ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Keçmiş siyasi mühacir Bakıya qayıdarkən saxlanılmasından və dindirilməsindən danışıb

Keçmiş siyasi mühacir, hazırda Azərbaycan  və Almaniya vətəndaşı Yeganə Əmiraslanova iyulun 29-dan 30-na keçən gecə Bakıya gələrkən aeroportda saxlanılıb.

Əmiraslanova Turan agentliyinə bildirib ki, onu sərhəd nəzarətində saxlayıblar və ayrı otağa apararaq heç bir açıqlama vermədən uzun müddət orada saxlayıblar. Sonra Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi gəlib Əmiraslanovanı prokurorluğa aparıb və orada bir saata yaxın dindirib. Sonra onu buraxıblar, növbəti gün dindirməyə gəlməsi üçün iltizam alıblar.

Şənbə günü Əmiraslanova vəkillə gəlib və onu Avropada sığınacaq almaq üçün saxta sənədlərin verilməsi işi üzrə şahid qismində dindiriblər.

O qeyd edib ki, həmçinin prokurorluqda onu qardaşına qarşı iş üzrə və saxta sənədlərin verilməsi işi üzrə təqsirləndirilən şəxslə bağlı sorğu-sual ediblər.

“Mənim qardaşımı uydurma ittiham – Almaniyadan bir elektron məktub əsasında cəlb ediblər. İş üzrə heç bir sübut olmadığından onu bağladılar, qardaşımı isə buraxdılar. Amma biz bəraət almağa nail olmaq istəyirik və indi Ali Məhkəmə vəkilin şikayətilə işi Apellyasiya Məhkəməsinə qaytarıb”, – Əmiraslanova deyib.

O qeyd edib ki, istintaq sirri ilə əlaqədar dindirmənin təfərrüatlarını açıqlaya bilmir. Lakin onda belə təəssürat yaranıb ki, istintaq ümumilikdə onun Almaniyadakı fəaliyyəti və çıxışları ilə maraqlanır.

“Mən etdiyim hər şey şəffafdır. Bura  mənim vətənimdir və mənim buraya gəlməyə haqqım var. Bilirdim, məni nə gözləyə bilər, ancaq yenə də gəldim, hətta məni həbs etsələr belə”, – Əmiraslanova deyib.

“Bu gün yəqin ki, saxlanılmamın səbəblərilə bağlı çox şey aydınlaşacaq “, – deyə o bildirib.

Əmiraslanova qeyd edib ki, prokurorluq onun pasportunu və şəxsiyyət vəsiqəsini götürüb və ölkədən çıxışına qadağa qalır. “Mən istənilən sürprizlərə hazıram”, – Əmiraslanova qeyd edib.

Prokurorluqdan şərh almaq mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button