ArxivNardaranXəbər lentiXəbərlər

“Şeytana daş atmış sayılıram” – Nardaran məhkəməsindən

Təcridxana rəhbərliyi “Nardaran məhbusları”na töhmət verib
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrində təqsirləndirilən digər şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

“Şeytana daş atmış sayılıram”

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov bildirib ki, dünən şahid Şahlar Cəfərova ayaqqabı atıldığı üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən onlara töhmət verilib: “Ayaqqabı atmaq pis bir şey deyil ki. O vaxt Amerika prezidenti Corc Buşa da ayaqqabı atmışdlar. Bir neçə il əvvəl Bakı Apellyasiya Məhkəməsində qanunsuz hökm çıxardığı üçün hakim Mirpaşa Hüseynova da ayaqqabı atmışdılar. Onların bizə etdikləri zülmlər bağışlanmazdı. Qarşıdan Qurban bayramı gəlir. Biz Kərbəlaya , Həccə getmək istərdik. Lakin bizim Kərbəlamızı Nardarana saldılar. Həccimizi buraya saldılar. Dünən şeytan xislətli adama ayaqqabı atmışam. Şeytana daş atmış sayılıram”.

Abbas Hüseyn
Abbas Hüseyn.

Hakim isə deyib ki, bu, onların qərarı olmayıb:”Biz sizi qaydalara əməl etməyə çağırırıq. Bura çağırılan şahidlərin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur. Biz yalnız burdakı nəzarətçilərə göstəriş verə bilərik. Təcridxanada sizə töhmət verilməsi məsələsi bizim səlahiyyətimizdə deyil”.

“Süni güc nümayiş etdirirlər”

Daha sonra iclasda vəkillər Nemət Kərimli və Yalçın İmanov bildiriblər ki, bu gün onların yanlarında əllərində silah olan Penitensiar Xidmətin Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşları oturublar. Vəkillər onların bu hərəkətini narazılıqla qarşılayıblar. Bildiriblər ki, bu, diskonfort yaradır: “Burada hamı sizə tabedir. Deyin, başqa yerdə gedib əyləşsinlər. Biz gəlib sizin yanınızda, ya prokurorun yanında oturmuruq ki”.

Fuad Qəhrəmanlı isə bildirib ki, bu, süni güc nümayiş etdirməkdir: “Əgər belə olsa, biz hamımız üzümüzü divara çevirəcəyik və heç nə danışmayacayıq”.
Taleh Bağırzadə isə onların şahidlərin yanında durub, onları qorumlarını təklif edib. Hakim Əlövsət Abbasov isə həmin şəxslərin vəkillərin yanından duraraq birinci sırada əyləşmələri barədə göstəriş verib.

“Müstəntiqin yazı tərzi eyni olub”

Sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Vüqar İsgəndərov ifadə verib. Şahid bildirib ki, 15 dəqiqə atışmadan sonra, o, içəri daxil olub və həyətdə bir nəfəri zərərsizləşdirib: “O, mənə tərəf qaçdı. Əlində bıçaq var idi. Mən onu zərərsizləşdirdim. Üzərindən beşbarmaq, partlayıcı maddə çıxdı. Adı Əli idi”.

Şahid sualları cavablandırarkən bildirib ki, Nardarana iki xüsusi avtomobillə gediblər, hadisədən mənəvi zərər çəkib və sarsılıb, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur.

Vəkil Yalçın İmanov ondan Əli Nuriyevin bədənində olan xəsarətlər barədə soruşub. Bildirib ki, ekspert bununla bağlı rəy verib. Şahid onu zərərsizləşdirən zaman yıxıldığını, xəsarətlərin bundan yarandığını deyib.

Vəkillər ondan nəyə görə bütün şahidlərin eyni ifadə vermələrinin səbəbini soruşub. Şahid “ola bilsin ki, müstəntiqin yazı tərzi eyni olub. Çünki ifadələri onlar deyib, müstəntiq yazıb” – cavabını verib.

“Bu xalq normal hakimiyyət görməlidir”

Daha sonra iclasda fasilə elan edilib. Fasilə zamanı çıxış edən Taleh Bağırzadə deyib ki, hakimiyyət Allahlıq iddiasındadır: “Bütün haqlarımızı əlimizdən alıblar. 11 sentyabrda mitinq olacaq. İndidən qorxuya düşüblər. Zülmlə ölkəni idarə etmək olmaz. Nardaran hadisələri olmasaydı, bunların zülmü açıqlanmayacaqdı. Biz hakimiyyətlə üzbəüz dayanmışıq. Bu xalq normal hakimiyyət görməlidir”.

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)
Fasilədən sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müslüm Tarverdiyev də ifadə verib. O, da oxşar ifadə verərək bildirib ki, Nardarana gedəndə silahlı müqavimət olmasını gözləməyiblər. Həyətdə əlində bıçaq olan Şamil Abduləliyevi saxlayıb. Onun cibindən qumbara tapılıb.
Vəkil Yalçın İmanov isə bildirib ki, Ş. Abduləliyevin bədənində olan güllə yaraları var. Vəkil bunun nədən yarandığını soruşub. Şahid atışma zamanı baş verdiyini ehtimal etdiyini deyib. Onun üzərində olan digər xəsarətlərlə bağlı sualı cavablandıran şahid isə Ş.Abduləliyevin yıxılan zaman xəsarət aldığını deyib. Vəkil şahiddən Şamil Abduləliyevə tibbi yardım göstərməsi barədə də soruşub. Şahid tibbi yardım göstərmədiyini, bunu bacarmadığını deyib. M.Tarverdiyev həmçinin qeyd edib ki, atışma zamanı silahdan atəş açmayıb.

Şamil Abduləliyev isə onu saxlayan şəxsin Ş.Tarverdiyev olmadığını deyib. Bildirib ki, o, bayıra çıxanda qarşılaşdığı polis onu güllələyib. Daha sonra kənd camaatı onu xəstəxanaya aparıb: “Çölə çıxan kimi göygöz, hündürboylu polis məni güllələdi. Mən də evə qayıtdım. Orada Hacının əlini bağladıqdan sonra dubinkla ilə döyməyə başladılar. Orada döyülənlərdən biri də mən idim. Sonra kənd camaatı məni maşınla xəstəxanaya apardı. Orada bir ay yarım qaldım. Baxmayaraq ki, bizi ağır maddələrlə ittiham edirlər. Amma biz elə əqidənin və ürəyin sahibləriyik ki, hətta bizim üzümüzə duran polisləri belə bağışlamağa qadirik. Müstəntiqin yanında bu adamla üzləşəndə müstəntiq bayıra çıxdı. Biz ikimiz təklikdə qaldıq. Mən orada həmin bu Müslüm üçün Allahdan bğışlanma dilədim və arzu etdim ki, bir də belə vəziyyətə düşüb, yalandan şahidlik etməsin. O da bildirdi ki, öz iradəsindən asılı olmayaraq məcburi belə ifadə verir. Çıxanda da əlimi sıxdı”.
Şahid Müslüm Tarverdiyev isə onunla görüşdüyün təsdiq edib: “Biz düşmən deyilik ki. Görüşmüşəm, amma başqa söhbətlər olmayıb”.

“Doğulan uşaq rüşvət verməsə, dünyaya gələ bilmir”

Təqsirləndirilən İbrahim Xudaverdiyev isə qısa çıxışı zamanı ölkədə baş verənlərdən narazılıq edib: “Ölkəni elə günə salıblar ki, doğulan uşaq rüşvət verməsə, dünyaya gələ bilmir. Balıq başdan iylənir”.

Təqsirləndirilən Abbas Hüseynov isə bildirib ki, demokratik ölkədə belə yalan ifadə verən şəxsi həbs edirlər: “Hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib yalandan ifadə verirlər. Hər gün onlarla insan şərlənərək həbs edilir. Bu, heç kimə sirr deyil. İlham Əliyev ölkəni tənəzzülə aparır”.

Proses sentyabrın 14-də davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button