ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məktəblər payız-qış mövsümünə hazırdırmı?

Nazirlik hazır olduğunu deyir, ekspert bəzi rayonlarda mövsümə tez başlamağın vacib olduğunu söyləyir

Noyabrın 15-dən Azərbaycanda payız-qış mövsümünə keçiləcək. Bütün təhsil müəssisələrində də istiliyin verilməsi həmin tarixdən təmin edilir.
Elm və Təhsil Nazirliyi hər il məktəblərə istiliyin verilməsi ilə əlaqədar monitorinqlərin keçirildiyini və problemlərin həlli istiqamətində işlər görüldüyünü desə də, havalar soyuyan kimi şikayətlər də çoxalır.
Ötən il məktəblərin bir çoxunda, xüsusən də regionlardakı orta məktəblərdə istiliyin olmaması ilə bağlı şikayətlər vardı.
Rəsmi statistikaya görə, Azərbaycanda ümumilikdə 4440-dan çox məktəb var. Bakıda ümumi 310 təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrinin sayı isə 331-dir. Qalanları regionların payına düşür.
Orta məktəblərdə, ümumilikdə, 1 milyon 600 min  şagird təhsil alır. Bu şagirdlərin 415 mindən çoxu Bakı məktəblərində təhsil alanlardır.
Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə
Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, Bakıda yeni tikilən və təmir olunan məktəblər müasir qazanxana və istilik sistemi ilə təchiz olunub. Problem məktəb rəhbərliyi tərəfindən işə səhlənkarlıqla yanaşmadadır. Onun sözlərinə görə, məktəblərə istilik vaxtında verilmir:
“Məktəb rəhbərliyi və yaxud da təsərrüfat işləri üzrə müavini sui-istifadə hallarına yol verə bilirlər. Əsas səbəb səhlənkarlıqdır. Təəssüf ki, bəzi məktəblərin qazanxana işçiləri öz vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmirlər”.
Təhsil eksperti Elçin Əfəndi Meydan TV-yə deyir ki, regionlardakı məktəblərdə vəziyyət daha acınacaqlıdır:
“Bəzi ucqar kəndlərdə sovet dövründən qalmış odun, daş kömür sobalarından istifadə olunur. Həmin ərazilərdə artıq indidən işlər görülməlidir. Onların təminatı yaxşılaşdırılmalıdır. Hər bir şagirdin təhsil məsələsi ilə yanaşı, onların sağlamlığı da bizim üçün vacib olmalıdır”.
Ekspert daha bir məsələyə diqqət çəkir. Deyir ki, Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi, uşaqların xəstələnməsi və xəstəliyin yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçid havaya uyğun tənzimlənməlidir:
Təhsil ekspert Elçin Əfəndi
“Dünya praktikasına görə, ayın tarixindən asılı olmayaraq sinifdə temperatur 20 dərəcədən aşağıdırsa, avtomatik olaraq isitmə prosesi işə düşməlidir. Paytaxtda noyabrın sonunadək havalar mülayim keçə bilər. Amma Murov silsiləsi ətrafında qar tez düşür, havalar tez soyuyur. Quba-Qusar və s. rayonlarda noyabrın 15-ni gözləməyin bir mənası qalmır. Soyuğun tez düşdüyü ərazilərdə istilik mövsümünə daha tez keçmək lazımdır”.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 15-dən məktəblərə istiliyin verilməsi başlanacaq.
Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülür. Məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur”, – BŞTİ-nin cavabında deyilir.
Foto: https://edu.gov.az/
Bildirilir ki, idarənin tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib:
Həmçinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlər keçirilir. Paytaxtın 12 rayonu üzrə təşkil olunan təlimlər “Azəristiliktəchizat” ASC-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir”.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 123-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 188-i fərdi qazanxana vasitəsilə, 1-i isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Təhsil Nazirliyi
Foto: Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyindən də Meydan TV-nin sorğusuna eyni cavab verilib. Bildirilib ki, payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq təhsil müəssisələrində qabaqlayıcı tədbirlər görülür.
“Mərkəzləşmiş istilik sistemi (kombi, qazanxana və s.) təmin edilən müəssisələrdə hazırda monitorinqlər keçirilir və aşkarlanan problemlər aidiyyəti üzrə həll olunur. Digər yanacaq vasitəsilə qızdırılması nəzərdə tutulan təhsil müəssisələrinə yanacaq vasitələrinin və qızdırıcı avadanlıqların (elektrik, odun, dizel sobası, tüstü boruları və s.) tədarükü davam edir. Noyabrın 1-dək təchizat prosesinin tamamilə başa çatdırılması planlaşdırılır”, – nazirlikdən bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button