ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadəgili niyə vəhşicəsinə döyüblər?

Nardaran qətliamı: siyasi tozanaq yatandan sonra…

Nardaran qətliamı ilə bağlı bir məqaləm çap olundu. Ikincini yazdığım gün Tale Bağırzadəgilin məhkəməsinə təsadüf etdi. Çox çətin oldu. Bir cümlə, abzas yazırdım, sonra dayanıb məhkəmədəki işgəncə dolu ifadələri oxuyub, beynimdə canlandırıb, yazdıqlarıma baxırdım. Reallıqla tutuşduranda yazdıqlarım son dərəcə sönük, lazımsız görünürdü. Nardaran qətliamı mövzusunda yazdığım hər şeyi üst-üstə toplayanda məhkəmədə ifadə verən o günahsız insanların çəkdikləri bircə quru ahın çəkisinə bərabər bir şey alınmırdı. Ona görə də dəfələrlə yazdım, pozdum. Hətta qərara gəldim ki, daha nə yazmaq… Bu o tez-tez eşitdiyimiz “qələmin aciz qaldığı” situasiyadır…

Lakin yazmamaq da olmur. Kaş ki, günahsız insanları tezliklə azad etmək, onları işgəncənin qanlı caynağından qurtarmaq üçün bacara bildiyim başqa bir şey olaydı. Hələ ki, yoxdur, belə bir imkan. Yazmaq indi, mənim üçün xoşməramlı qaranquşun böyük bir alovu söndürmək üçün dimdiyində su daşımasıdır. Bu məqalə nə Nardaran faciəsinin nəticəsini aradan qaldırandı, nə də o günahsız insanların məşəqqətini… Amma bu yekəlikdə yazılarla cəmi bir nəfər də əsl həqiqətin nədən ibarət olduğunu qavrayacaqsa, bu, əməlli-başlı nailiyyətdir. Axı bizə qədim əyyamlardan öyrədiblər: bir nəfər oyaq min yatmışı yuxudan qaldıra bilər. O bir nəfər naminə! Insana da yazmaq üçün cəsarəti belə kövrək ümidlər verir.

(İkinci yazı)

Sübut olsaydı, işgəncəyə ehtiyac qalmazdı…

Nardaran məhbuslarına “Bandotdel” kimi tanınan yerdə verilən işgəncələr, bu məqsədlə istifadə olunan metodlar qəlbi olan hər kəsi hiddət və qüssə ilə boğmaq qüdrətindədir. Əli-qolu bağlı insanlara fiziki heyvani güc tətbiq edilməsi, meyitlərə qarşı həqarətli münasibət, vətəndaşın namusunu, ismətini şantaj aləti etmək, təhqirə məruz qoymaq – bunlar hamısı dəhşətdir. Bu dəhşətdən daha dəhşətlisi isə odur ki, insanlara heç nəyə görə bu işgəncələr verilib. Daha dəqiqi, olmayan bir şeyi boyunlarına almaları üçün…

Zümrüd Yağmur xanım bu xüsusda ötən günlərdə çox sanballı suallar qoyub, təkrarla sizi yormayım deyə, ora qayıtmıram. Sadəcə, bunu deyirəm: Tale Bağırzadəgilin əleyhinə əldə əsaslı dəlillər olsaydı, onlara işgəncə verməyə nə hacət qalardı? Hətta onlar ifadə verməsələr belə, mühakimə edilib, lazımi hökmü oxumaq mümkündür. Lakin görünən bu ki, istintaq orqanı adlı işgəncə maşınının əlində şərləmədən və böhtandan başqa heç nə yoxdur. Buna görə də insanlara ağlagəlməz işgəncələr verib, öz iradələri əleyhinə aldıqları ifadələrlə hökm oxumaq istəyirlər.

Tale Bağırzadənin “sınmamasının” yaratdığı qəzəb

Zülmə baxın, bu insanlar bir nəfərin burnunu qanatmayıb, kiminsə mülkiyyətinə əl uzatmayıb, quldurluq eləməyiblər – heç nə! Sadəcə, müəyyən bir əqidə daşıyıcısı olublar. Üstəlik, belə bir əqidəni daşımağa ona ölkədəki, dünyadakı bütün qanunlar icazə verir. Belə olduğu halda, həbs edilənlərə verilən işgəncənin ilhamvericisi nədir, bu insanlara qarşı qəzəbi nə körükləyib? Məncə, aşağıdakılar…

Tale Bağırzadə yalanla barışmayıb, ölkədə tüğyan edən, qeyri-rəsmi formada dövlət siyasətinin bazar prinsipi elan edilən “yaltaqlıq, oğurluq, yalançılığa” qarşı çıxıb. Dəfələrlə təzyiq, təqib, həbs, fiziki zorakılıq görsə də, bu cəhalətə yenilməyib. Bu isə avtomatik qəzəb doğurur. Bürokratik şər aparatında çalışan sınmışlar, yalana, yaltaqlığa boyun əyənlər üçün məğrur insan duruşu özü bir həqarət və təhlükədir. Onlar eynən bu cür fikirləşirlər: “Nə təhər ə, mən yaltaq olacam, sən yox?! Mən yalançı olacam, yalanı alqışlayacam, sən tərsini edəcəksən?! Məndən artıqsan?!”

Inanın ki, əsas motiv budur. O işgəncə maşınının sükanında oturan, vinti olan üçün sekulyarizm, din, şəriət və s. mövzular anlaşılmaz, 45-ci dərəcəli məsələlərdir. Öz aramızdı, biz elə böyür-başımızdan tanıyırıq da, kimlər polisə hansı keyfiyyətlərinə, qabiliyyətlərinə görə gedir, götürülür.

Yolunu azanlara çağırış…

Bəzən içi mən qarışıq, bir çoxumuz rejimin çirkin işlərində alət olan bu zombilərə, manqurtlara çağırışlar edirik. Onları tarixdən, gözümüzün qabağında olub-bitənlərdən ibrət almağa səsləyirik, insanlığa dəvət edirik. Bəzilərimiz inanırıq ki, bu insanlar cahildir, nə elədiklərini anlamırlar, onları başa salmağa, qanunları, hansısa ali məramlı mətnləri onlara tanıtmaq istəyirik, iqtibaslar veririk və s. Pis niyyətli iş deyil. Lakin hər dəfə belə şeylər olanda mənim yadıma bir dəfə şahid olduğum hadisə düşür.

Haçansa yas mərasimlərinin birində idik. Bilirsiniz ki, belə məclislərdə baş qəhrəman bir qayda olaraq, molla olur, lakin onun yerinə bəzi “titulsuz qəhrəmanlar” da vaxtaşırı iddia edir. Onlar əsasən çəp suallar hazırlayıb, mollanı pərt hala salmaqla, məclis üzərində avtoritetlərini təsdiqləmək istəyənlərdir. Həmin “titulsuz sənətkardan” bizim olduğumuz məclis də xali deyildi və o, “Yasin” bitər-bitməz mollaya dedi ki, möhtərəm molla, niyə bu “Yasin”i ana dilimizdə oxumursunuz? Oxuyun, biz avamlar da bilək ki, orada bizə nə tapşırılır, nəyi eləmək lazımdı, nəyi yox. Indi sən ərəbcə oxudun getdin, baş açmadıq ki, Allah bizə nə əmr edir.

Gözəl replika idi, ancaq neyləyəsən ki, daş qayaya rast gəlmişdi.

Molla cavab verdi: “Əziz qardaşım, ”Yasin”də yazılanları hələlik qoy qalsın, sən hələ Allahın başa düşdüyün əmrlərinə əməl elə, sonrası düzələndi. Öz dilimizdə deyirik də, deyirik ki, qeybət olmaz, oğurluq, içki, yalan, qumar olmaz. Əməl edən var ki?!”

Zalımlıq, vəhşilik, cinayət…

Bu kiçik hikmətli hadisəni ona görə nəql elədim ki, başa düşmək istəyən (bizim misalda, insan hüquq və azadlıqlarına hörmət bəsləmək istəyən) üçün hər addımda ibrətlik nəsə var. Anlamaq istəməyən üçün isə, yüz min nümunə danış, ən kamil kitablardan sitatlar ver, xeyir etməz. Razıyam ki, onların çoxu kitab-dəftərlərə antoqonistik münasibətdədilər, oxumaq, bəşəriyyətin uca amalları belələri üçün anlaşılmaz, qəbuledilməz məqamlardır. Buna baxmayaraq, onlar, hətta ibtidai halları ilə dərk edirlər ki, elədikləri iş zalımlıqdı, vəhşilikdi, cinayətdi.

Bəs niyə edirlər? Cavab çoxdur. Onlar barədə sonra danışarıq.

Indilik isə Tale Bağırzadəgilə verilən amansız işgəncələri gələcəyimizlə bağlı düşünmək üçün bir fürsət bilərək, ölkədə dəyişikliyin hansı səbəbdən vacib olduğuna diqqət ayırmaq istəyirəm.

Biz hakimiyyət dəyişikliyinin lazımlılığını, faydalılığını çoxlu akademik dəlillərlə sübut edə bilərik. Dəyişikliyin vacibliyi kütləvi ictimai şüursuzluq xəstəliyinə düçar olmayan heç bir cəmiyyətdə mübahisə doğurmur. Bizdə isə bu mühabisələndirilir. Tez-tez təkrarlanan “bunlar yeyib doyublar, başqası ac gələcək” tezisi, anti-dəyişikliyin şəhadətidir. Nə pis ki, mənim ölkəmdə şüurlu-şüursuz bəziləri bu şəhadəti iqrar edib. Faciəmizin miqyasina baxın ki, ildən-ilə bizdə bütün məmur kürsülərini tutanlar “əbədilik” elan edilir. Prezident, Baş prokuror, Ombusdman, Allahın Allahşükür Paşazadəsi və s. Bu isə pis nümunələr yaradır. Vəzifəli şəxsin və onların əlaltılarının məsuliyyət, cavabdehlik hissini azaldır.

Düşünün, bir məmur bilsə ki, 4-5 ildən sonra vəzifəsindən gedəcək, postu əvəzlənəcək və ümumiyyətlə, sabah onun üst rəisi onunla münasibətdə qanunları “qardaşlığa” qurban verməyəcək, çoxmu harınlayar?! Əlsa. Indi “Bandotdel”dəki şreklər-qreklər ona görə şirə-pələngə dönüb ki, sabahlarından arxayındılar.

“Gözü çıxmış qardaş” nümunəsi…

23 illik acı təcrübə onlara təqlid edib ki, bu gün burda adam döyürlər, nə olar, sabah işdən çıxıb gedib “Sədərək”də adam döyərlər, o da olmaz, Allah Kəmaləddin Heydərovun canını sağ eləsin, yəqin “pojarnı”nın birinə rəisdən-filandan qoyar.

Bəli, onlar ara-sıra yoldaşlarının pis aqibəti ilə də tanış olurlar. Məsələn, bir gün açıb qəzeti oxuyurlar ki, bahoo, illərlə avtoritar rejimə sədaqətlə, onlar kimi xidmət edən Vəlini (Naxçıvan MTN-nin rəisi) sözün əsl mənasında tutub minib-çapırlar. Ancaq bu hal keçici olur, onların dadına orqanizmin özünümüdafiə qabiliyyəti çatır. Beyin, təfəkkür pis nümunələri, hadisələri tez ört-basdır edir ki, diskomfort yaranmasın. Beləliklə də azərbaycanlıların məşəqqəti davam edir…

Natiq Güləhmədoğlu /azadlıq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button