ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qubad İbadoğluya qarşı irəli sürülmüş ittihamın detalları məlum olub

Qalib Bayramov götürülən kompüterlərin ona məxsus olduğunu deyir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, professor Qubad İbadoğluya qarşı yeni irəli sürülmüş “dini ekstremist materiallar” ittihamıyla bağlı müəyyən detallar məlum olub. İddia edilir ki, Qubad İbadoğlu saxlandığı gün – iyunun 23-də ofisdə, 26-da isə onun evində aparılan axtarışlar zamanı götürülən iki kompüterdən Fətullah Gülənin 50-yə yaxın kitabının PDF variantları çıxıb. Bu barədə ADR sədrinin qardaşı Qalib Bayramov məlumat verərək vurğulayıb ki, bu barədə iddialar absurddur.
Qalib Bayramov deyir ki, ofisdəki kompüterin ümumiyyətlə, qardaşına heç bir aidiyyəti yoxdur, heç vaxt onun istifadəsində olmayıb. Qalib Bayramovun sözlərinə görə, götürülən kompüter ona məxsusdur:
“Ofisdəki kompüterlərin Qubad İbadoğluna və ADR-ə heç bir aidiyyəti yoxdur. O kompüterlər mənə məxsusdur. Qardaşım heç vaxt o kompüterlərdə işləməyib”.
Qubad İbadoğlunun evindən götürülən kompüterə gəlincə, qardaşı deyir ki, o da işlək deyil. Qalib Bayramovun sözlərinə görə, son 10 ildə həmin kompüter bir dəfə də olsun, işə salınmayıb.
Yalanın, böhtanın və şərin miqyası təsəvvür edilməyəcək dərəcədə böyükdür. Dini ekstremizm iittihamı isə saxta pul kəsmək ittihamı kimi, naşı əlindən çıxmış dərəcədə absurddur…”, – Qalib Bayramovun sözləridir.
Qubad İbadoğlu avqustun 25-də müstəntiq ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittihamı elan edərkən etiraz olaraq, sənədləri imzalamayıb. Eyni zamanda, iqtisadçı ifadə verməkdən də imtina edərək, bu ittihamın absurd və cəfəngiyyat olduğunu bildirib.
Avqustun 26-da ailə üzvləri də Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşüb. Qardaşı deyir ki, 4 saatlıq görüş hüquqları olmasına baxmayaraq, 30 dəqiqə tamam olmamış artıq onları narahat etməyə, görüşü yekunlaşdırmağı tələb etməyə başlamışdılar.
ADR sədrinin səhhətindəki problemlərin isə hələ də qaldığı bildirilir:
“Qalxanabənzər vəzdəki (zob) dəyişikliklər artıq gözlə müşahidə edilə bilən səviyyəyə çatıb. Düyünlər öz işini görür, qardaşımda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur. Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb. Üstəlik, gecələr kamerada işıqlar söndürülmür. Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”.
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon
Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button