ArxivXəbər lentiXəbərlər

Politoloq: Səudiyyə və Qətər arasındakı münaqişə mənəmlik üstündədir

Qətərlə bir sıra Ərəb ölkələri arasında münasibətlər kəskin korlanıb. Onlar arasında diplomatik əlaqələr dayandırılıb, bəzi ölkələrlə hava və dəniz rabitəsi kəsilib.

Sözügedən məsələni şərh edən politoloq Zərdüşt Əlizadədənin sözlərinə görə, bunun çox sayda səbəbi var: “Səudiyyə Ərəbistanı özünün ərəb dünyasının lideri hesab edir. Həm varlı ölkədir, həm Amerikaya yaxındır və sair. Qətərin də pulu çoxdur,  “arpası  artıq düşüb”, o da özünü lider olmağa layiq bilir. Dünyada ən çox milli gəlir Qətərdədir: adambaşına 100,000 dollar. Ona görə də “iki qoçun başı bir qazanda bişmir”, aralarında boğuşmağa başlayıblar. Səudiyyə demək istəyir ki, mən daha böyüyəm. Özündən asılı olan dövlətlərə göstəriş verib ki, Qətərlə əlaqələri dayandırın. Onlar da rabitəni kəsiblər.”

Politoloq vurğulayıb ki, ərəb ölkələri arasında belə münaqişələr çox olur: “Onlar dalaşırlar, barışırlar, yenə dalaşırlar, yenə barışırlar…”

Zərdüşt Əlizadə Qətərin bütün dünyada sanki islamçı qüvvələrin lideri olmağa çalışdığını, onlara pul ayırdığını, onları dəstəklədiyini vurğuladı: “O cümlədən, Misirdə “Müsəlman Qardaşlar”ın hamisi Qətər idi. “Müsəlman Qardaşlar”ın  devrilməsinə qarşı kəskin etiraz eləmişdi. Varlı olduğuna görə, Misir prezidenti Sisi onlara qarşı çox kəskin hərəkət etməmişdi. Amma Ər-Riyaddan sonra Misir də bu addımı atdı.” 

“Və bu yalnız və yalnız daxili məsələdir, qlobal məsələ deyil. Mənəmliklərinin yarışı gedir”, – deyə o bildirdi.

Qətərin və Səudiyyənin Suriyanın daxilində hökumətə qarşı bəzi qruplaşmalara yardım göstərdiyi aydındır. Maraqlıdır, vəziyyətin belə olduğu təqdirdə, sözügedən qruplaşmalar arasında da toqquşmalar yaşana bilərmi?

Politoloq bildirib ki, hələlik belə bir şey gözlənilmir: “Məncə Suriya prezidenti Bəşşar Əsədə qarşı düşmənçilik onları toqquşmadan çəkindirəcək. Onları bir-birləri ilə vuruşmağa təhrik edən bir şey də yoxdur. Onlar, ancaq diplomatik əlaqələrin kəsilməsi, hava rabitələrinin dayandırılması və sairlə kifayətlənəcəklər. Sonra da tərəflər barış üçün yol axtaracaqlar.”

Qətər və Səudiyyə arasında yaranmış narazılığın son zamanlar ərəb ölkələri ilə strateji müqavilələr bağlayan Türkiyəyə necə təsir edəcəyi məsələsinə də toxunan politoloq bildirdi ki, bu sahədə heç bir problem olmayacaq: “Türkiyə ilə Misirin arası çox pisdir. Qətərlə Misirin münasibətləri də korlanıb. Təbii ki, bu məsələdə Türkiyə Qətərlə həmrəy olacaq. Onların arasında ruhi, ideoloji yaxınlıq var. Amma Ankara çalışacaq ki, Səudiyyə ilə münasibətləri korlamasın. Çünki varlıdır, güclü dayısı var və sair.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button