Islam

Ərdəbilin cümə namazınin xütbələri – 18 aprel (29 fərvərdin)

Birinci xütbə

اعوذبالله من الشیطان الرجیم

بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm.

Təqvasız əməllər

Təqva insan vücudunda ruhani bir gücdür. O insanı dünya şirinlikləri, günah ləzzəti, haram işlərdən qoruyur. Dünya şirinlikləri ilə rastlaşanda, dünya insana göz vuranda, başqalarının namusuna, haqlarına təcavüz şəraiti yarananda, milyardlarla pula qanunsuz yolla sahib olmaq mümkün olanda insandakı təqva qüvvəsi baş qaldırır, xəyanətlərin qarşısını alır. Bəli, bu ruhani güc təqvadır. Əgər təqva olmasa, insanın gördüyü işlər faydasız, Quran təbirincə “əbtər”dir. Allah-Təala buyurur ki, xoşaqibət təqva sahiblərinə məxsusdur. Bir insan ailə qurmaq istəsə, cəmiyyətə böyük insanlar təqdim etmək qərarında olsa, ailəsini təqva üzərində qurmalıdır. Əgər ailənin ehtiyaclarını təmin etmək istəyirsə, təqvanı gözləməlidir. Belə olmasa, haram mala əl uzadacaq, onun evində və nəslində bərəkət olmayacaq. Uğurlu müdiriyyətə çatmaq üçün bu müdiriyyətdə ismət, paklıq şərti gözlənilməlidir. Bunun yolu təqvadır. Rəvayətdə deyilir ki, Allah öz bəndəsinin niyyətini xeyir görsə, onun əməllərini pak edər, xətadan qoruyar. (Biharul-ənvar).

Müamilədə, alış-verişdə sədaqət

Bir ərəb Qüreyş qəbiləsində olan qadına bir kisə buğda satmışdı. Qadın buğdanı alıb aparandan sonra gördü ki, kisədəki buğda istifadəyə yararlı deyil, xarab olub. Qadın və qardaşı əsəbi halda ərəbin yanına gəldilər, dava-dalaş yarandı. Həzrət Peyğəmbərin (s) səhabələrindən biri onları Peyğəmbərin yanına apardı. Peyğəmbər (s) ərəbdən buğdanın xarab olduğunu bilib-bilmədiyini soruşdu. Ərəb cavab verdi ki, buğdanın xarab olduğunu bilirdim, amma pula ehtiyacım vardı. Həzrət buyurdu: “Buğdadan əlinə gələn pulda bərəkət gördünmü?” Ərəb həmin pulun bərəkətsiz olduğunu dedi. Dedi ki, səhəri gün övladım xəstələndi, aldığım pulun çoxunu dava-dərmana xərclədim. Söhbət bu yerə çatanda həzrət Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurdu: “Əgər satıcı və alıcının alış-verişdə sədaqəti olsa, Allah-Təala onların hər ikisinə bərəkət əta edər. Amma yalan danışsalar, malın eybini gizləsələr, Allah-Təala bərəkəti aradan götürər.”

Bərəkət Allahın əlindədir

Bərəkət var-dövlətdə, alış-verişin çoxluğunda deyil. Bərəkət Allahın əlindədir. Səbəb salan Allahdır. Bazar əhli, səhər ailənin ehtiyaclarını ödəmək üçün evdən çıxanlar dua üçün əllərini qaldırıb desinlər ki, Pərvərdigara, öz bərəkətinlə mənim var-dövlətimi artır.
Yalanda, rüşvətdə, xəyanətdə, saxtakarlıqda, hiylədə bərəkət üçün səbəb, təsir yoxdur. Bəziləri yalan danışıb fərasət göstərdiklərini düşünürlər. Anlamırlar ki, bu işin acı sonluğu onları gözləyir və ən böyük fərasət sədaqət, düzlükdür.

Təqva cəmiyyətin gözəllik səbəbidir

Cəmiyyətdə təqva ruhu olmasa, onun siması çirkinləşər. Dövrü, cəmiyyəti çirkin edən təqvasız insanlardır. Əslində dövr, zaman çirkin olmur. Allah heç nəyi çirkin yaratmayıb. İmam Rizadan nəql olunan bir şeirdə deyilir ki, dövrana irad tuturuq, hansı ki, eyib özümüzdədir. Əbdülmütəllibə məxsus olan şeirdə deyilir ki, Allah zamana dil versəydi, zaman bizim eyblərimizdən danışardı. Canavar yırtıcı olsa da, başqa canavarın ətini yemir. Biz insanlar bir-birimizin ətini yeyirik. Bir-birimizi aldatmaq üçün mələk libası geyinirik. Vay xəbərsiz müsafirin halına. Baxanda görür ki, bir mələk nəsə satır. Xəbəri yoxdur ki, bu libasın arxasında bir vəhşi dayanıb.

Namazda Allah hüzurunun dərki

Namazın mahiyyəti bundan ibarətdir ki, insan özünü Allahın hüzurunda görsün. Namazın ruhu budur. Namazda bu ruh yoxsa, insan fayda görməz. Taha, 14: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” Rəvayətdə deyilir ki, bəzən namazın bir səcdəsi, bir rükusu, bir qiyamı qəbul olur. Çünki insan yalnız həmin hissədə özünü Allahın qarşısında görüb. Bəzən insan namazda o qədər tələsir ki, sanki onu nə yolla olur olsun, sahibinə qaytarmaq istəyir. Bundan da pisi odur ki, bəziləri namaza dayananda zülm və xəyanətə yol verdiyindən Allah ona lənət göndərir.
Pərvərdigara! Mənim ruhumu öz ərşinin nuru qarşısında qərar ver! Namazın mahiyyəti bundan ibarətdir. Namaza dayanan insan özünü müqəddəs zatla müqayisə edəndə təkamül hərəkətinə başlamış olur. Bu səfər ilahi ərşdə səfərdir. Bütün varlıq aləmi Allahın ərşidir. Bu ərşin sonunda insan anlayır ki, mərifət yolu özünü mərifətdə aciz görməkdir.

Zərrə sonsuzluq, ilahi kəramət qarşısında

İnsan namazda iki mehvərdə seyrə çıxır. Allah öz kainatında təcəlla etdiyindən ilk səfər kainatdadır. İnsan namazda özünü Allahın qarşısında görmək istəyir. İkinci seyr-səfər Allahın ad və sifətlərinə aiddir. Bu ad və sifətlər də kainatda təcəlla edib. İnsan namazda özünü Allahın hüzurunda görəndə, müqayisə aparanda səfərə başlamış olur və bir zaman anlayır ki, dayanmalıdır, irəliyə getmək mümkün deyil. Çünki iki tərəf arasında heç bir bənzərlik yoxdur. Zərrə sonsuzluq qarşısında necə dayana bilər?! İnsan bu zaman anlayır ki, İmam Səccad nə üçün belə deyib: “Pərvərdigara! Sənin qarşında dayanmağım özü bir xəyanətdir. (Yəni qarşında dayanmağa layiq deyiləm) Əgər ibadəti vacib buyurmasaydın, mən zərrə Sənin qarşında dayanmazdım…” Allah-Təalanın zərrələrə onun qarşısında dayanmaq icazəsi verməsi böyük kəramətdir. İnsan öz səviyyəsinə uyğun hərəkətə başlamalıdır. Tədricən Allahın camal və cəlalında qərq olur. Zərrə sonsuzluğa səfərə çıxa bilərmi?! Camal və cəlal sonsuzluğunu əhatə etmək mümkündürmü?! Bu məqamda həzrət Peyğəmbər buyurur: “Pərvərdigara! Biz Sənə həmd-sənaya qadir deyilik.” Sonsuza həmd-səna demək istəyən zərrə ola bilməz. Sonsuz yalnız özü özünə həmd-səna deyə bilər. Pərvərdigara! Sən özün səna deyə bilərsən. Buna görə də kəlam elmində deyilir ki, Allahın adları bir tövfiqdir və kimsə özündən bir ad deyə bilməz.

İlahi əzəmət qarşısında kiçiklik

Allaha doğru seyr-səfərdə mühüm olan budur ki, insan özünü kiçik görsün. İnsan tərbiyəsində bu çox böyük sərmayədir. İnsan özünü kiçik görəndə nəfsini paklaşdıra bilir. Həzrət Peyğəmbər və onun Əhli-beyti böyük əzəmətə sahib ikən özlərini kiçik görürdülər. İmam Səccad deyir: “Pərvərdigara! Mən Sənin qarşında bütün kiçiklərdən kiçik, bütün zəlillərdən zəliləm. Bir zərrə, zərrədən də aşağıyam.” Allah özü bilir ki, bu sözlərdə nə məna var. İnsanın “mən” deməsində nöqtələr var. Hafizin şeirlərində də “mən”in tərifini görmək olur. Şair deyir ki, mənə özümdən xəbər ver. Özünə səfərə çıx deyilir.
“Mən”in tərifini İmam Səccaddan soruşmaq lazımdır. Həzrət kiçiklərin kiçiyi, zəlillərin zəlili deyir. Yenə də buyurur ki, bu adla Allah hüzurunda mən üçün çoxdur. Həzrət özünün zərrəyə oxşadır. Bu sözlər təkəbbürlü və lovğa adamlar üçün bir xəbərdarlıqdır. Çoxları “mənəm-mənəm” deməklə özünü gözə soxur, qəlb sındırır. İnsanın mərifəti olsa, özünü zərrə kimi kiçik görər. Düşünər ki, onun kimi min zərrə tərəzinin gözünü tərpədə bilməz. Həzrət bu təbiri də çox görüb buyurur ki, zərrədən də kiçik! Bundan tutarlı nə demək olar! Həzrət Peyğəmbər (s) bu yöndə daha irəli gedir. Allah onu ərş aləminə aparır. Nəcm, 8, 9: “Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi; (Onların arasındakı məsafə) İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.” Biz bunu dərk edə bilmərik. Peyğəmbər (s) haraya aparıldı? Zərr aləminə, yoxsa başqa bir zamana? Rəvayətdə deyilir ki, Peyğəmbər (s) sonsuz əzəməti görə biləcək bir yerə aparıldı. Allah onu apardı ki, bu əzəməti yaxından müşahidə etsin. Maraqlı bir söz deyiblər. Peyğəmbər həmin məqama çatanda bir özünə baxdı, bir Allahın əzəmətinə. Tər axıtdı. Bu tər Allahın əzəməti qarşısında kiçiklik hissindən yaranan tər idi. İnsanın ilahi əzəmət qarşısında əriməsi çox dəyərlidir. Peyğəmbər çox tər axıdırdı və Allah bunu dəyərləndirirdi. Bunun əvəzini verməyə dəyərdi. Amma necə? Allah həmin tər damcılarından başqa peyğəmbərləri yaratdı. Hər damladan bir peyğəmbər yarandı. Bu səbəbdən peyğəmbərlər bütün insanlardan daha çox Allahın əzəməti qarşısında təvazö göstərib, kiçiliblər.

(ardı var)

[jwplayer config=”Qafqaz” mediaid=”7708″]

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button