ArxivXəbər lentiXəbərlər

Meyvə-tərəvəz bazarında da qiymətlər “od tutub yanır”

Satıcılar da narazı, alıcılar da…

Ötən ilin son günlərindəki məlum devalvasiyadan sonra demək olar ki, bütün sahələrdə qiymət artımı baş verdi. Amma bir çoxları xüsusən qida məhsullarında qiymət artımını devalvasiya ilə əlaqələndirməməyə çalışaraq, bunu “bayramqabağı bahalaşma” deyə ənənəvi hal kimi təqdim etdilər.

Artıq bayram günləri arxada qalıb. Əhalinin gündəlik istifadə etdiyi qida məhsullarının qiymətilə bağlı vəziyyəti öyrənmək üçün satış məntəqələrinə baş çəkdik. Ən çox da kənd təsərrüfatı məhsullarının qiymətlərilə maraqlandıq. Əksər kənd təsərrüfatı mallarının da yerli istehsal olduğu bildirilir.

Banan 1 manat 50 qəpik olsa, deməli, monopoliya götürülüb

Bakının Nərimanov rayonu ərazisində meyvə-tərəvəz satışı ilə məşğul olan obyektlərdən birinin satıcısı deyir ki, bayram ərəfəsində qiymətlər daha çox bahalaşmışdı: “Bu da həmin məhsulları daha baha almağımıza görə idi. Bayramdan sonra qiymət nisbətən düşdü, amma yenə də 21 dekabrdan (devalvasiyadan-red.) əvvəlki qiymətlərlə müqayisədə xeyli fərq var. Xaricdən gətirilən malların qiymətində bu artım orta hesabla 40-50 faizdir”.

Yerli məhsullara gəlincə, müşahidə etdik ki, bu mallarda da xeyli bahalaşma var. Məsələn, əvvəllər 70 qəpiyə satılan kartofu indi 90 qəpik-1 manatdan ucuz almaq mümkün deyil. Soğan 50-60 qəpikdən 90 qəpiyə qalxıb. Subtropik meyvələrin qiymətində də kifayət qədər artım var.

Xaricdən gətirilən məhsulların gömrükdən keçirilməsi zamanı indiyə qədər mövcud olan süni maneələrin artıq aradan qaldırılması haqda yayılan xəbərlərə gəlincə, satıcı deyir ki, bu barədə məlumatsızdır: “Biz məhsulları birbaşa özümüz gətirmişik, topdansatış məntəqələrindən alırıq. Bu məhsullarda da kifayət qədər artım var. Əgər maneələr götürülsəydi, ucuzlaşma olardı. Ucuzlaşma yoxdursa da, heç olmasa, əvvəlki qiymət qalardı”.

Bu vaxt satıcı ilə söhbəti dinləyən alıcı müdaxilə edir: “Monopoliyanın götürülməsinə o vaxt inanardım ki, banan 1 manat 50 qəpik olardı. Hamısı boş söhbətdir, bir nəfəri gömrükdən uzaqlaşdırıb, o işi başqa birisinə tapşıracaqlar. O da əvvəlkinin yolu ilə gedəcək”.

Öz istehsalımız təkcə göyərtidir

Paytaxtın Yasamal rayonu ərazisindəki meyvə-tərəvəz satış məntəqələrində analoji vəziyyət idi. Xüsusən idxal məhsullarında qiymət artımı daha çox nəzərə çarpırdı. Kənd təsərrüfatı məhsullarının həm topdan, həm də pərakəndə satışı ilə məşğul olan obyektin sahibi qiyməti bahalaşdırmağa məcbur olduqlarını deyir: “Qiyməti necə artırmayaq? Gördüyünüz malların demək olar ki, hamısı xarici ölkələrdən gəlir. Öz istehsalımız olan demək olar ki, təkcə kartof və göyərtidir. Onların qiymətində də artım olmalıdır. Axı, onu becərən insan da satdığı məhsulun müqabilində evinə bazarlıq etməlidir. Alacağı bütün malların qiyməti qalxıbsa, o da satdığı məhsulun qiymətini artırmaq məcburiyyətində qalır”.

Alıcılar da məhsulların qiymətinin bahalaşdığını bildirir. Minayə Sultanova adlı alıcı aldığı kartofu göstərib deyir: “Əvvəl hər məhsulu keyfiyyətinə görə çeşidlərə ayırırdılar, yəni hər malın keyfiyyətinə görə öz qiyməti olurdu. Indi aldığım kartof əvvəllər 50-60 qəpik idi, bir qədər yaxşıları isə 70-80 qəpiyə satılırdı. Indi məcbur qalıb, əvvəllər 50 qəpiyə olan keyfiyyətsiz kartofu indi 80 qəpiyə almalı oldum. Çünki əvvəl 80 qəpiyə aldığım indi 1 manatdan bahadır”.

Göyərti məhsullarının qiymətində də 5 qəpiklik artım müşahidə olunur. Əvvəllər dəstəsi 20 qəpikdən satılan göyərtilər artıq 25 qəpiyədir. Göyərti satan yaşlı qadın deyir: “Ay oğul, özümüzün istehsalımız olan bircə göyərtidir, alanlar da deyir ki, bu ki xaricdən gəlmir, niyə qiymətini qaldırmısız? Axı neyləyək? Mənim yerimə siz olun, əvvəl iki göyərtinin qiymətinə bir çörək ala bilirdimsə, indi onu ala bilmirəm axı… Ailəmiz çox böyükdür. Hər gün təkcə 4-5 ədəd çörək alıram. Mən də məcburam qiyməti çörəyin qiyməti ilə uyğunlaşdırım”./azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button