır». Onlar isə bütün bu deyilənləri əldə heç bir əsas olmadan rədd edir və bunu əhli-sünnədən götürüldüyünü iddia edirdilər.
Bəs əxbarilik nə zaman və kim tərəfindən meydana gəlmişdir?
Əxbarilik 3-4 əsrdən çox davam gətirmir və ilk dəfə olaraq bu haqda Məkkə və Mədinənin yaxınlığında yaşayan Molla Əmin Əstərabadi fikir irəli sürür. Bu şəxsin tarixi və kimlərlə əlaqədə olduğu dəqiq məlum deyildir. Şiə olmasına baxmayaraq Şeyx Tusi, Əllamə Hilli və Mühəqqiq Hilliyə qarşı çıxır və onların nəzəriyyələrini qətiyyətlə rədd edirdi. Çünki Əllamə Hilli əsaslı dəlillərlə nəql olunmamış hədis və rəvayətləri mötəbər hesab etmirdi.
Buradan belə bir nəticəyə gəlirik ki, nəql olunan rəvayətlərin hamısı heç də mötəbər deyildir. Bunun üçün də biz ilk növbədə hədisin kimlər tərəfindən nəql olunduğuna diqqət yetirməliyik. Molla Əmin, Əllaməyə öz etirazını bildirərək demişdir: «Əllamə rəvayətlərimizi hissə-hissə etmiş və onlardan bir çoxunu ixtisara salmışdır. Əlimizdə nə qədər rəvayət varsa, onların hamısı düz və mötəbərdir. Hər-hansı bir rəvayəti zəif adlandırmaqla, İmam Sadiqə (ə) qarşı hörmətsizlik etmiş oluruq. Məgər imam Sadiqdən (ə) zəif hədis nəql oluna bilərmi?! Xüsusilə, dörd mötəbər hədis kitablarında?!» Yəni Şeyx Kuleyninin «Üsul-Kafi», Şeyx Tusinin «Təhzib» və «İstibsar» və Şeyx Səduqun «Mən la yəhzuruhu əl-fəqih» adlı kitablarında. Əgər hər-hansı bir hədis və rəvayət bu dörd kitabdan birində nəql olunarsa, heç bir şübhəyə yer qalmamalıdır.

QONDARMA HƏDİSLƏRƏ DAİR BƏZİ NÜMUNƏLƏR

Müctəhid o şəxslərə deyilir ki, Əllamənin bu nəzəriyyəsini qəbul etmiş olsun. Üsul-Kafi və adları çəkilən digər kitablarda da sənəd və ravi baxımından qeyri-mötəbər və heç bir əsası olmayan rəvayətlərlə qarşılaşırıq. Məsələn, bir qədər əvvəl Riba (sələm) barədə mütaliə edirdim. Rəvayətlərin birində Əli ibn əl-Hədid adlı bir şəxs deyirdi: «Səlsəbil adlı bir qadın məndən pul istədi. Pulu ona faizlə verdim, şəri qanunlara əsasən bu iş düzdür, ya yox?» Səhv etmirəmsə hədis «Təhzib»də nəql olunmuşdur. Başqa bir rəvayətdə isə həmin şəxsin adının çəkildiyini gördüm. Şeyx Tusi hədisi nəql etdikdən sonra deyir: «Hədis olduqca zəifdir». Demək əgər hədis bu dörd hədis kitablardan birində nəql olunmuşsa, hökmən onu qəbul emtəliyikmi? Xeyr! Bu kimi hədislərə istinad etmək olmaz.
Başqa bir misal: Kuleyni «Üsul-Kafi»də belə bir hədis nəql edir: «İmam Sadiqin (ə) zamanında bir neçə nəfər Peyğəmbər məscidinin günbəzini təmir etmək qərarına gəlir. Tavanı götürdükdən sonra onlardan biri deyir: «İndi ki tavanı götürmüşük, Peyğəmbərin (s) qəbrinə yuxarıdan baxa bilərik, ya yox?». Biri bunun icazəli olduğunu deyir, digər isə tamamilə rədd edir. Onlardan biri «nə üçün baxmaq olmaz» soruşduqda, buna müxalif olan şəxs deyir: «Ola bilsin Peyğəmbər (s) qadınlarının biri ilə məhrəmanə söhbət edir və biz onları görə bilərik!»
Bəlkə də bu adi və sadəlövh bir müsəlmanın sözləridir. Belə olan təqdirdə, «Üsul-Kafi»də nəql olunan bütün hədis və rəvayətləri qəbul etməliyikmi? Əxbarilər bu məsələyə təkid edərək deyirdilər: «Kafi»də nəql olunan bütün hədislər düzgün və mötəbərdir. Müctəhidlər isə onların bu fikirləri ilə razılaşmayıb deyirlər: «Xeyr! Bu kimi qondarma və saxta hədislər minlərlədir və onlara istinad etmək tamamilə səhvdir».
Əbil Xəttab İslamla zidd və dini-imanı olmayan bir şəxs idi. Edam olunarkən son sözü bu olur: «Mən sizin hədislərinizə dörd min saxta hədis əlavə etmişəm». Müctəhidlər məhz bu kimi faktları nəzərə alaraq, nəql olunmuş bütün hədis və rəvayətlərə istinad etməyi əsla düzgün hesab etmirlər.
Görkəmli dini şəxsiyyətlərdən biri olan Yunis ibni Əbdürrəhman deyir: «Çalışırdım yalnız mötəbər hədisləri yığıb kitab halına salam. Hədisləri yığıb qurtardıqdan sonra onları İmam Rzaya (ə) göstərdim və dedim bu rəvayətləri sizin ata-babalarınızdan (məsum imamlardan) yazmışam. İmam Rza (ə) hədislərin bəzilərinin üzərindən xətt çəkib buyurdu: «Bunlar yalandır».

MÜCTƏHİDLƏRİN ƏXBARİLƏRLƏ MÜBARİZƏSİ

Lakin əxbarilər bütün bunları qəbul etmək istəməmişlər. Uzun illər müctəhidlərlə əxbarilər arasında çəkişmə və mübahisələr olmuşdur. Əxbariliyi statik və doqmatik cərəyan adlandırmaq olar.
Məsihilər ağlın dini məsələlərə müdaxiləsini yolverməz hesab edirlər. Məsihilər deyirlər ki, Allah İsa oldu, İsa da Allah. Aləmi vücuda gətirən Allah təkdir, tək olduğu halda da üç şeydən ibarətdir. Axı varlıq necə həm bir, həm də üçlük təşkil edə bilər? Ağıl bunu rədd edir. Lakin onlar ağıla bu kimi işlərdə heç bir səlahiyyət vermirlər.
Əxbarilər də məhz belə bir məntiqə əsaslanırdılar. Belə bir misal çəkirlər: «Bir dənizin suyunun bir fincana yerləşməsini ağıl qəbul etmir. Lakin ağılın bu kimi məsələlərə müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur». Əxbarilər bu məntiqlə hoqqabaz və fırıldaqçı şəxslərdən istifadə edərək, minlərlə hədis uydurur və onların ixtiyarına qoyurdular.
Təəssübkeş və İslama qarşı qərəzli mövqe tutan yəhudilər belə bir münasib şəraitin yarandığını görüb, hədis toplusu uydurub əxbarilərin ixtiyarına qoyur və onlar tam sadəlövliklə bu hədislərə istinad edirdilər.
«Silsilətül-Əhmar» və digər hədislər sözün əsl mənasında İslam dünyası üçün böyük bir faciə olmuşdur. Əgər müctəhidlər bu sahədə öz səylərini göstərməsəydilər, bu günlər müsəlmanlar böyük çətinliklərlə üzləşməli olacaqdılar.

ƏXBARİLƏRİN QURANLA TOQQUŞMASI

Bəs Quran? Hədislərin mötəbərliyini sübuta yetirmək üçün onu necə aradan götürməli idilər? Axı onun Allah kəlamı olmadığını deyə bilmirdilər. Əxbarilər belə bir məntiqə əl atırlar: «Quran hər şeydən uca olduğu üçün adi insanlar onu başa düşməyə qadir deyillər. Onu dərk edə biləcək şəxs varsa, o da məsum imamlardır».
Ümumiyyətlə onlar belə bir fikirdədirlər ki, Quranın müraciət etdiyi şəxslər əsla bizlər [müsəlmanlar] deyilik. Beləliklə Quranı da etibardan salaraq, yalnız hədis və rəvayətlərə müraciət etməyi zəruri hesab etmişlər. Lakin həqiqəti aşkara çıxarmaq üçün Quranın nə dediyinə və nəql olunmuş hədis və rəvayətlərin hansının mötəbər və hansının isə zəif olduğuna diqqət yetirilməlidir. Hər şeyi məntiqi olaraq araşdırmalı, alimlərin [icmanın] verdikləri fətvaları nəzərdən keçirməliyik. İctihada müxalif olan əxbarilərin dediklərini nəzərə almaq, bəzən Quranın özünü də sual altına almalı olacağıq. Məsələn, «Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin» ayəsini onlardan bəziləri öz saxta hədislərinə istinad edərək belə oxumuşlar: «Siratə mən ənəmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyriz-zallin». Beləliklə, saxta və qeyri-mötəbər hədislərə istinad edərək, Quranın bir çox ayə və kəlmələrini dəyişib bir qədər fərqli olaraq oxumuşlar. Bununla kifayətlənməyib həmin Quranların nəşrinə başlamışlar. Lakin Ayətullah Bürucerdi bundan xəbər tutur, nəşrin qarşısını alıb, çap olmuş Quranları dənizə tökməyi əmr edir. Vay o gündən ki, həmin Quranlar çap olub yəhudi və məsihilərin əlinə düşmüş olaydı. Onlar bunu bəhanə gətirərək deyərdilər: «Quranın təhrif olunmadığını iddia edən müsəlmanlar indi özləri öz əlləri ilə yeni Qurandan fərqli olan başqa bir Quran yazmışlar».
Əxbarilikdən ibarət belə bir qorxulu tərz-təfəkkür İslam dünyasına ağır zərbə vurmuşdur. Təəssüflər olsun ki, onun ağrı-acısı hələ də davam edir.

Ustad Şəhid Mürtəza Mütəhhəri
“İslam və zamanın tələbləri” kitabından

Nur-az.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button