Tale Bağırzadə 13-cü gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir. Tale bəy 7 il qapalı həbsxanada cəza çəkdikdən sonra 12 saylı CÇM-nə göndərilib. Orada məruz qaldığı təhqiramiz münasibət və hədələrə etiraz edərək aclıq aksiyasına başlayıb.13 gündür ki, aclıq aksiyasını davam etdirir. Son həftələrdə Müsəlman Birliyi Hərəkatının daha 4 üzvü də müxtəlif qurama ittihamlarla həbs olunub.
Etiraf etmək lazımdır ki, Tale bəyin özünə və tərəfdarlarına qarşı bu repressiv hərəkətlər cəmiyyətin susqunluğu şəraitində həyata keçirilir. Tale Bağırzadə və tərəfdarları hakimiyyət mediası tərəfindən cəmiyyətə İranın adamları kimi təqdim olunur. Bununla da cəmiyyət sanki “İrana yaxın adamları müdafiə edirsiz” şantajı ilə qorxudulub susdurulur, bu insanların hüquqlarının müdafiəsindən uzaqlaşdırılır.
Tale Bağırzadə həm 2020-ci ildə, həm də bugünlərdə Azərbaycan – İran münasibətləri gərginləşəndə ortaya çox aydın mövqe qoyub. Azərbaycanın maraqlarını öz qırmızı xətti elan edib. Bununla da ona qarşı aparılan təbliğatı öz dililə və birmənalı şəkildə təkzib edib.
Tale Bağırzadənin İran mövzusundakı son açıqlamasından sizin də xəbəriniz olsun:
“Mən həmişə dövlətimizin müstəqilliyininin tərəfdarı və xalqın yanında olmuşam. Azərbaycan mənim üçün qırmızı xətdir. 2020-ci ildə ikinci Qarabağ savaşı başlayanda da həm mənim, həm də təşkilatımızın bəyanatlarımız olub. Biz o zaman da İran rəsmilərindən tələb etmişik ki, uşaq qatili Ermənistanın, yoxsa haqq savaşı aparan Azərbaycanın yanında olmaqlarını açıq bəyan etsinlər. Sentyabr döyüşləri zamanı İranın “Zəngəzur bizim qırmızı xəttimizdir” deməsinə də etiraz edərək, bir daha müstəqilliyimizdən yana olduğumuzu bəyan etmişik, ordumuzun və dövlətimizin yanında olduğumuzu bildirmişik”.
Azərbaycan – İran münasibətlərinin hazırkı gərgin məqamında öz dövlətindən yana ortaya belə aydın mövqe qoyan bir şəxsdən, onun tərəfdarlarından repressiya aparatı nə istəyir?
Dövlət vətəndaşlarına müxtəlif bəhanələrlə divan tutmaz. Dövlətin işi vətəndaşlarını damğalamaq, müxtəlif iddialarla ayrımçılıq etmək, özündən uzaqlaşdırmaq yox, vətəndaşlarına sahib çıxmaq olmalıdır. Cəmiyyət də hüquqsuzluğa və ədalətsizliyə susmamalıdır.
Tale Bağırzadə indiyədək çox böyük haqsızlıqlara məruz qalıb. Saxta ittihamla həbs olunub, çox ağır işgəncələrə məruz qalıb. Ona qarşı təzyiqləri, qanunsuz münasibəti bundan sonra da davam etdirmək böyük haqsızlıqdır və durdurulmalıdır. Tale bəyin tələbləri nəzərə alınmalıdır. Ona qarşı insan ləyaqətini alçaldan rəftara, tərəfdarlarının şərlənib həbs edilməsinə son qoyulmalıdır.
Əli Kərimli
AXCP sədri