Xəbərlər

Mövsüm Səmədov Azərbaycanda siyasi İslamın lideri ola bildimi?!

Mövsüm Səmədov yeni dövrdə formalaşan Azərbaycan siyasi İslamının potensial liderliyinə iddialı əsas namizədlərdən biridir.

İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov son illərdə baş verən proseslərdə Azərbaycandakı islamçı hərəkatın əsas liderlərindən birinə çevrilib. 2011-ci il yanvarın 2-də AİP Baş Məclisinin toplantısında hakimiyyəti sərt şəkildə tənqid edən M.Səmədov bir həftə keçməmiş həbs olundu. Ağır cinayətlərdə ittiham olunan M.Səmədov və partiyanın bir neçə fəalı 2011-ci ilin oktyabrında uzun müddətə azadlıqdan məhrum olundu. 12 il həbs cəzası alan M.Səmədov hazırda siyasi İslamın əsas fiqurlarından birinə çevrilib. İslam Partiyası 2013-cü il prezident seçkilərində Mövsüm Səmədovun namizədliyini irəli sürüb. Bu haqda bir qədər sonra.

Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il, sentyabrın 4-də Quba şəhərində anadan olub. Bu şəhərdə təhsil alıb. 1983-cü ildə M.Səmədov Azərbaycan Tibb Universitetinin “Müalicə proflaktika” fakültəsinə qəbul olub və 1990-cı ildə “Teropevt” dərəcəsi ilə universiteti bitirib. Hərbi xidmətdən sonra M.Səmədov bir müddət həkim işləyir. 80-ci illərin sonunda Milli-azadlıq hərəkatına qoşulan Mövsüm Səmədov daha sonra İslam Partiyasına qoşulur.

1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elmi Hövzəsində din dərsləri alır. 2002-ci ilin fevralında dərsini bitirib yenidən Azərbaycana qayıdır. 2007-ci ildə Mövsüm Səmədov AİP-in 6-cı qurultayında partiyanın sədri seçilir.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda yaradılıb. 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs edildikdən sonra AİP-in qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib. Uzun illər AİP-ə Nardaran qəsəbəsindən olan şəxslər rəhbərlik etdiyi üçün İslam Partiyası daha çox Bakı kəndlərinə bağlı bir siyasi təşkilat hesab olunurdu. Bu mənada nisbətən gənc və başqa regiondan olan Mövsüm Səmədovun AİP-ə rəhbər gətirilməsi bu qurumda dəyişiklik yaradacağı ilə bağlı fikirlərin ortaya çıxmasına səbəb oldu. Ancaq Mövsüm Səmədovun sədr seçilməsindən sonra ilk illərdə partiyanın həyatında elə bir dəyişiklik olmur. Sədr seçilənə qədər daha çox dindar, təvazökar ruhani kimi tanınan Mövsüm Səmədov sədr olduğu müddətdə də dindarlar arasında daha çox ixlas və imanı ilə tanınıb.

Ancaq sonrakı illərdə Azərbaycanda məscid sökülməsi, dini fəaliyyətlərə qadağa qoyulması ilə bağlı Mövsüm Səmədov hakimiyyəti sərt şəkildə tənqid edir. Eyni zamanda 2008-2009-cu illərdə Bakıda İsrail əleyhinə keçirilən aksiyalarda M.Səmədov fəal şəkildə iştirak edir, polis tərəfindən saxlanılır.

2010-cu ilin noyabrında Azərbaycan hökuməti orta məktəblərdə şagirdlərin baş örtüyünü qadağan etdikdən sonra yerli şiə icmaları qadağaya sərt etiraz edir. Etiraz edən icmalar əvvəlcə Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirir, daha sonra dindarlar Qafqaz Müsəlmanları İdarəsinə, eləcə də Prezident Administrasiyasına müraciət edirlər. Eyni zamanda dini icmalar arasında hicab qadağası ilə bağlı etiraz toplantıları keçirilir. Həmin vaxt İslam Partiyası sədri etirazçı ruhaniyyətin ön sırasında görünür. Və 2011-ci ilin yanvarın ilk günlərində hakimiyyəti sərt tənqid edən Mövsüm Səmədov az sonra həbs olunur və ağır cəzaya məhkum edilir.

Mövsüm Səmədov və partiyadaşları Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3, 228.3 və 278-ci maddələri ilə həbs ittiham olunub. İstintaq materiallarında Mövsüm Səmədovun Qubada yaşayan yəhudi vətəndaşlara qarşı terror hazırlaması ilə bağlı fraqment də keçir. Ancaq Milli Məclisin Quba rayonundan seçilmiş yəhudi əsilli deputatı Yevda Abramov yerli mətbuata müsahibəsində ittihamı tənqid edib. Yəhudi icmasının lideri Mövsüm Səmədovu yaxşı insan kimi xarakterizə edib: “Onun bütün qohum-əqrəbaları qəsəbəyə illərlə gəlib bizimlə görüşüblər. Mövsüm Səmədov yəhudilərə qarşı necə terror edə bilər? Kim bu ittihamı ona qarşı sürüb? Mövsüm Səmodovun yaxınları mənimlə ən yaxın adamlardır. Onlar həmişə və indi də qəsəbədə yaşayan yəhudilərin hüzr və şənlik məclislərində iştirak edib və edirlər. Onun yaxın qohumu, Qubanın axundu hər zaman bütün bayramlarda qəsəbədə olub. Mən çox təəccüb edirəm, bunlar nə olan şeylərdi. Başa düşə bilmirəm, söhbət hansı terrordan gedir?”

Eyni zamanda həbs olunması Mövsüm Səmədovu Azərbaycan ictimaiyyətinə daha da yaxından tanıtdı. Ölkənin aparıcı müxalifət partiyaları, siyasi-ictimai qurumlar, media həbsin siyasi sifariş olduğunu bildirdilər. Qərb yönümlü və hakimiyyətə yaxın media istisna olmaqla, əsasən, yayılan xəbərlər Hacı Mövsümün günahsız olduğunu müdafiə edirdi. Müsavat Partiyası, AXCP, eləcə də digər siyasi partiyalar həbsin siyasi sifariş olduğunu ilk gündən bəyan etdilər. Təxminən 1 il ərzində İslam Partiyası lideri və onun ittiham olunduğu cinayət işi ölkə gündəminin əsas mövzularından biri olaraq qaldı.

Ancaq ən mühüm məqam ölkədə son illərdə xeyli dərəcədə aktivləşən və böyük elektorata sahib dini camiənın rəyidir. Müşahidələr onu deməyə əsas verir ki, həbslərdən sonra İslam Partiyasının reytinqi xeyli dərəcədə artıb. Doğrudur, həbslərdən sonra partiyada yaranan pərakəndəlik, nizamsızlıq və eləcə də sonradan siyasi qərarlarda qeyri-stabil xəttin yürüdülməsi AİP-in nüfuzuna mənfi təsir etsə də, bütövlükdə həbslər və səs-küylü məhkəmə prosesləri uzun müddət İslam Partiyası liderlərini gündəmdə saxladı. Eyni zamanda dini camiənin gözündə Hacı Mövsüm və partiyadaşları əsas mübariz liderlərdən birinə çevrildi. Bu günə qədər İslam Partiyasını heç bir təsirli siyasi fəaliyyəti olmayan, əksinə, Azərbaycanda dini fəaliyyətə zərbə vuran qurum hesab edən dindarlar da Mövsüm Səmədovun həbsindən sonra bu quruma qarşı münasibətlərini dəyişdilər. İndi M.Səmədov birmənalı olaraq islami camiənin əsas liderlərindən biri kimi qəbul olunur.

Mövsüm Səmədov partiyası tərəfindən prezidentliyə namizəd irəli sürülüb. Əlbəttə, hazırda ağır cinayətdə ittiham olunaraq həbsxanada cəza çəkən Səmədovun MSK-da qeydiyyata alınıb seçkiyə buraxılacağı inandırıcı deyil. Ancaq aydın məsələdir ki, bu bir prosesdir, islamçılar liderlərini siyasi gündəmdə saxlamağa çalışırlar. Məsələnin daha bir mühüm məqamı da ondan ibarətdir ki, siyasətdə zaman anlayışı olmur. Bir neçə ildən (artıq Səmədov 3-cü ildir ki, məhkumluq həyatı yaşayır) həbsdən çıxdıqdan sonra Mövsüm Səmədov Azərbaycanda siyasi İslamın aparıcı liderlərindən birinə çevrilə bilər. Ekspertlərin fikrinə görə, onsuz da ildən ilə böyüyən narazı islamçı təbəqəyə bu gün (həm də sabah) təcrübəli, təmiz bioqrafiyalı liderlər lazım olacaq. Bu boşluğu Mövsüm Səmədov kimi şəxslər doldura biləcək.

Birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button