ArxivIslamXəbər lentiXəbərlər

Zülməti yaran nur – Hacı Əlikram Əliyevin xatirəsinə

Qurban Cəbrayıl, Azərbaycan Yazıçılar Birliyinin üzvü
ünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma onun halına, ondan həzər eylə…
İmadəddin Nəsimi
Bəşəri övladı gəlir və gedir – qalansa yalnız izlər, xatirələrdir. Dünyanı ötəri dayanacağa, müvəqqəti mənzilə, əkin yerinə bənzədib aqillər; uzun yolçuluqda bir anlıq ayaq saxlayır, ömür payını yaşayır, əməllər sahibi olursan – burada nə səpmisənsə, onu da biçəcəksən, axirətin üçün təminat, azuqədir. Mütləq zaman saysız-hesabsız hadisələrə şahidlik edib, çox nəhəngləri, taleləri axarına, burulğanına çəkib aparıb. Hökmranlıq taxtında əyləşənlər sarayları, sərvətləri qarışıq ümumxalq nifrətinə gömülüblər. Amma bir əməl sahibinə həmişəlik yaşam haqqı qazandırıb, söz-fikir adamları adlarını əbədiyyət səhifələrinə qızıl hərflərlə yazmağı bacarıblar, el üçün çalışanın, xalqın halına yananın məzarı milyonların ziyarətgahına çevrilib, ilahi çağırışa boyun əyib milli-mənəvi dəyərlər uğrunda çarpışanlar heç zaman unudulmayıblar…
Həmin şəxsiyyətlərdən biri də, milyonların ürəyində, yaddaşında uçulmayacaq bir məhəbbət qalası ucaltmış, ölkəmizin istər sovet rejimi, istərsə də müstəqillik illərində dini, ictimai-siyasi, mənəvi mövqeyinə və fəaliyyətinə görə daim hörmətlə, ləyaqətlə xatırlanan Hacı Əlikram İsmayıl oğlu Nardaranidir. Hansı ki, İslama və vətənə sevgisi, milli azadlıq ideyaları, dəyişməz əqidəsi, haqq naminə mücahidliyi, nahaqla barışmazlığı, sair unikal xüsusiyyətlərinə görə nəinki Azərbaycanın orta və yaşlı nəsillərinə, eləcə də region ölkələrinin, bütün müsəlman aləminin mübariz ruhlu, mütərəqqi düşüncəli insanlarına yaxşı tanışdır.
O doğulanda (1940) mən hələ dünyaya gəlməmişdim – səksəninci illərin sonunda müxtəlif auditoriyalarda barəsində eşidirdim, sonra yaxından tanışlığımız yarandı və birgə çalışdıq; cismən köç (17 mart 2011) edəndə isə paytaxtda deyildim – təbrizli yazar dostumuz, poeziya, irfan, mənəviyyat xiridarı Mustafa Quluzadə zəng vurub üzüntülü xəbəri çatdırdı, tez-tələsik Bakıya, Nardarana Hacı ilə vidalaşmağa tələsdim… Dəfni, hüzr məclisləri, sonrakı anım tədbirləri də sağlığındakı kimi keçdi, səviyyəli, izdihamlı, İslam maarifi, din təbliği ilə. Bir də qəribə, sehirli aura vardı o mərasimlərdə – yoxluğu bilinmirdi, sanki özü də iştirak edirdi, hansısa ayəni, hədisi misal çəkib auditoriyanın düşüncələrinə hakim kəsilir, duzlu söhbətləri ilə dinləyənlərin əhvalını təzələyirdi. Və tam əminliklə deyirəm, vəfatından keçən 6 il ərzində ailə üzvlərindən və qohum-əqrabasından əlavə, dostlarının, onu tanıyanların elə bir rastlaşması, söhbəti, toplantısı olmayıb ki, həmin ibrətamiz lətifələri yada salıb dodaqları qaçmasın…

Hələ orta məktəb illərindən jurnalistikaya meylliliyim, ədəbiyyata, şeirə həvəsim üzündən mərhum qardaşı Hacı Maili daha tez tanımışdım. Yəni o zaman Mail müəllim həm tanınmış qəzəlxan, həm də istedadlı Füzulişünas olaraq özünü təsdiqləmişdi, necə deyərlər, meydanda idi. Universitet illərində də biz gənclər onun klassik ədəbiyyata, əruza dair çıxışlarını dinləyər, məqalələrini oxuyardıq. Səksəninci illərin sonlarına doğru reallaşan milli oyanış sivil, demokratik mühitin – çoxpartiyalı sistemin formalaşmasını diqtə edirdi. Və Hacı Əlikram Əliyev Kommunist Partiyasının hələ səhnədən getmədiyi, DTK repressiyasının meydan suladığı şəraitdə ortaya çıxan Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinə üzv seçildi, qurumun mərkəzi aparatının və Sabunçu rayon şöbəsinin rəhbərliyində fəal iş apardı. Çoxları bir qədər yanlışlığa uğrayaraq, Hacının ictimai-aiyasi fəaliyyətini məhz həmin dövrdən və hadisələrdən hesablayırlar. Lakin unudurlar ki, XX əsrin sonlarındakı nisbətən münbit zəmin onun və əqidədaşlarının hələ 20-30 il öncəki gizli təbliğatlarından, ateist sovetlərin çürüklüyü barədə söhbətlərindən, moizələrindən qaynaqlanırdı. Həmin səbəbdən də 1979-cu ildə qonşu İranda baş verən təkamül azəri vətənpərvərlərinin qəlbində bir ümid qığılcımı yandırmışdı. Uzaqgörən insanlar İslam inqilabının azğın şah rejiminə son qoyduğu kimi, müttəfiq respublikalarda baş qaldıracaq milli-azadlıq hərəkatlarının da qırmızı imperiyanı yenəcəyinə inanırdılar. Bu mənada, Əlikram İsmayıl oğlu 60-70-ci illərin dissidenti sayıla bilər. Sonralar özünü büruzə verən müəyyən mövqe uyğunsuzluqları və yoldan sapmalar Hacı Əlikram Əliyevin, Hacı Vaqif Qasımovun və Hacı Hacıağa Nurinin AXC-dən ayrılaraq müstəqil siyasi qurum yaratmaları ilə sonuclandı və tarix göstərdi ki, onlar heç də səhv etməyiblərmiş… Həmin təşkilat bütün təzyiq və təqiblərə baxmayaraq, bu gün də uğurla fəaliyyət göstərən Azərbaycan İslam Partiyası idi. AİP barədə təkcə bir faktı vurğulamaq kifayətdir ki, son dövrlərdə hətta rəsmi səviyyədə belə, etiraf olunan nəsnələr (Qərb dövlətlərinin xəyanəti, Qarabağ həqiqətləri, ATƏT MQ laylaları, iqtisadi krizis, mənəvi-əxlaqi aşınmalar, İŞİD təhlükəsi və s) 20-25 il öncə İslamçı siyasilərimiz tərəfindən açıqlanmış, mütəmadi şəkildə həyəcan təbili döyəclənmişdi…
… Mən 1991-ci ildə Rusiyada hərbi xidmətimi başa vurub qayıtdıqda 20 Yanvar faciəsini yaşamış xalqın cihad əhval-ruhiyyəsini, məmləkətimizdəki inqilabi yenilikləri, icimai-siyasi ab-havanın kökündən dəyişməsini gördüm. Prosseslər 70 il imperiya boyunduruğunda yaşamış respublikanı suverenliyə doğru aparırdı ki, oktyabrın 18-də imzalanan müstəqillik haqqında Dövlət Aktı uzun və məşəqqətli mübarizənin ən gözəl bəhrəsi odu. Cəmiyyətdə tədricən azad, demokratik mühit, fikir plüralizmi formalaşırdı. Hacının və adıçəkilən siyasi təşkilatın effektiv fəaliyyəti təxminən 6 il yüksələn xətlə davam elədi, 1996-cı ildəki həbs dalğası ilə bir çox layihələr yarımçıq qaldı. 1999-cu ildə əfv fərmanı insanları yenidən doğmalarına, iş-güclərinə qovuşdurdu və ölkədəki ictimai-siyasi hərəkat vüsət aldı. Hacı Əlikramla yaxından tanışlığım həmin ərəfəyə təsadüf edir, noyabrın 17-də həbsxanadan çıxanları gözləyən jurnalistlər arasında mən də vardım. Onları Nardaranda böyük coşqu ilə qarşıladılar: Hacı niyyətinə uyğun, öncə Rəhiməxanım ziyarətgahına təşrif buyurdu, namaz qıldı, dua elədi; pirin həyətində, ətraf yollarda iynə atsan yerə düşməzdi, “Allahu-əkbər” sədaları göyə yüksəlirdi.
Bu əsl xalq məhəbbətinin təcəssümüydü, insanlar onu çox sevirdilər. Çünki həqiqi el ağsaqqalı idi. Sözügedən nüfuzu həmişə müşahidə eləmişəm, xüsusən də 2002-ci ildə Nardaran hadisələri zamanı. Sosial-iqtisadi tələblərlə ayağa qalxan kütləylə güc strukturları üz-üzə qalmışdılar. Güllə atılmışdı, ölən, yaralanan, tutulanlar vardı, qəsəbənin giriş-çıxışı bağlanmışdı. Çox ağır dövrlərdə Hacı Əlikram müdriklik göstərdi, beyniqan cavanları sakitləşdirdi, hakimiyyət orqanları ilə danışıqlar apardı. Doğrudur, qarışıqlığa salıb onu təzədən həbs elədilər, amma şükürlər olsun ki, hər şey yaxşı qurtardı, zindandakılar buraxıldılar, kütləvi tələfata yol verilmədi. Bütün bu əzab-əziyyətlər, məşəqqətlər səhhətində dərin iz buraxdı təbii ki: şəkər diapetinə yoluxdu, qan təzyiqi kəskin yüksəldi, gözləri tamam zəiflədi, ürəyində ciddi problemlər yarandı… Amma ictimai fəaliyyətini dayandırmadı, daim elmə, təhsilə, mədəniyyətə, imana üstünlük verən, belə gənclərə şərait yaratmağa çalışan Hacı, ömrünün sonlarına tərəf yenə də ziyalıları başına topladı – Azərbaycan Ziyalılar Birliyi Ağsaqqallar Şurasının sədri seçildi.
O, fitrətən xüsusi qabiliyyətlərə, unikal keyfiyyətlərə malik idi; dəqiq müşahidəsi, güclü hafizəsi, iti mühakiməsi vardı. Sovetlər dönəmində İdman İnstitutunu bitirib, bir müddət müəllim işləmiş, kənd təsərrüfatı sahəsində çalışmışdı. Lakin mütaliə və zehni imkanları sayəsində nitqi din alimlərinin moizələrindən seçilmirdi, dahi Füzulini, Seyid Əzimi, Əlağa Vahidi, Racini, Qumrini, Sərrafı yaxşı bilirdi, siyasi cərəyanlara, geopolitik prosseslərə təhlili təfəkkürlə yanaşırdı, bir sözlə özünəməxsus baxışları, analizləri maraq doğururdu.
Əlamətdar hadisələr, dini təqvim üzrə müqəddəslərin mövlud-şəhadət günlərində həyətində böyük çadırlar qurular, ehsan süfrələri açılardı, evindən qonaq-qara əskik olmazdı. Həm də böyük ailə başçısı – qayğıkeş ata, nəvazişli baba idi, Hacıxanımla birgə gözəl övladlar böyüdüb tərbiyə eləmişdilər, nəvələri, bəlkə də artıq nəticələri var. Oğlu Hacı Hüseynlə hərdən zəngləşir, hal-əhval tuturuq.
“Hacı Əlikramın cihadçı simasında həqiqi iman təcəlli edib”. Bu fikirləri onun haqqında xatirələr kitabının müəllifi, yazıçı Mustafa Quluzadə yazıb: “Keçən 100 ildə Azərbaycan Respublikasında Şəhid Ayətullah Şeyx Qəni Badkubeyidən sonra Hacı Əlikram kimi bir mücahid görünmədi və bu mübarizin yolu bütün İslam ölkələrində gənclərin ülgüsü olmalıdır. Xəstəliyinə və yaşlılığına rəğmən, hər il Ümumdünya Qüds Günü yürüşlərində iştirak edirdi və bu il də həmin günün tədbirlərinə kəfən geyərək qatıldı”.
Necə ki, çoxsaylı insanlar Hacını həyat-fəaliyyətləri üçün nümunə bilirdilər, onun da özünə örnək saydığı, pərəstiş etdiyi şəxsiyyətlər vardı – şəhidlər sərvəri İmam Hüseyn (ə), İslam inqilabının memarı Seyid Ruhullah Xomeyni (r.ə), İranın Ali Rəhbəri Seyid Əli Xamneyi cənabları, dinimizin böyük üləmaları va sair. Onlardan söhbət açanda qəlbi riqqətə gələr, bərk kövrələr, ağlayardı. İslam dünyasının yüksək məqamlı şəxsiyyətləri ilə yaxın dostluq münasibətləri vardı. Beynəlxalq Əhli-Beyt Cəmiyyəti vəfatı ilə əlaqədar yaydığı başsağlığı bəyanında deyilir: “Azərbaycan İslam Partiyasının banisi, Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının tanınmış üzvü, yorulmaz mücahid, mərhum Hacı Əlikram Əlizadənin canyandırıcı vəfatı Allahsevər möminlər, haqq və həqiqət yolu mübarizlərinin kədərlənməsinə və qəminə səbəb oldu. Allah yolu mücahidinin vəfatı böyük və ağır itkidir ki, müsəlman ümmətin və inqilabçı möminlərin qəmginliyinə səbəb olub.

Bu mömin zahid həqiqətən Əhli-Beyt (ə) məktəbi və İslam dəyərlərinin müdafiəsi yolunda saysız çətinliklərə və dərdlərə dözdü və özünün bütün vücudunu əsl İslam dini yolunda vəqf etdi. Hacı Əlikram kommunistlərin hakimiyyəti zamanı xaos və boğucu atmosferdə dəfələrlə təzyiqlərə, həbslərə məruz qaldı. Amma çox möhkəm formada özünün müqəddəs hədəfi yolunda addımladı.
Hacı Əlikram Əlizadənin vəfatı münasibətilə bütün dünya müsəlmanları xüsusilə dost və qardaş ölkədə yaşayan müsəlman bacı və qardaşlara, mükərrəm ailəsinə başsağlığı verir və o mərhumun Allah-Təala nəzdində yüksək mənəvi məqamlara çatması və pak övliyalarla məşhur olmasını diləyirik.”
Azərbaycanın, Nardaranın bu ləyaqətli oğlu barədə günlərlə danışmaq, cildlərlə yazmaq mümkündür. Ancaq danılmaz bir reallığı yenidən vurğulamaqla pak ruhunu şad eləmək və mövzunu yekunlaşdırmaq istəyirəm. Hacı Əlikram İsmayıl oğlu Əliyev ölkəmizdə hələ ateizmin tüğyanı zamanlarından başlanan İslam hərəkatının banisidir və neçə əsrlər ötüşməsinə baxmayaraq, bu cür də xatırlanacaq.
O, həqiqətən bütpərəst sovet cəhalətinin qaranlığını yarıb keçən şimşək təki parladı və “qırmızı imperiya mollaları”nın canına qorxu salmağı bacardı; möhkəm göy gurultusu ilə müşayiət edilən həmin ildırımın çaxışı isə məqsədli şəkildə qəflət yuxusuna verilən gələcək nəsilləri silkələyib oyatdı.
Allah qəriqi rəhmət eləsin! Məkanı cənnət olsun, qəbri nurla dolsun, inşəallah!
ShareFacebookTwitterGoogle+LinkedInTumblr

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button