ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Toyundan 2 gün sonra həbs olunan inanclı fəal: “Polislər dedi ki, sən getməlisən…”

“Rəis müavini silah məsələsinə razılaşmadı”

Toyundan 2 gün sonra – martın 17-də həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü Cavid Allahverdiyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 4 il azadlıqdan məhrum edilib.
Məhkəmə Cavid Allahverdiyevə qarşı ittihamı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik daşıma, saxlama) maddəsindən 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə dəyişib. Əvvəlki maddənin sanksiyası daha ağır idi – 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulurdu.
İttihama əsasən, Cavid Allahverdiyevin cibindən 33 qramdan bir qədər artıq narkotik tapılıb. O, Biləcəri dairəsi yaxınlığında saxlanılaraq, 26-cə polis bölməsinə gətirilib.
1996-cı il təvəllüdlü Cavid Allahverdiyev özünü təqsirli bilmir, bu ittihamın saxta olduğunu deyir. O, məhkəmədə ifadəsində də bildirib ki, əksinə, gəncləri narkotik bəlasından uzaq olmağa çağırır, narkotiklərin yayılmasına qarşı mübarizə aparırdı.
Onun sözlərinə görə, toyundan iki gün sonra Biləcəri dairəsi yaxınlığında avtomobil təmiri sexindən bibisi nəvəsi ilə birlikdə çıxanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4 əməkdaşı onları saxlayıb, hansının Cavid olduğunu soruşublar. Daha sonra onu Yasamal rayonu, 26-cı polis bölməsinə aparıblar:
Mənə polislər dedilər ki, “sən getməlisən, rəis müavinindən xahiş elə, səni silahla “oformit” eləsin, cəza çox yuxarı olmasın”. Mən, hətta telefonumu da verdim ki, baxsınlar, görsünlər ki, heç bir pis işlə məşğul deyiləm. “Bolt”da kuryer işləyirəm. 19 yaşımdan ibadətlə məşğulam. Namaz qılıram, orucumu tuturam. Başqa heç bir pis işin sahibi deyiləm. Rəis müavini silah məsələsinə razılaşmadı. Dedi ki, elə 234.4.3-lə getməlisən”.
Cavid Allahverdiyev əlavə edib ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada işgəncə və “tok”a verməklə hədələyiblər. Bu cür psixoloji təzyiqlər altında cibindən tapıldığı iddia olunan 33.181 qram narkotikin ona məxsus olması, onu Kubinkadan 500 manata alması barədə etiraf ifadəsinə imza atıb: “Mən tutulanda bir gün yarım olardı ki, ailə qurmuşdum. İstəmirdim ki, polislər məni döyüb şikəst eləsinlər”.
Dini inanclı fəal əlavə edib ki, saxlanılanda cibində 400 manat da pul vardı. Həmin pulu da polis bölməsində götürüblər və nə özünə, nə də ailəsinə qaytarıblar.
Məhkəmədə şahid qismində dindirilən 26-cı polis bölməsinin əməkdaşları isə pulun qaytarıldığını iddia edib. Onlar həmçinin Cavid Allahverdiyevin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat aldıqlarını, onun əsasında əməliyyat keçirib, onu saxladıqlarını bildiriblər.
Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, hazırda təşkilatın 50-dən artıq üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.
İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir. Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını bildirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını  bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button