AktualAktualIslamXəbər lentiXəbərlər

AİP AİM-İN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLDİ – FOTO

Gələcək addımlar müəyyənləşdi, mövqelər sərgiləndi

     İslaminsesi.org saytının AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün AİM-in növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları tərəfindən  gündəlikdəki “hacı Mövsüm Səmədova qarşı ədalətsiz münasibətlərin səbəbləri”, “hökumətin 2014-cü ilin ötən 9 ayının hesabatına münasibət”, “ökədə və beynəlxalq aləmdə baş verən hadisələr” və digər məsələlər müzakirə olundu.

 Hacı Mövsüm Səmədova qarşı penitensiar xidmət tərəfindən atılan qərəzli, ədalətsiz addımlar kəskin tənqid olundu. Çıxış edənlər M. Səmədovun heç bir ciddi səbəb olmadan üç il yarım cəza çəkdiyi 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı həbsxanaya köçürülməsinin, orada 12 gün ardıcıl olaraq “karserdə” saxlanmasının, bu azmış kimi, onun məhkəmə hökmü ilə 12 saylı cəzaçəkmə müəssisəsindən xüsusi ağır rejimli qapalı həbsxanaya köçürülməsini İslam partiyasına təzyiq kimi qiymətləndirdilər.

  AİM sədri hacı Üzeyir Heydərli tədbir iştirakçılarına gündəlikdə duran digər məsələlər barədə müfəssəl məlumat verdi.

  AİP-in sədr əvəzi hacı Elçin Manafov doktor Mövsüm Səmədovun başına gətirilənləri hakimiyyətin siyasi sifarişi hesab edərək, onun hüquqlarının müdafiəsi üçün bütün mübarizə metodlarından istifadə edilməsini məqbul saydı:

 ”Sivil və qanuni tələblər irəli sürəcək, istər beynəlxalq təşkilatların, istərsə də dini cameənin, ölkənin inanclı insanlarının qüvvəsindən səmərəli istifadə edəcəyik”.

  AİP sədrinin təşkilat məsələləri üzrə müavini Vüqar İbayev Hacı Mövsüm Səmədovun yerinin dəyişdirilməsinin və xüsusi rejimli həbsxanaya köçürülməsinin bəzi məqamlarından söz açaraq qurulmuş məhkəmə məzhəkəsinin gülüş doğurduğunu dedi:

 ” Məhkəmə M. Səmədovun qapalı tipli  cəzaçəkmə müəssisəsinə köçürülməsini şəxsi istifadə etdiyi örtüyü üzərində namaz qılması ilə əlaqəli olduğunu bildirərək ona ağır qapalı rejimdə iki il cəza çəkməsi barədə hökm verdi. Bu, Azərbaycan məhkəmələrindən gözlənilən bir addımdır ki, sifariş yerinə yetirilsin.”

 V. İbayev həmçinin ayın 12-nə təyin olunmuş mitinqdə AİP-in mövqeyi barədə  fikirlərini çatdırdı:

 ”Mitinqi dəstəkləməyin və üzvlərimizin kütləvi tədbirdə iştirakda sərbəstliyinin tərəfdarıyam”.

 Müzakirəyə təqdim olunan məsələlər barədə söz açan sədr müavini Akif Heydərli Mövsüm Səmədovun həbsinin Konstitusiyaya görə qanunsuz, humanizm cəhətdən ədalətsiz addım olduğunu bildirdi:

  “Ona qarşı həbsxanarda olan son mənfi münasibət təzyiqdən başqa bir şey deyil. Bir İslam aliminə qarşı atılan qərəzli addımlar, fikimcə, bütövlükdə İslam dininə qarşı yönəlmişdir. Bu cür münasibət ölkədə qarşıdurmaya, qarışıqlığa xidmət edir. Əslində bu əməllərə rəvac verənlər cəzalandırılmalı, ölkədə sabitliyi pozma cəhdi kimi qiymətləndirilməlidir. Hacı Mövsümün azadlığa buraxılmasının zərurətini artıq xalqımız təkidlə  tələb edir.”

 A.Heydərli, eyni zamanda, hakimiyyətin 2014-cü ilin  9 ayının hesabatını yarımçıq, reallığı əks etdirməyən bir hesabat olmasını bildirdi. Qeyd etdi ki, vətəndaşlarımızın hələ də həyatı məsələlər və tələblər baxımından ciddi ehtiyaclar içərisində çabalamaları onu göstərir ki, belə hesabatlar bir qisim təbəqə üçün məqbul sayıla bilər.

 İqtisadi göstəricilərin statistikası ümumxalq baxımından, təzadlı olduğu qədər də cəmiyyətin təbəqələri arasında fərqi aydınlaşdırır. Daha sonra o, Azərbaycanın Avrasiya İttifaqına yaxınlaşmasını zərərli addım kimi qiymətləndirdi:

 ” Torpaqlarımızı işğal altında saxlayan işğalçı Ermənistanın hər hansı birlikdə olan ölkələrlə bizim ölkəmizin yeni ittifaqa girmək cəhdi ərazi bütövlüyümüzün bərpasını daha da çətinləşdirəcək, müstəqilliyimizə ağır zərbə vuracaq.”

 Çıxış edən AİP funksioneri Elmar Səmədov bildirdi ki, AİP sədrinin cəza yerinin dəyişdirilməsini guya  dövlət əmlakına zərər vurmaqla əlaqələndirmək istəyiblər:

 ”Əslində onlar bununla özlərini gülüş və nifrət hədəfinə çevirirlər. Düşünmürlər  ki, xalq büdcədən oğurlanan milyardların, ayrı-ayrı dəstələr arasında bölünən milli sərvətlərin hesabını yaxşı bilir. Bəs görəsən onların cavabını, cəzasını kim verəcək, kimlər çəkəcək?”

 Hacı Əlyar Nəzərov Mövsüm Səmədova qarşı tətbiq olunan ambisiyalı addımların onun əqidəsindən döndərmək üçün faydasız olduğunu və islamçıların liderimizin arxasında həmişə sədaqətlə dayanacağını qeyd etdi, onun hüquqlarını davamlı olaraq müdafiə etməyin əhəmiyyətindən danışdı.

 Toplantıda iştirak edən Azad Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli Hacı Mövsümün heç zaman cinayət əməli törətmədiyini və özünü cinayətkar hesab etmədiyini dedi:

 ” Əslində o, nəinki islah olunan, əksinə, islah edəndir. Bu, hacının yaşadığı 3 il yarımlıq məhbəs həyatında da özünü göstərib. 11 saylı həbsxanada Hacı Mövsüm Səmədov bir mömin kimi öz vəzifəsinə uyğun olaraq,  məhbusların pis vərdişlərdən xilas olunmalarına kifayət qədər yardımçı olub. Görünür, bu, kimlərinsə maraqlarına cavab verməyib. M.Səmədovun hüquqlarının müdafiəsi  üçün müdafiə komitəsi yaratmaq və eyni zamanda ayrı-ayrı təşkilatlara, beynəlxalq qurumlara müraciət  etməyi məsləhət görürəm.”

 AİP-in sədr müavini Hacı Elşən Orucov və AİP Abşeron Rayon Komitəsinin sədri Namiq Məmmədli müzakirə olunan məsələlər barədə fikirlərini bildirdilər.

  AİM üzvləri Mövsüm Səmədovun hüquqlarının müdafiəsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən və eyni zamanda, Azərbaycandan kənarda bu haqsızlıqla barışmayan birlik və təşkilatlarla əlaqələr yaratmaqla hüquqları pozulmuş islamçıların haqlarının bərpa olunmasından ötrü məsləhətlər aparılmasını məqsədəuyğun hesab etdilər.

01 02 03 04 05 06 07 08

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button