ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakıda səfirliklərin birgə tədbiri: “ABŞ insan hüquqlarını qorumaq üçün məsuliyyət daşıyır”

Mixalko çağırış edib, Britaniya dialoqu davam etdirdiyini deyib

Dekabrın 7-də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibəti ilə Bakıda da tədbir keçirilib.
Tədbirin təşkilatçıları Avropa İttifaqının Bakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya və İsveçrə səfirlikləri olub.
Tədbiri giriş sözü ilə açan Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib ki, belə bir günün qeyd olunması artıq ənənəyə çevrilib.
O bildirib ki, əvvəlki illərdə bu addımı ABŞ və Böyük Britaniya atırdısa, bu dəfə İsveçrə səfirliyi də onlara dəstək olub.
Mixalko deyib ki, irqindən, cinsindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların sahib olduğu əsas hüquq və azadlıqlar İnsan Hüquqları Bəyannaməsində əksini tapıb:
Dəhşətli münaqişə və faciədən sonra və “insan hüquqlarına etinasızlıq və hörmətsizlik” nəticəsində meydana çıxan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün dünyada insanlar üçün ümid işığı oldu və bu gün də rolu davam edir. Sənəd hər bir insanın eyni dəyərə sahib olduğunu tanıyır və insan hüquqlarının istənilən yerdə pozulması hallarının hər birimizin məsələsi olduğunu müəyyən edir”.
Diplomat qeyd edib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi uğrunda səylərini əsirgəməyən çoxsaylı şəxsiyyətlər var:
Bu insanlara minnətdar olmalı və onları tərənnüm etməliyik”.
Biz bu günü qeyd etmək üçün bir araya gəldik, lakin həm də təəssüf edirik ki, bəzi tərəfdaş və dostlarımız bu tədbirə qatıla bilmir. Mən xüsusilə bir il əvvəl qəbula gələrkən yolda həbs edilən Bəxtiyar Hacıyevi, Qubad İbadoğlu, Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Əziz Orucovu yada salmaq istəyirəm”, – deyə Mixalko əlavə edib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəsi üçün dünyanın bütün nöqtələrində insan hüquqlarının müdafiəsinin vacib olduğunu deyib.
O əlavə edib ki, London azərbaycanlı tərəfdaşlarıyla insan hüquqları yönündə dialoqu davam etdirir:
“İnsan hüquqları gündəliyi bizim hamımızı birləşdirən bir mövzudur. Biz bütün dünyada açıq cəmiyyətləri və insan hüquqlarının müdafiəsini gördüyümüz işlərin mərkəzinə qoyuruq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il sonra belə, Böyük Britaniya beynəlxalq nizama, demokratiya və azadlıqların inkişaf etdiyi dünyaya inamla sadiq qalır”.
O, Azərbaycanda müntəzəm olaraq hökumətlə müxtəlif fərdi və ümumi insan hüquqları məsələlərini müzakirə etdiyini bildirib:
“İnsan hüquqları ilə bağlı mesajlarımızı həm qapalı görüşlər, həm də ictimai çağırışlar vasitəsilə çatdırırıq. Avropa üzrə nazirimiz Leo Dokerti iki həftə əvvəl Azərbaycanda olarkən biz hüquq müdafiəçiləri ilə görüşdük. London İqtisadiyyat Məktəbinin akademiki, cənab Qubad İbadoğlunun saxlanması və “AbzasMedia” rəhbərlərinin yenicə baş verən həbslərini müzakirə etdik. Noyabrın əvvəlində BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın Universal Dövri İcmalı zamanı üç tövsiyə verdik”.
“Biz Azərbaycan hökumətini istintaq proseslərini təkmilləşdirməyə; diffamasiya ilə bağlı zəruri dəyişikliklər etməyə: məişət zorakılığının bütün formalarını kriminallaşdırmaq üçün zəruri addımlar atmağa çağırdıq. Ümid edirik ki, bu və digər tövsiyələr hökumət tərəfindən qəbul ediləcək”, – deyə o qeyd edib.
Səfir həmçinin qadınların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirdiyini deyib:
Hər kəsin xeyrinə gender bərabərliyinin təmin etmək, qadınların iqtisadi imkanlarını genişləndirmək, qadınların sülh və təhlükəsizliyə töhfə vermələrinə kömək etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli hakimiyyət orqanları və aparıcı qadın təşkilatları ilə tərəfdaşlıq edirik”.
Eyni zamanda, minalarla bağlı humanitar fəaliyyətə maliyyə və texniki dəstək veririk – baxmayaraq ki, bu dəstəyin okeanda bir damla olduğunu qəbul edirik. Biz bu problemi həll etmək və uzun müddət köçkün olmuş insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaratmaq üçün yerli tərəfdaşlarla işləməyə davam edəcəyik”, – deyə diplomat çıxışını bitirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ölkəsinin hər il insan hüquqları ilə bağlı yaydığı hesabatları yada salıb.
O bildirib ki, ABŞ dünyada insan hüquqlarını dəstəkləmək və qorumaq üçün xüsusi məsuliyyət daşıyır.
Diplomat qeyd edib ki, Vaşinqton hər kəsin hüquqlarının qorunduğu, onlara hörmətlə yanaşılan demokratik, plüralist və inklüziv cəmiyyətin inkişafını dəstəkləmək üçün hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir:
“Biz qanunun aliliyini, məhkəmə sisteminin müstəqilliyini, ifadə və sərbəst toplaşma azadlığını, qadınların və azlıqların iştirakını, dövlət qurumlarının hesabatlılığını gücləndirmək üçün çalışırıq”.
ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin bir neçə üzvünün, o cümlədən, Qubad İbadoğlunun, jurnalistlər Sevinc Vaqifqızının, Ülvi Həsənlinin, Nərgiz Absalamovanın, Əziz Orucovun, vətəndaş cəmiyyəti fəalları Bəxtiyar Hacıyev və Məhəmməd Kekalovun həbsi və ittihamından dərin narahatdır. Biz hökuməti Azərbaycan Konstitusiyasına, mətbuat və söz azadlığına dair beynəlxalq öhdəliklərinə görə adıçəkilən şəxslərin hüquqlarını qorumağa çağırırıq”, – deyə diplomat son həbs və təzyiqlərə də toxunub.
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ölkəsinin 25 ildir ki, Azərbaycanla əməkdaşlıq etdiyini qeyd edib.
O, İsveçrənin güclü qanunvericilik bazasına malik olduğunu vurğulayıb.
Bildirib ki, hər bir ölkənin konstitusiyası fərdlərin əsas azadlıqlardan və müdafiədən istifadəsini təmin etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button