AktualAktualmədəniyyatXəbər lentiXəbərlər

İcra başçısının əkdirdiyi 2000 ağac qurudu

Prezident İlham Əliyevin Neftçalaya səfəri ərəfəsində rayon mərkəzində əkilən 2000-dən çox ağac quruyaraq məhv olub.
 
Bu məlumatı Neftçala şəhər sakinləri verib.
 Sakinlər bildirirlər ki, dövlət başçısının Neftçalaya sonuncu səfəri ərəfəsində rayon mərkəzində irimiqyaslı abadlıq-quruculuq işləri görülüb, bu işlər çərçivəsində 2 mindən çox ağac əkilib. Ağaclar şəhərin girəcəyindən mərkəzə doğru – Heydər Əliyev prospektinə gedən yolda, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağ və sol tərəflərində əkilib.
 May ayının əvvəlində əkilən ağaclara bir müddət normal qulluq edilib, onlar müntəzəm olaraq suvarılıb, becərilib. Prezidentin Neftçalaya mayın 28-də baş tutan səfərindən sonra isə bu ağaclara baxan olmayıb.
 Sakinlərin verdiyi məlumata görə, prezident rayona gələnə qədər qulluq görən ağaclar daha sonra baxımsız qalıb. İndi bu ağaclar sadəcə olaraq yoxdur. Ağacların hamısı susuzuluqdan quruyub və icra hakimiyyətinin işçiləri tərəfindən çıxarılıb atılıb, yeri də şumlanıb.
 Neftçala sakinləri deyir ki, həmin ərazinin torpağı əslində ağac əkmək üçün münasib deyil: “Çünki bu ərazi şoranlıqdır və orada ağac, bitki əkmək düz deyil. Onsuz da tutmayacaqdı. Sadəcə rayon rəhbərliyi şəhərin girəcəyi səliqəli görünsün deyə ora ağac əkdi. Bu da artıq xərc idi. Həmin vəsaitə başqa vacib abadlıq işləri görmək, o pulu daha səmərəli xərcləmək olardı”.
 
Faktı Neftçala Rayon İcra Hakimiyyətindən də təsdiqlədilər. İcra başçısının müavini Gültəkin Sadıqova virtualaz.org saytına açıqlamasında bildirdi ki, əkilən ağacların hamısı yox, bir hissəsi quruyub və onların əvəzinə sentyabr-oktyabr aylarında yeni ağaclar əkiləcək: “Quruyan ağaclar artıq bir müddətdir ki, çıxarılıb və yeri şumlanıb. Onların yerində yeni ağaclar əkmək üçün işlər də görülürdü. Lakin aqronomlara müraciət etdik. Onlar isə indi ağac əkini vaxtı olmadığını bildirdilər. Sentyabrın sonunda, oktyabr ayında həmin ərziyə yeni ağaclar əkiləcək”.
 İcra başçısının müavini “Axı heç mayda da ağac əkməzlər. O ağacları əkəndə aqronomlardan bunu soruşmamışdınızmı” sualına cavab olaraq bildirdi ki, həmin ağacları icra hakimiyyəti yox, Yaşıllaşdırma İdarəsi əkib.
 İcra başçısının müavini məsələ ilə bağlı əlavə məlumatının olmadığını söylədi.
 İcra hakimiyyətinin icazəsi olmadan Yaşıllaşdırma İdarəsinin 2 min ağac əkməsi isə məsələnin başqa maraqlı tərəfidir.
 
Qeyd edək ki, dövlət başçısının rayonlara səfəri zamanı bu cür sürətli, tələsik abadlıq işləri həmişə və hər yerdə görülür. Ağaclar əkilir, yol kənarlarına hasarlar çəkilir, işıq dirəkləri boyanır, yollar təmir edilir, hətta prezidentin baş çəkəcəyi ərazilərdə olan evlərin dam örtükləri dəyişdirilir və s.
 Bu işlər isə təbii ki, birbaşa yerli icra hakimiyyətlərinin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilir. Bütün bunlara da kifayət qədər böyük məbləğdə vəsait sərf edilir. Elə Neftçalada əkilən 2 min ağac da bu xərclər siyahısında öz yerini tutub. Müvafiq hesabat da verilib. Yəni “əkdik, amma tutmadı”. May ayında əkilən ağacın göyərəcəyinə ümid edən icra hakimiyyətindən dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadəsini gözləmək əslində sadəlövlük olardı…
 Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdir. O, bu vəzifəyə prezidentin 26 aprel, 2011-ci il tarixli sərəncamı ilə təyin olunub.
 
virtualaz.org

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button