ArxivXəbər lentiXəbərlər

Azərbaycan idmanında vəhhabilik meylləri

İslam.az oxucuların diqqətinə musavat.com saytında dərc edilən məqaləni təqdim edir.

Son illərdə idman sektorumuzda təhlükəli bir tendensiya yaranıb.

Günü-gündən idmançılar arasında vəhhabilik təriqətinə qoşulma meylləri artır. Xüsusilə, bu hal Azərbaycan futboluna daha çox aid edilir. Xalq arasında konkret adlarla bəzi idmançıların bu təriqətə qulluq etmələri ilə bağlı daim iddialar səslənməkdədir.

“Qəbələ” futbol klubunun sabiq kapitanı, hazırda barəsində həbs-qətimkan tədbiri seçilən Cavid Hüseynovla bağlı son günlərdə baş verən məlum hadisələrin fonunda bu məsələ yenidən gündəmə gəldi. Futbolçunun vəhhabi təriqətindən olması barədə ciddi iddialar ortaya atıldı.

Belə bir deyim var: “Od olmasa tüstü çıxmaz”. Hər kəsi narahat edən bu problemlə bağlı idman və siyasi ekspertlərin mövqeyini aldıq. Komanda.az saytının redaktoru Natiq Muxtarlı idmanımızda yaranan bu halın qarşısını almağın mümkünsüz olduğunu söylədi: “Buna hər hansı yolla təsir etmək mümkün deyil. Qarşısını almaq üçün ölkədə maarifləndirmə işini ən yüksək səviyyəyə qaldırmaq lazımdır. Bu cür iri cərəyanların yaranmasının səbəbi təhsilin aşağı səviyyədə olması ilə bağlıdır. Öz hiss, emosiyalarını boşaltmaq üçün müəyyən istiqamətlərə yönəlirlər. Təkcə vəhhabiliyə yox, digər dini cərəyanlara da üzv olurlar, narkotik istifadəçisinə çevrilirlər. Amma Cavidin məsələsini sırf vəhhabilərin idmanımızda artması ilə əlaqələndirə bilmərəm. İdmançılarımızın intellektual səviyyələri həddindən artıq aşağıdır. Bu cəmiyyətə də aiddir”.

Politoloq Natiq Miri hesab edir ki, vəhhabi təriqətindəki geniş maliyyə şəbəkələri buna səbəb olur: “Bildiyimiz kimi, bu təriqəti yaymaq üçün böyük maliyyə şəbəkələri yaradılır. Bunun  vasitəsilə insanlar stimullaşdırılır. Azərbaycanda dini baxımdan da insanların səviyyələri qənaətbəxş deyil. Savadsız insanlar bu şəbəkələrin asanlıqla “yem”inə çevrilirlər. İdman da üzdə olduğu üçün bu işlə məşğul olanlardan daha çox istifadə olunur. Onlara daha çox maliyyə xərcləyirlər. Hesab edirəm ki, bu halın yaranması birbaşa maliyyə faktoru ilə bağlıdır. Dini dərindən başa düşən insanlar bu yola heç zaman getməzlər. Başqa bir ciddi səbəb yoxdur. Vəhhabilik təriqətinin digərlərindən hər cəhətdən müsbət haqqı olmalıdır ki, nəticədə cəlbedici olması anlaşılsın. Amma bu yoxdur. Bunlar olmadığı təqdirdə, bu təriqətin cəlbedici olmasının yeganə yolu maliyyə faktoru qalır. Ehtiyacları ödəndiyi üçün insanlar bu yola gedirlər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bu belədir”.

Politoloq onu da qeyd etdi ki, idmançılar maliyyə imkanlarını artırmaq üçün bu yola gedirlər: “Futbol sevilən bir sahədir. Bununla məşğul olan insanları cəmiyyətə daha çox tanıtmaq üçün maliyyə xərclənir. Çünki bu insanların vəhhabi təriqətinə məxsus olmaları digərlərinə örnəkdir. Bu təriqətin cəlbedici görünməyi üçün insanlara maliyyə xərcləyirlər. Məsələnin mahiyyəti budur. Bu elə bir virusdur ki, cəmiyyətdə asanlıqla yayılır. Cahil insanlar üçün bu təriqətə qoşulmaq çox asandır. Bütün bunların qarşısını almaq üçün, pul ehtiyacları təmin olunmalıdır. İnsanlar körpəlikdən mənsub olduqları dinin mahiyyətini anlamalıdırlar. Cihad anlayışının mahiyyəti başa düşülməlidir. Futbol çox gəlirli sahədir. Oyunçuların alınıb-satılmasında ciddi gəlir əldə olunur. Ona görə də, vəhhabilər bu sahədə daha aktiv görünürlər. Nəticədə Azərbaycandan olan bir çox gənci də bu prosesə qata biliblər”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button