ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tbilisidə Azərbaycan ilə İran arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dekabrın 23-də Tbilisidə İranlı həmkarı ilə görüşüb.

Qafqaz.ir  xəbər verir ki, F.Quliyev Əkbər Qasemi Əliabadini İran İslam Respublikasının Gürcüstanda yeni səfiri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Faiq Quliyev son vaxtlar bölgədə cərəyan edən proseslərdən, 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzdən danışıb, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpasının təkcə Azərbaycan deyil, bütün region üçün müsbət dəyişikliklərə səbəb olacağını bildirib.

F.Quliyev Azərbaycanın apardığı Vətən müharibəsində İran dövləti və xalqının nümayiş etdirdiyi həmrəyliyə və prinsipial mövqeyə görə minnətdarlığını bildirib.

Öz növbəsində səfir Əkbər Qasemi Əliabadi İran ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulan münasibətlərin hər iki dost xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasını ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığı müharibədə şanlı Qələbə münasibətilə təbrik edib, İranın bu ədalətli mövqeyə göstərdiyi dəstəyi bir daha vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan ilə İran arasında bərqərar olmuş mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstan ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması nəticəsində Cənubi Qafqaz bölgəsində müxtəlif formatlarda çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yarandığı xüsusi qeyd olunub.

Tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminliklərini bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button