ArxivXəbər lentiXəbərlər

Türk əsgərlərini yandıran İŞİD-çilər Türkiyədə həbs olunubmuş- FOTO

Ötən ilin sonunda Suriya torpaqlarında İŞİD tərəfindən əsir alınan 2 türk əsgərinin yandırılaraq öldürülməsi görüntüləri hər kəsi şoka salmışdı. Sözügedən hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələri araşdırma aparıldığını söyləsə də, hələ bu barədə heç bir rəsmi açıqlama yoxdur. Düzdür, sonradan ayrı-ayrı şəxslər tərəfindən videonun İŞİD tərəfindən hazırlanan təbliğat materialı olduğu söylənildi və heç kəsin yandırılmadığı qeyd edildi, amma rəsmi təkzib başqa məsələdir.
 
FaktXəbər-in məlumatına görə, Türkiyə mediası yandırılma görüntülərində yer alan 3 İŞİD terrorçusundan ikisinin kimliyini artıq müəyyənləşdiriblər. 
 
Məlumata görə, onlardan biri türkcə – danışan və Türkiyəni təhdid edən şəxs Türkiyə vətəndaşı Həsən Aydındır. Onun 3 il ərzində Türkiyədə 2 dəfə həbs edilib buraxıldığı məlum olub. Digər şəxs isə Suriya əsilli Heysam Kassabdır.
 
Jurnalist araşdırması zamanı o da məlum olub ki, Suriyada biri əsgər iki Türkiyə vətəndaşının qaçırılması, o cümlədən, İŞİD-in təbliğat materiallarında yer alan Həsən Aydının ailəsi 40 il əvvəl Diyarbəkirin Çermik rayonundan Adananın mərkəzindəki Yüreğir rayonuna köçüb.
 
İŞİD-in türklərdən təşkil etdiyi “Yaşar Qrupu”ndakı edam dəstəsində yer alan Həsən Aydın 2013-cü ildə Adanada polisin keçirdiyi Əl-Qaidə əməliyyatında, 2015-ci ildə isə Hataydan Suriyaya keçmək istədiyi vaxt saxlanılıb, daha sonra isə məhkəmə zalından azadlığa buraxılıb.
Hataydan Suriyaya keçmək istəyərkən saxlanılan Həsən Aydının sürdüyü mikroavtobusda hərbi materiallar və dron ələ keçirilibmiş. 
 
Evli və iki uşaq atası Həsən Aydın 8 may 2015-ci il tarixində ailəsiylə birlikdə qəfildən yoxa çıxır. Qardaşları onun itkin düşməsi barədə polisə müraciət edir. Bundan 4 ay sonra qohumlarına zəng edən Həsən Aydın, “Suriyaya gəlmişik. Membiçdəyiz, biz yaxşıyıq, narahat olmayın”, – deyərək İŞİD sıralarına qoşulduğunu söyləyib.
 
Həsən Aydının iki qardaşı Rəmzi ilə Rəcəb Aydın isə 31 dekabr 2015-ci il tarixində Adanadakı əməliyyatda saxlanılaraq barələrində həbs qərarı çıxarılıb. Eyni əməliyyatda saxlanılan digər qardaşı Davud Aydın isə məhkəmədə şərti azadlığa buraxılıb.
 
Amma bu da hamısı deyil. Türkiyə parlamentində məsələni gündəmə gətirən CHP millət vəkili Eren Erdem çıxışında Suriyadakı İŞİD üzvlərinin kimyəvi silah olaraq istifadə edilən sarin qazı xammalını Türkiyədən aldığını söyləmişdi. O, bu məlumatların Adana Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə yer aldığını bildirərək, “Adana Respublika prokuroru Mehmet Arıkan sarin qazı məsələsi haqqında əməliyyat həyata keçirib. Məsələ ilə bağlı bəzi şəxslər saxlanılıb. Amma başa düşdüyüm qədər, Mehmet Arıkan təsir gücü olan bir şəxs olmayıb. Bir həftə sonra o vəzifəsindən azad edilib və yerinə yeni prokuror təyin olunub. Yeni prokuror isə saxlanılan bütün şəxsləri azad edib, onlar isə Türkiyəni tərk edərək Suriyaya gediblər”, – deyib.
 
Xatırladaq ki, 28 may 2013-cü il tarixində Adanada Əl-Qaidənin Suriya qolu olan Nusra Cəbhəsi üzvlərinin evində əməliyyat aparılmış, basqında iki kiloqram öldürücü sarin qazı və çoxlu sayda elektron cihazlar və sənədlər ələ keçirilmiş və 12 nəfər saxlanılmışdı. Ələ keçirilən maddənin sonradan  sarin qazı olmadığı iddia edilərək, iş bağlanmış, şübhəlilərlə birlikdə saxlanan türk vətəndaşları 17 iyul 2013-cü ildə azad edilmişdi.
 
O vaxt əməliyyatda ələ keçirilən kimyəvi maddələrin sarin qazı deyil, anti-firiz olduğu iddia edilmişdi. 2013-cü ilin avqustunda Suriyanın paytaxtı Dəməşqin Şərqi Quta bölgəsində edilən kimyəvi hücumda istifadə edilən sarin qazı barədə amerikalı nüfuzlu jurnalist Seymour Hershin yazdığı məqalə mübahisələri yenidən gündəmə gətirmişdi.
 
Bundan sonra xüsusi səlahiyyətli Adana X Ağır Cəza Məhkəməsində 1-i məhbus olmaqla 6 müttəhim barəsində cinayət işi açılıb. 132 səhifəlik iddianamədə 37 yaşlı məhbus “Abu Salah” ləqəbli Suriya əsilli Heysam Kassaba “silahlı terror təşkilatına üzv olmaq” və “silahlı terror təşkilatını silahla təmin etməyə cəhd” maddələri ilə 25 ilə qədər, Halid Usta, Halid Unalkaya, İbrahim Akça, Bekir Karaoğlan və Raif Aya isə “silahlı terror təşkilatını silahla təmin etməyə cəhd” maddələri ilə 15 ilə qədər həbs cəzası istənilib.
 
Bütün müttəhimlər ittihamları qəbul etməyib. Sadəcə, müqəssir Kassab Azad Suriya Ordusuna ərzaq və humanitar yardım apardığını söyləyib. Məhkəmə heyəti Heysam Kassabın ölkədən çıxarılmasına qərar verib.
Daha sonra aparılan laboratoriya araşdırmalarında müsadirə edilən kimyəvi maddələrin qarışdırılması ilə sarin qazı yarandığı ortaya çıxıb. İş yenidən prokurorluğa qaytarılıb və azadlığa buraxılan Heysam Kassab barəsində həbs qərarı çıxarılıb. 
Məhkəmə heyəti fərari Heysam Kassab barəsində “terror təşkilatı üzvlüyü” cinayəti ilə 12 il həbs cəzası çıxarıb. Kassaba kömək etdiyi bildirilən 5 Türkiyə vətəndaşı isə cinayətin hazırlıq mərhələsində olması və bunun da qanunda cinayət kimi tanınmaması üzündən bəraət alıb.
 
Görünən odur ki, Əl-Qaidə əməliyyatında saxlanılan, sonra isə azadlığa buraxılan şəxslərdən ikisi – Həsən Aydın və Heysam Kassab türk əsgərlərinin yandırılması görüntülərində iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button