ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Ucuz satsaq,  xeyrimiz nə olacaq?” – Bayramı fürsət bilən ticarətçilər

Alıcılar isə qiymətlərin bahalığından şikayətlənirlər

Göyçayda 15-ci ənənəvi Nar bayramı keçirilir.
Üç illik fasilədən sonra minlərlə yerli və əcnəbi turist rayona üz tutub.
İki gün davam edən bayramda 20-yə yaxın müxtəlif kənd və idarələrə məxsus masalarda nar  və nardan hazırlanmış məhsullar, əl işləri, içki və digər təamlar nümayiş etdirilir.
Əvvəlki nar bayramları çeşid və möhtəşəmliyinə görə seçilirdi. Bu dəfə də iştirakçılıq, gələn qonaq sayı çox idi, aktivlik vardı. Çıxışlar maraqlı idi. Sadəcə, alıcılıq azdır. Masamızda nardan  tutmuş nar kətəsinə qədər, hətta döşəmə plov da var. İsti kətələr pulsuz idi, ancaq digərləri satılırdı”, – deyə masa təmsilçilərindən Rəqiyyə Məmmədova bildirir.
Üç il fasilə fermerlərin əl qolunu bağlamışdı”
Çaxırlı kəndini təmsil edən masaya daha çox tələbat vardı. Orucəli Qəniyev adlı masa təmsilçisi üç illik fasiləni nar satıcıları və məhsul təqdimatçıları üçün fürsət bilir:
Üç il fasilə fermerlərin əl qolunu bağlamışdı. Bayrama ona görə daha çox məhsul gətirmişik. Masada nardan çoxlu şirniyyatlar var. Bizim masada 2 manatdan 5 manata qədər nar çeşidi var. Nardan şirə, nar şərabı, nardança, nar marmeladı da var ki, 5 manatdan satırıq. Olmayanda aşağı salırıq ki, əlçatan olsun. Yeganə “qaragilə” nar sortu bizdədir. 5 manatdan satırıq. Bu da bir fürsətdir”.
Gəncədə nar buradan ucuzdur”
Bayramın müsabiqə yarışları və konsert hissəsi xoş, sərgi, satış tərəfi çoxsaylı bir çox qonaqları pərişan etdi. Yarmarkaya çıxarılan və kənd masalarında nümayiş etdirilən 10-a yaxın nar sortu və nardan hazırlanmış müxtəlif  məhsullar od bahasına satılır.
Ümumilikdə, 25 kənddən 10 tona yaxın məhsul yarmarkaya gətirilib. Alıcılar qiymətin baha olduğunu deyir. Alan da vardı, almayıb əli boş qayıdan da…
Gəncədən turla gəldik. Televizordan görürdük, dedik ki, ilk dəfə iştirak edək. Nardan hazırlanan əl işləri, eksponatlar yaxşı idi, tərtibat maraqlı gəldi. Ancaq nar məhsulları və narın özü baha olduğundan ala bilmədik. Gəncədə nar buradan ucuzdur. Burada orta ölçülü narın birini 2 manata verirlər. Yaxşı nar Gəncədə 80 qəpik və ya 1 manatadır. Biz düşündük ki, burada ucuz olar, əksinə, dəfələrlə baha imiş. Şərabı dadlıdır, şirəsi acı dadırdı. Heç nə almadıq”, – deyə Gülnarə Məmmədova bildirir.
“3 manata nar olmaz axı”
Bakıdan həvəslə bayrama gələn Gülnisə Həbibova da pərişan idi. Bir ədəd nara 3 manat xərcləyib:
Festival gözəldir, amma narı çox baha satırlar. “Çörək pulu” deyib satırlar, ancaq bir tək nar 3 manata olmaz axı. Sonra bir digər yerdən 1 kiloqramını 3 manata aldıq. Gördük ki, qiymət alveri gedir. Daha sonra bir yerdən xırda narı 2 manata aldıq. 3 manata “Qızıl Əhmədi” alma aldıq. Başqa vaxt 1-2 manatdır”.
Qiymətləri baha deyil, xərci çoxdur”
Göyçaylı bağbanlar isə bahalığı hava şəraitindən dolayı məhsuldarlığın az, çəkilən xərcin, zəhmətin çox olması ilə əlaqələndirirlər.
Yarmarkada əsas Bığır narı satılır. Digər yerlərdən də var. 2 manatdan 13 manata qədər nar sortları var. Bizim masada ancaq iri ölçülü narlardır, özü də ən dadlı və nadir sortlar. Qiymətləri baha deyil, xərci çoxdur. Ancaq bahalı narı alan olmur, əsas 2-3 manatlıq, bəzən çox alana qiymətində yaxşı endirim etdiyimiz narlar olur. Bu narlar xüsusi saxlanılıb, əziyyət çəkilib, ucuz satsaq, nə xeyrimiz”, – deyə bığırlı bağban Müşfiq İftarzadə qeyd edir.
“Hamı ucuz qiymətə axtarır…”
Rəşad Məmmədov da deyir ki, iki günə yarmarkaya gətirdiyi bütün məhsulu satmaq niyyətindədir. Çünki yarmarka onların əsas satış bazarıdır:
Yarmarkaya 800 kiloqramla gəldik. Hələ ki 150 kiloqram satmışam. Qiymətlər 1 manatdan 10 manata qədərdir. Bahadır, çünki məhsul hava şəraitinə görə azdır. Ötən il 30 ton məhsul almışdım, bu il 6 ton. Mən də nə qədər xərc çəkmişəm. Bunu elə qiymətə satmalıyam ki, xərclərimi ödəsin. Şərabın, şirənin qiyməti  3-15  manat arası dəyişir. 200-300 kq məhsulla gələn var. Hamı ucuz qiymətə axtarır, narın da baxımı, qulluğu, dəyən ziyan ucuz başa gəlmir. Ziyan, çürümə çox oldu. 3-4 manata bir ədədi olan əla sort narlar var”.
Ənənəvi Nar bayramı 2006-cı ildən keçirilir.
Pandemiya və müharibəyə görə üç il fasilə verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button