Aktual

Əliyevlərin analoqsuz xarici siyasəti

Eldar Namazov: «Azərbaycan dövlətinin xarici siyasəti yoxdur, hakim ailənin xarici siyasəti var»

Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov “Azadlıq”a son müsahibəsində Brüsselə, Strasburqa və Berlinə səfərlərinin nəzərdə tutulduğunu, lakin hakimiyyətin bu səfərləri pozmaq üçün əlindən gələni edəcəyini bildirib.
Bundan əlavə, R.Ibrahimbəyov ABŞ-a səfəri zamanı Azərbaycan hakimiyyətinə lobbiçilik edən qüvvələrin ona görüşlər keçirməyə maneə törətməyə cəhd etdiyini, lakin görüşlərin baş tutduğunu deyib.
Bu, hakimiyyət dairələrinin müxalif mövqeli şəxslərin səfərlərinə ilk belə maneə deyil.

Milli Şura sədri aparatının rəhbəri Eldar Namazov Azərbaycanın rəsmi orqanlarının, konkret olaraq xaricdə fəaliyyət göstərən səfirliklərin bir çox hallarda dövlət orqanı, Azərbaycan vətəndaşının hüquqlarını qoruyan, müdafiə edən təşkilatlar kimi yox, hakimiyyətin sifarişini yerinə yetirən qurumlar kimi fəaliyyət göstərdiyini deyir: “Özüm də, müxalifətdə olan digər şəxslər də belə hallarla tez-tez rastlaşırıq. ABŞ-a son səfərim zamanı Dövlət Departamentində, Konqresdə görüşlər keçirirdim. Səfər zamanı Dövlət Departamentinin katibi, müavinləri ilə görüşüm, yüksək səviyyədə müxtəlif müzakirələrimiz oldu. Orda məlum oldu ki, Azərbaycan səfirliyi Dövlət Departamentinə müraciət edərək ”Eldar Namazovu qəbul etməyin” xahişini edib. Görüşdüyüm şəxslər deyirdi ki, səfirlikdən belə müdaxilələr olur. Konqresə gələndə bəlli oldu ki, Konqresdə bizim bölgəyə məsul olan şəxsin elektoron poçtuna səfirlikdən məktub yazıb xahiş ediblər Eldar Namazovla görüşməyin. Rüstəm Ibrahimbəyov da, Eldar Namazov da Azərbaycanın vətəndaşıdır. Ancaq biz müxtəlif ölkələrə səfərlər edəndə hakimiyyət tərəfindən səfirliklərə elə tapşırıqlar verilir ki, elə bil biz xalq düşməniyik. Işlərimizə mane olmağa, bizimlə görüşən təşkilatlara bununla bağlı narazılıq bildirməyə çalışırlar”.
E.Namazovun sözlərinə görə, bütün bunlar bir həqiqəti ortaya çıxarır. Azərbaycan dövlətinin xarici siyasəti yoxdur. Azərbaycanda hakim ailənin xarici siyasəti var. Hakim ailənin ABŞ-la, Avropa ilə münasibəti var. Bunun nə Azərbaycan vətəndaşlarına, nə də Azərbaycan dövlətçiliyinə aidiyyəti var. Çünki Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklərinin vəzifə borcudur ki, mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının xarici səfərlərinə nəinki mane olmasın, əksinə, yardımçı olsun: “Təəssüflər olsun ki, Azərbaycanda hər sahədə olduğu kimi xarici siyasətdə də analoqu olmayan hallarla rastlaşırıq. Dövlət adından çıxış edən rəsmi strukturlar, səfirliklər öz vətəndaşlarına qarşı belə çirkin işlərlə məşğuldurlar”.
E.Namazov ABŞ-a səfərlərinin birində üzləşdiyi maraqlı hadisəni də xatırlatdı: “ABŞ-a son səfərim zamanı uzun illərdir əməkdaşlıq etdiyimi Konqresin Helsinki Komissiyasının rəhbərləri ilə görüşdə onlar mənə maraqlı hadisə danışdılar. Onlardan biri daim Azərbaycanla, o cümlədən Azərbaycan dili ilə maraqlanırdı. Müxtəlif illərdə onunla görüşəndə hər dəfə Azərbaycan dilində ona bir neçə söz, cümlə öyrədirdim. Onlar mənə danışdılar ki, səfirlikdən məktub göndərib iki sual qoyublar: ”Eldar Namazovla görüşəcəksinizmi, ikincisi də əgər görüşsəniz, hansı səbəbdən və niyə görüşəcəksiniz?”. Birinci suala cavab veriblər ki, bəli, biz Eldar Namazovla görüşəcəyik. Ikinci suala da cavabı Azərbaycan dilində yazıblar: “o bizim dostumuzdur”. Bu əhvalatı Vaşinqtonda görüşdə danışanda biz xeyli güldük. Bu həm gülməli hadisədir, eyni zamanda acınacaqlı haldır. ABŞ rəsmiləri Azərbaycan səfirliyinə izahat verirlər ki, biz Eldar Namazovla dostuq, ona görə onunla görüşməkdə qəbahət yoxdur. Mənim öz dövlətimi təmsil edən səfirliklər isə belə çirkin işlərlə məşğuldur”.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button