ArxivQadin və hicabXəbər lentiXəbərlər

“Nə Azərbaycan cəmiyyəti, nə də mövcud şərait qadını qorumağa hazır deyil”

Cavid İmamoğlu: “Zorakılıq olan cəmiyyət inkişaf etmir”

Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı durmadan artmaqda davam edir. Əfsuslar olsun ki, bu gün fiziki zorakılıqla yanaşı qadınlar həm də mənəvi, psixoloji, iqtisadi və cinsi zorakılığa da məruz qalırlar. Təəssüflə qeyd edək ki, dünya statistikasındakı bu artım Azərbaycandan da yan keçmir. Belə ki, son vaxtlar ölkəmizdə qadın zorakılığı hallarının sayı durmadan artır. Əsasən ailədaxili münaqişələr fonunda yaranan problemlər sonradan ən yaxşı halda fiziki və psixoloji təzyiqlə, ən pis halda isə qətllə sona yetir.

Bəs görəsən qadına qarşı zorakılığı və qətlləri yaradan səbəblər hansılardır və bu problemdə günahkar kimdir?Problemin qarşısını almaq üçün hansı kompleks tədbirlərin görülməsi vacibdir?

İslaminSesinin ünvanladığı sualları tanınmış sosioloq Cavid İmamoğlu cavablandırıb. Sosioloq bildirib ki, bu gün nə Azərbaycan cəmiyyəti, nə də mövcud şərait qadını qorumağa hazır deyil: “ Bu gün gözümüzün önündə qadın ailədaxili münaqişənin qurbanına çevrilərək, qətlə yetirilir. Niyə cəmiyyət bundan narahat olmur?. İcra orqanlarında bir mexanizm mövcud deyil ki, insanları zorakılıqdan müdafiə etsin. Təəssüfləndirici haldır ki, məişət zorakılığı istər cəmiyyətin, istərsə də bəzi icra orqanlarının nəzərində sadəcə ailədaxili problem kimi qalıb”.

Cavid İmamoğlu bildirib ki, ailə daxilində qadınların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının məişət zorakılığı haqda qanunu var: “ Bu qanuna görə, məişətdə yaxın qohumluq münasibətlərindən istifadə etməklə nə qadının-kişiyə, nə də kişinin–qadına qarşı zorakı rəftarına icazə verilmir. Həm inzibati xətalar, həm də cinayət məcəlləsində bu kimi hallara qarşı müvafiq cəza tədbirləri müəyyənləşdirilib”.

Sosioloqun sözlərinə görə, bu gün məişət zorakılığına məruz qalan qadınlar hara və necə müraciət edəcəklərini bilmirlər: “ Bunun bir səbəbi odur ki, Azərbaycanda kifayət qədər sığınacaqlar, regional mərkəzlər yoxdur. Barmaqla sayılacaq bu cür mərkəzlər isə təlabatı ödəmir. Digər tərəfdən isə maarifləndirmə işinin zəif təşkil olunması nəticəsində, zorakılığa məruz qalan qadınlar mövcud sığınacaqların dəqiq ünvanını bilmirlər. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti əksər vaxtlarda qadına qarşı zorakılıqda məhz qadının özünü günahlandırır. Bu gün məişət zorakılığına münasibət bütün səviyyələrdə düzgün tənzimlənmir. İctimai qınağın zəif olması da zorakılıq hallarının artmasında müstəsna rol oynayır. Hüquq mühafizə orqanlarında məişət zorakılığı halları ilə iş aparmaq üçün sosial işçilərin və psixoloqların olmaması da, problemin həllinin uzanmasına təsir edir”.

Cavid İmamoğlu qeyd edib ki, hər bir halda qadına qarşı zorakılıq yolverilməzdir və bütün problemlər qanunla, eləcə də haqq çərçivəsində həllini tapmalıdır: “Bunun üçün isə biz qanunun aliliyini təmin etməliyik. Bu gün açıqlanan rəsmi statistikaya görə, Azərbaycanda hər 8 qadından 1-i fiziki zorakılığa məruz qalır. Qeyri-rəsmi statistika isə bundan dəfələrlə çoxdur. Heç bir halda gender əsaslı zorakılıq hallarına yol verilməməlidir. Çünki zorakılıq olan cəmiyyət inkişaf etmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button