ArxivXəbər lentiXəbərlər

Böyrəyini satmaq istəyən azərbaycanlı aktyor: “Borcum var”

Bakı Uşaq Teatrının gənc aktyoru Cavanşir Məhərrəmovun böyrəyini satması barədə xəbərlər yayılıb.

 ANS PRESS-ə müsahibəsində aktyor Cavanşir Məhərrəmov da yayılan xəbərlərin doğru olduğunu təsdiqlədi. Onun sözlərinə görə, imkansızlıqdan böyrəyini satmaq barədə qərar verib.

 “Bir jurnalist dostum ilə səmimi söhbət zamanı dedim ki, çox ehtiyac içindəyəm. Atam da, anam da işləmir, kirayə qalıram. Hər ay borc tapıb kirayə pulu verirəm. Ən əsas problemim evsizlikdir. Heç maaşımı artırmasalar belə, aidiyyəti orqanlar məni evlə təmin etsə, çox minnətdar olaram”, – deyə gənc aktyor bildirdi.

 Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan aktyorun böyrəyini satması barədə qərar verməsini ciddi qəbul etməyib. Onun sözlərinə görə, Cavanşir Məhərrəmov zarafat edib.

 “Düzdür, kasıbdır, atası da, anası da işləmir, kirayə qalırlar. Amma böyrəyini satmaq haqqında dedikləri cinayət məsələsidir. Böyrək satmaq asan iş deyil. Donor məsələsi var və s. Sadəcə o, bilmədən belə bir söz deyib”, – deyə teatrın direktoru qeyd etdi.

 Həkim-transplantoloq Mircəlal Kaziminin sözlərinə görə, böyrək almaq və ya satmaq cinayət məsuliyyəti daşıyır və həmin insanı 3 ildən 5 ilədək həbs gözləyir.

 Qeyd edək ki, mətbuatda gənc aktyor Cavanşir Məhərrəmovun böyrəyini satmaq istəməsi haqqında xəbərlər yer alıb.

 Aktyor əvvəlki açıqlamalarında deyib: “Banka borcum var. Ailədə üç nəfərik, işləyən təkcə mənəm. Mənim də əməkhaqqım 174 manatdır. Halbuki kirayəyə 190 manat ödəyirəm. Yeməsək, içməsək 16 manat da aylıq məvacibimin üstünə qoyub kirayə verməliyəm. Əlavə gəlirim yoxdur. Əvvəl seriala, filmə çəkilib 5-10 manat qazanırdım. İndi o da yoxdur”.

 Cavanşir Məhərrəmov 2006-cı ildən Bakı Uşaq Teatrında çalışır. 2010-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin ən yaxşı aktyoru” nominasiyasında mükafatla təltif olunub.

 Tarixi köklərə bağlı olan mədəniyyətimizə, incəsənətimizə dövlətin laqeyd münasibət göstərməsi ürək ağrıdıcıdır. Mədəniyyətimizdə, incəsətimizdə çalışan sənətkarlara nə qədər aşağı maaş verilərsə, bu sənətə olan həvəs də getdikcə bir o qədər azalacaq. Odur ki, aidiyyəti orqanları bu məsələyə daha ciddi yanaşmağa və lazım olan tədbirlər görməyə səsləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button