ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şuşada yeni il keçirmək Laplandiyadan baha başa gəlir

Hansı ölkədə yeni il səyahəti neçəyədir?

Son günlər sosial şəbəkələrdə Şuşada yeni il keçirməyin qiymətləri müzakirə mövzusudur.
Turagentliklərin “Şuşa Hotel”də keçiriləcək yeni il gecəsi üçün qiyməti 2500-3500 manat aralığında dəyişir.
Gəlin, baxaq, iki nəfər yeni ili keçirmək üçün ölkədən kənarda haralara gedə bilər və qiymətlər necə olacaq?
Tbilisidə yeni il
Gürcüstanın paytaxtında yeni il keçirmək istəsəniz, sərhədlər bağlı olduğu üçün təyyarə ilə getməli olacaqsınız. AZAL-ın 30 dekabr – 2 yanvar reysinə iki nəfərlik gedişli-gəlişli biletin qiyməti 778 manatdır.
Tbilisidə Yeni il. Foto: Anna Bogush/shutterstock
Tbilisidə həmin günlər iki nəfər üçün üç gecəlik otellərin qiyməti 80 manatdan başlayır, 210-220 manata səhər yeməyi daxil üç ulduzlu otellər də seçə bilərsiniz.
Beləliklə, təyyarə bileti və otel birlikdə 1000 manata çatmır. Günlük xərcləmələr isə insanların seçimindən asılıdır.
Moskvada yeni il
30 dekabr- 2 yanvar tarixlərində Moskvaya getmək istəsəniz, 2 nəfər üçün AZAL-a 1800 manat ödəməli olacaqsınız. Şəhər mərkəzindəki otellərin isə gecəsi 30 manatdan başlayır. Gecəsi 50 manat ödəməklə səhər yeməyi daxil oteldə qalmaq olar.
Moskvada Yeni il. Foto: Vladimir Koshkarov/shutterstock
Moskvada 3 gün sizə 1950 manata başa gələr.
Yeni ili Avropada keçirmək istəsəniz
Praqaya iki nəfərin təyyarə biletinin qiyməti 30 dekabr-3 yanvar üçün 1657 manatdır (AZAL). Şəhərin mərkəzinə 2-3 kilometrlik məsafədə yerləşən, lakin tramvay yoluna yaxın oteldə iki nəfərə dörd gecəyə 590 manat verərək qala bilərsiniz.
Praqada Yeni il. Foto: Pajor Pawel/shutterstock
Praqada dörd gün sizə 2247 manata başa gələcək.
Budapeştdə 3 gün
Ekonom tariflə Budapeştə iki nəfərin gediş-gəlişi 932 manat edir (WizzAir, 30 dekabr-2 yanvar).
Şəhər mərkəzinə iki kilometrlik məsafədəki 3 ulduzlu oteldə iki nəfərin üç gecə səhər yeməyi daxil qalması isə 590 manatdır.
Budapeştdə Yeni il. Foto: Kevin Carvalho/shutterstock
Yəni yeni ili Budapeştdə qarşılamaq üçün 1522 manatı gözdən çıxarmalısınız.
Romada yeni il
30 dekabr 2 yanvar tarixlərində “WizzAir”-lə Bakı-Roma-Bakı reysinin qiyməti 480 manatdır (2 nəfər). Həmin tarixlərdə üç gecəlik oteldə səhər yeməyi də daxil iki nəfərlik otaqda 570 manata qala bilərsiniz.
Romada yeni il. Foto: Patryk Kosmider/shutterstock
Romada yeni il də sizə 1050 manata başa gələcək.
Laplandiyada yeni il
Çox insan ömrünün bir yeni ilini Laplandiyada, başqa adla Şaxta babanın vətənində keçirməyi arzulayır. Şaxta babanın kəndi Finlandiyadadır. Bura getmək üçün əvvəlcə paytaxt Helsinkiyə, buradan isə qatarla Laplanda gedirsiniz. Bura həm də buz otelləri ilə məşhurdur. Ən bahalı yeni il tətillərindən hesab edilir.
Laplandiyada yeni il keçirmək üçün 30 dekabr – 5 yanvar Bakı-Helsinki-Bakı reysinə (Pegasus) iki nəfər üçün 1420 manat ödəməlisiniz.
Laplandiyada yeni il. Foto: S_Photo/shutterstock
Helsinkidən Laplandiyanın paytaxtı Rovaniemiyə gecə qatarları gedir. İki nəfərin gediş-gəliş biletinin qiyməti 950 manatdır. Beləliklə, gedəndə və gələndə birlikdə iki gecəni qatarda keçirdiyinizdən, qalan dörd gün üçün Laplandiyada iki nəfərə səhər yeməyi daxil gecələmə 830 manata başa gələcək.
Beləliklə, 6 günlük Laplandiya turu sizə 3 min 200 manata başa gələcək ki, bu da Şuşada bir günlük yeni il qiymətindən ucuzdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button