ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

‘Tərtər işi’ndə işgəncələrə görə daha kimlər həbs oluna bilər

İndiyədək işgəncə  nəticəsində hərbçilərdən bir neçəsinin bucür davranış ölməsiylə əlaqədar 19 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu, lakin onların sayı arta bilər

“Tərtər işi” üzrə dindirmələrdə hərbçilərə işgəncə verilməsi işi təzələnib. İndiyədək işgəncə nəticəsində hərbçilərdən bir neçəsinin bucür davranış ölməsiylə əlaqədar 19 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu, lakin onların sayı arta bilər.

Sözügedən cinayət işinin icraatının təzələnməsi ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlamasında vurğulanıb ki, məqsəd həm də bu hadisələrdə bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi, onların məsuliyyətə cəlb olunmasıdır.

5 ayrı cinayət işi

Prosesin gedişində indiyədək işgəncələrdə adı hallanan daha yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunacağı istisna edilmir. Çünki zərərçəkmiş tərəf – işgəncə nəticəsində həyatını itirənlərin yaxınları general Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin və digər vəzifəli şəxslərin də cəzalandırılmasını tələb edir. Onlar bunu məhkəmələrindəki çıxışlarında da dilə gətiriblər.

“Tərtər işi”ndə hərbçilərə işgəncə vermək və onların ölümünə səbəb olmağa görə indiyədək cəzalandırılmış 19 nəfər eyni əməllərdə ittiham olunsalar da, onlar 5 ayrı cinayət işi üzrə mühakimə olunublar.

Onlardan bir qrupu xeyli müddətdir ki, artıq azadlığa buraxılıb, hətta prezident tərəfindən də mükafatlandırılıb. Bəzilərinin isə məhkəməsi artıq dördüncü ildir ki, davam edir. Məsələn, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş, ədliyyə mayoru Fuad Ağayev, baş gizir Qurban Cümşüdov, kiçik gizir Cavid Ağadadaşovun işi. Onlar üçü birlikdə mühakimə olunub və CM-in 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda), 133 (əzab vermə) və başqa maddələrilə təqsirli biliniblər.

Adları çəkilən şəxslər 101 hərbi qulluqçuya dəhşətli işgəncələr verməkdə, onlardan 7-nin intihar və ya işgəncə nəticəsində ölümünə səbəb olmaqda təqsirli sayılıb.

İşgəncə

Cinayət işinin materiallarında işgəncə nəticəsində ölmüş Elxan Ağazadəyə qarşı baş verənlər belə təsvir olunub:

“Günün müxtəlif saatlarında, o cümlədən gecələr, davamlı şəkildə döyülüb. Onun əynində olan paltarlarını soyundurub, əllərini və ayaqlarını yapışqanlı lent və ya iplə, həmçinin ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçasıyla bağlayıblar. Bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, plastik boru və başqa küt əşyalarla çoxsaylı zərbələr vurublar. Onu üzü üstdə uzadıb, tərpənməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salaraq, bir neçə saniyə saxlayıblar. Nəfəs ala bilmədiyinə görə boğulmaq həddinə çatanda başını sudan çıxarıb nəfəs almasına imkan veriblər. Sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdiriblər. Həmçinin arxası üstdə uzadıb, başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyublar. Əskinin üstündən ağzına su töküblər. Su ağzına dolub nəfəs ala bilməyəndə boğulmaması üçün əskini götürüblər. Bu proses də dəfələrlə təkrarlanıb. Daha şiddətli təsir göstərmək üçün onun üstünə su töküb, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirərək, dəfələrlə elektrik cərəyanı veriblər…”

Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 10 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun hər biri isə 6 il azadlıqdan məhrum edilib.

Ağayev istisna olmaqla, digər iki nəfərə münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha yüngül cəza təyin olunması) maddəsi tətbiq olunub. Gəncə Apellyasiya Məhkəməsi isə onların cəzasını 6 ildən 5 ilə endirib.

Bu qərar zərərçəkmiş tərəfin, özəlliklə həyatını itirmiş hərbçilərin ailə üzvlərinin etirazına səbəb olub. Onlar Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Eyni zamanda, təqsirləndirilən şəxslərin özləri də Ali Məhkəməyə üz tutublar. Lakin sonradan onlar şikayətlərini geri götürüblər.

Hikmət Həsənov və digərlərinə ittihamlar

Zərərçəkmişlər isə işin təkrar istintaqa qaytarılması, təqsirləndirilən şəxslərə qəsdən adam öldürmə ittihamının verilməsini tələb ediblər.

“Mənim həyat yoldaşıma qarşı törədilən əməllər ehtiyatsızlıqdan baş verməyib. Ona görə də bu əməllər qəsdən adamöldürmədir. Bu əməllər hərbi hissə komandirindən xəbərsiz olmayıb. Ona görə də hərbi hissə komandiri Hikmət Həsənov, işgəncə faktlarını gizlədən hərbi hospitalın rəhbərliyi, cinayətin qarşısını almaq üçün tədbir görməyən hərbi prokuror da cəzalandırılmalıdır”, – işgəncə nəticəsində ölmüş Ruslan Ocaqverdiyevin xanımı Rəvanə Ocaqverdiyeva Ali Məhkəmədə belə deyib.

O vurğulayıb ki, 8 hərbçinin ölümünə, 101 nəfərin xəsarət almasına səbəb olmuş şəxslərə ağır cəza vermək əvəzinə, apellyasiya məhkəməsi onların cəzasını daha da yüngülləşdirib.

Ali Məhkəmə zərərçəkmişlərin kassasiya şikayətini qismən təmin edib. Ağadadaşov və Cümşüdova aid hissədə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Bu cinayət işi təkrar araşdırılması üçün bu instansiyaya qaytarılıb. Bu işi hazırda Gəncə Apellyasiya Məhkəməsində Çingiz Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Növbəti məhkəmə iclası dekabrın 24-nə təyin olunsa da, dekabrın 20-də tərəflərə məlumat verilib ki, məhkəmə iclası təxirə salınır. Bu barədə AzadlıqRadiosuna məlumat verən zərərçəkmişlər istisna etmirlər ki, təxirəsalınma işgəncələrə dair cinayət işi üzrə icraatın təzələnməsi ilə bağlıdır.

Mükafatlandırılanlar olub

Bir müddət əvvəl AzadlıqRadiosu məlumat əldə etdi ki, “Tərtər işi” üzrə işgəncələrə görə həbs olunanların bir neçəsi, hətta cəzalarının yarısını çəkmədən həbsdən buraxılıb.

Onların arasında sonradan prezidentin müvafiq sərəncamları ilə mükafatlandırılanlar da var. 44 günlük müharibədən sonra həmin şəxslərdən leytenant Ruslan Mikayılov prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, gizirlər Polad Əzizov, və Sənan Maşıyev 29 dekabr 2020-ci il tarixli sərəncamla “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif olunublar.

2017-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırıldığını və həbs olunduqlarını açıqlayıb. Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin saxlandığı, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı ictimaiyyətə geniş, detallı açıqlama verməyiblər.

Bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib. Saxlanan hərbi qulluqçuların yaxınları da deyirlər ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button