ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zamin Salayevin anası prezidentə müraciət etdi

“Məni bu əzabdan qurtarın, ciyərim yanır…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 102 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevin (ailəsi və partiyadaşları onu Əlizamin adlandırır) anası Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək, oğlunun azadlığa buraxılmasını xahiş edib.
Şamama Salayeva müraciətində vurğulayıb ki, oğlunun həyatı təhlükə altındadır, onun ölümünə sayılı günlər qalıb. O, ölkə rəhbərliyindən xahiş edir ki, göz görə-görə övladının ölməsinə imkan verməsinlər.
“Məhkəmədə oğlumu ölümcül vəziyyətdə görəndən bu yana nə gecəm var, nə gündüzüm. Hər dəqiqə o ağır xəbəri alacağım qorxusuyla yaşayıram. Bir ana üçün bu sözlə ifadə olunmayacaq qədər ağır əzabdır. Sizdən bir ana olaraq xahiş edirəm, məni bu əzabdan qurtarın. Ciyərim yanır…”.
Zamin Salayevin himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu yada salan Şamama Salayeva bildirir ki, o qız belə, məhkəmədə atasının durumunu görəndən sonra yemək yeyə bilmir:
 “Oğlumun yoldaşının, qızının üzünə baxa bilmirəm. Xahiş edirəm, buraxın onu, yarımcan vəziyyətdə də olsa, gəlsin ailəsinin üstünə…”.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.
Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.
O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. O meraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.
Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.
Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button