ArxivXəbər lentiXəbərlər

Məhbus ailələrindən «Amnesty İnternational»a dəstək

Oktyabrın 7-də Azərbaycana gələn “Amnesty İnternational” təşkilatının iki əməkdaşı Bakı aeroportunda saxlanılıb, sonra deportasiya edilib. Xarici qurum bununla bağlı bəyanat yayaraq, öz kəskin etirazını bildirib.

Təşkilat bunu qarşıdakı parlament seçkiləri ərəfəsində söz azadlığının “ciddi pozulması” kimi qiymətləndirib. Saxlanılan əməkdaşların adları hələ də məlum deyil, lakin onların Gürcüstan vətəndaşları olduğu bildirilir.

Amnesty Internationalin bəyanatında Azərbaycan hakimiyyətinə əməkdaşlarının Bakıya gəlişi ilə bağlı məlumat verildiyi, lakin cavab alınmadığı qeyd olunub.

Parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətinin xarici aləmdən gizlətməyə çalışdığı qaranlıq sirləri nədir?”- deyə, təşkilatın Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Con Dahluzen bildirib.

“Amnesty İnternational” xatırladır ki, bu, ikinci belə hadisədir. Bu ilin iyununda Avropa Oyunları ərəfəsində təşkilatın nümayəndələri ölkəyə buraxılmayıb.

Qeyd edək ki, bu təşkilat Azərbaycandakı insan haqları, siyasi məhbuslar və demokratiya məsələləri ilə bağlı zaman-zaman ölkə iqtidarına qarşı kəskin bəyanatları ilə gündəmə gəlib. Baş verən son proseslərin də, bu məsələdən qaynaqlandığını düşünənlər çoxluq təşkil edirlər.

Heç şübhəsiz ki, seçkiöncəsi nüfuzlu bir xarici təşkilata qarşı hakimiyyətin sərgilədiyi bu sərt mövqe çoxlarını düşündürür. İqtidarın bu məsələdəki susqunluğu suallar yaradır. İndiyə qədər daim bu təşkilatın timsalında digər xarici təşkilatları hakimiyyət ermənipərəst adlandırıb.

Politoloq Ərəstun Oruclu hesab edir ki, baş verənlər hakimiyyətin “Amnesty İnternational”ın Azərbaycana olan tənqidlərinə bir reaksiyasıdır: “İqtidar Qərbdən gələn tənqidləri sərt qarşılayır. Bu barədə bu günlərdə yazılı mövqeyim olub. İranlı Ayətullah Nuri Həmədaninin Bakı və Gəncəyə səfərini xatırlatmaq istərdim. Nardarandan Gəncəyə qədər dindarlarla görüşmüşdü. Buna şərait yaradılmışdı. O, çıxışlarında hakimiyyətə qarşı mübarizəyə çağırış etmişdi. Bu baxımdan hakimiyyətin belə məsələlərə olan yanaşması məntiqdən kənardır. Bu günlərdə təzyiqlər güclənəcək. Ümid edək ki, iqtidar tənqid və təzyiqlərə qarşı dayana biləcək”.

Ə.Oruclu yaşananların seçki ilə bağlı olmadığı düşüncəsindədir: “Seçki ilə bağlı nə baş veribsə, artıq bitib. Seçki yoxdur, seçki qurtarıb. Həm beynəlxalq aləmin dəyərləndirmə nöqteyi-nəzərindən, həm siyahılarla bağlı seçki bitib. Artıq hər kəs seçki ilə barışıb”.

“Amnesty İnternational”ın daim müdafiə etdiyi siyasi məhbusların ailələrinin məsələyə münasibətini öyrəndik.

Həbsdəki Müsavat başqanının müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin atası Raqif Kərimli xarici təşkilata qarşı olanları məhbuslara təzyiq kimi qələmə verdi: “Məhbusların problemlərinin həllini uzatmaq üçün atılan addımdır. Yeri gələndə, bu təşkilat məhbusların problemini qabardır, onlara kömək edir. Məsələ yalnız bununla bağlıdır. Məhbusların səsini batırmaq istəyirlər. Bizlərə qarşı olan təzyiqdir”.

REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova baş verən məsələyə mənfi yanaşdıqlarını söylədi: “Hər sözün düzünü deyən təşkilatlar etmənipərəst olur? Hər şey hakimiyyətin əlindədir”.

NİDA-çı Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova Amnesty Internationalin daim məhbuslara dəstək verdiyini qeyd etdi: “Bu təşkilat daim məhbusların yanında olur. Məhbuslar da özlərini tək hiss etmirlər. Təşkilatın fəaliyyəti var ya yox, bu heç nəyi dəyişmir. Onların Bakıya buraxılmamasının hansısa məhbusa təsiri yoxdur. Bu baxımdan fikir bildirmək çətindir”.

musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button