ArxivXəbər lentiXəbərlər

Siyasi partiyalar prezident seçkisinə hansı şüarla gedir…

2018-ci ildə ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Bununla bağlı artıq bir neçə partiya hazırlıq işlərinə başlayıb. Seçki təbliğatı zamanı seçicilərin diqqətini çəkən məsələlərdən bir də irəli sürülən şüarlardır. Maraqlıdır, müxalif partiyalar şüar hazırlayırmı?

Modern.az saytı bu sualla partiyalara müraciət edib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasının şüarının nə olduğu seçki kampaniyası dövründə bilinəcək.

“Seçki Məcəlləsi indidən təbliğat aparmağa imkan vermir. Ona görə də şüarımızı hələ səsləndirə bilmərik. Müsavat Partiyasının şüarları hər zaman Azərbaycan xalqının istəyinə uyğun olub”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, hələ ki seçki şüarı hazırlanmayıb.
“Bizim partiyanın şüarları hər zaman dillər əzbəri olub. Şüar hazırlayanda xalqın istəyini nəzəri alırıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov:

“Bizdəki seçkilərdə aktivlik müşahidə olunmur. Bizim çağırışımız ondan ibarətdir ki, ölkədə normal seçki mühiti yaradılmasına nail ola bilək. Bunlardan kənar seçkilərlə bağlı hər hansı fikir irəli sürmək nəticəsizdir. Hələ ki şüar hazırlamaqla bağlı müzakirə aparmamışıq. 1998-ci ildə Etibar Məmmədov prezident seçkilərində namizəd olanda AMİP-in “Eibarlı gələcək Etibarla gələcək” şüarı yaddaşlarda qalıb”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, partiyanın müəyyən problemi olsa da, prezident seçkilərinə yüksək səviyyədə hazırlaşılar:

“Biz bütün həyatımızı Azərbaycanın müstəqilliyinə həsr etmişik. Şüarlarımız hazır olsa da, onları açıqlamaq istəmirik. İndidən açıqlasaq, öz gücünü itirəcək. Yanvar ayında prezident seçkilərinə start verilməldir. Ondan sonra biz meydana çıxanda şüarlarımız Azərbaycan xalqını cəlb edəcək. Bu seçki digər seçkilərdən olmayacaq. Seçkiləri ya İlham Əliyev qazanacaq, ya da mən. Digərləri boş-boşuna özünlərini yormasınlar, onsuz da potensialları yoxdur. Mən düzgün söz deyəndə bütün sosial şəbəkələrdə hədəfə çevrilirəm, məni söyürlər. Məni dövlət başçısına sadiq olduğum üçün söyürlər. Bunları qəbul edirəm, hər halda bu yolu gedəndə bunları hesablamışıq. Bu bizi narahat etmir, kim söyür ağzı şirin olsun. Əlavə söymək istəyənlər komandası varsa, biz onlara kömək də edə bilərik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button