ArxivXəbər lentiXəbərlər

Ailəsi Abgül Süleymanovdan narahatdır

Həbsdəki ilahiyyatçı Abgül Süleymanovun cəzaçəkmə müəssisəsi dəyişdirilib. Ancaq onun karantində saxlanıldığı, həbsxanaya yerləşdirilmədiyi bildirilir.

Bu haqda onun yaxınları danışıblar.

Ailəsindən bildirildiyin görə, A.Süleymanov bir müddət əvvəl Qaradağdakı 13 saylı cəzaçəkmə müəssisəsindən Qobustandakı 7 saylı qapalı xüsusi rejimli həbsxanaya, daha sonra isə 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Həmin müəssisədə saxlanma müddəti başa çatdığından o, iyul ayında Binədəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

“Ancaq onu uzun müddətdir həmin müəssisədə karantində və «kars»da (cərimə kamerasında) saxlayırlar. “Zon”a (müəssisəyə) göndərmirlər”, – yaxınları bildiriblər.

Sonuncu dəfə A.Süleymanovla həyat yoldaşı Zəhra Süleymanova avqustun 7-də görüşə bilib.

“O, mən görüşənədək cəzaçəkmə müəssisəsinə buraxılmayıb. Orda baş verənləri mənə danışdı. Müəssisəyə gətirilən kimi rəhbərlik onunla görüşüb. Deyir ki, sonra ona 15 gün “kars” cəzası veriblər. Həmin müddəti “kars”da saxlanıb. “Kars”ı bitib, yenə karantinə yerləşdiriblər. Karantin müddəti avqustun 7-də başa çatmışdı, ancaq yenə də cəzaçəkmə müəssisəsinə buraxmadılar”, – deyən həyat yoldaşı ərindən narahat olduğunu ifadə edib. O, bu günlərdə əlaqəli rəsmi qurumlara şikayət edəcəklərini vurğulayıb.

A.Süleymanovun cərimə kamerasina salınmasının səbəbinə gəldikdə isə, xanımı bunları deyib: “Rəhbərlik əvvəllər cəza aldığı çıxışlarına görə peşman olub-olmamasını soruşub. Abgül Süleymanov da hər zaman doğruları söylədiyini və buna görə peşman olmadığını söyləyib. Sonra “kars”a salıblar”.

Ailəsinin A.Süleymanovun cərimə kamerasına salınması və karantində tutulması barədə dediklərinə əlaqəli rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma
A.Süleymanovu 2011-ci il avqustun 11-də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları İsmayıllı rayonunun Lahıc qəsəbəsində – qayınatasının evində həbs ediblər.

O, bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

A.Süleymanov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub. O, zor tətbiq etməklə irqi, sosial, dini düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunurdu.

Abgül Süleymanov ittihamları qondarma adlandırıb və rədd edib. (turan)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button