ArxivXəbər lentiXəbərlər

“Saakaşvilinin baş nazirin müavini olması Azərbaycanın xeyrinədir”

Azər Qasımlı: “Əgər Zelenski də Poraşenko kimi davranacaqsa…”
“Mixail Saakaşvili bütün fəaliyyətini Ukraynada islahatların keçirilməsinə yönəltməzsə, Gürcüstanın daxili proseslərinə müdaxilə edərsə, onunla Zelenski arasındakı münasibətlər korlanacaq. Bu zaman Ukraynadakı islahatlar da uğurlu olmayacaq”.
Bu günlərdə Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin olunmasının gələcəkdə yarada biləcəyi problemləri şərh edən siyasətçi Azər Qasımlı belə deyir.
Gürcüstanda qızılgül inqilabı nəticəsində hakimiyyətə gəlmiş və 2004-2012-ci illərdə bu ölkənin prezidenti olmuş, islahatlara imza atmış, hazırda bir sıra cinayətlərdə suçlanan M.Saakaşvili son illər Ukrayna siyasətində də öz dəsti-xətti, siyasəti ilə seçilməkdədir.
2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ildə Ukrayna prezidenti Petro Poraşenkonu korrupsiyada, xalqı soyub-talamaqda ittiham edərək ona qarşı müxalif mövqe tutub.
Bir il sonra prezident tərəfindən ölkə vətəndaşlığından məhrum edilən M.Saakaşvili 2019-cu ildə Vladimir Zelenskinin dövründə yenidən vətəndaşlıq alıb.
“Saakaşvili Gürcüstanda prezident olduğu və sonrakı fəaliyyəti dövründə sübut etdi ki, o, islahat tərəfdarı, korrupsiyaya qarşı olan bir siyasətçidir. Poraşenko dövründə isə oliqarxlar, o cümlədən elə Poraşenko özü Saakaşviliyə islahat keçirməyə icazə vermədilər. Əgər Zelenski də Poraşenko kimi davranacaqsa, Saakaşvili ilə onların arasında ciddi problemlər yaranacaq”,  – Azər Qasımlı iki siyasətçi arasındakı münasibətlərin həm Saakaşvilidən, həm də Zelenskidən asılı olacağını deyir.
Siyasətçi məsələnin digər tərəfini də vurğulayır.
Onun fikrincə,  V.Zelenskinin korrupsiyaya, oliqarxlara qarşı mübarizə aparmağa siyasi iradəsi çatacaqsa, M. Saakaşvili ilə birlikdə uğurlu islahatlara imza atacaq, bu zaman tərəflər arasında münasibət kəskinləşməyəcək və Ukrayna postsovet məkanında Gürcüstandan sonra yeni bir nümunə olacaq.
 
“Saakaşvili nə qədər uğurlu siyasətçi olsa da, ukraynalı deyil”
A.Qasımlı hesab edir ki, Ukrayna hakimiyyəti M.Saakaşviliyə vəzifə versə də, onun gələcəkdə bu ölkənin prezidenti seçiləcəyi inandırıcı görünmür. Səbəbini belə izah edir: “O nə qədər uğurlu bir siyasətçi olsa da, ukraynalı deyil, Ukrayna cəmiyyəti üçün yaddır”.
“Gürcülər bu məsələdə inadkarlıq etsələr…”
Bu arada Gürcüstan hökuməti bu ölkənin keçmiş prezidentinin Ukraynada yüksək vəzifəyə gətirilməsinə etiraz edir. Aprelin 24-də Gürcüstan hökuməti Ukraynaya xəbərdarlıq edib. Gürcüstanın baş naziri Giorgi Qaxariya M.Saakaşvilinin baş nazirin müavini təyin olunacağı təqdirdə Kiyevdən səfirlərini geri çağıracağını bildirib.
Azər Qasımlı bu etirazı əsassız sayır. O, Saakaşvilinin  Gürcüstan vətəndaşlığından çıxarıldığını, Ukrayna vətəndaşı olduğunu xatırladır: “Buna görə də gürcüləri  bu məsələdə inadkarlıq etsələr, yanlış addım olacaq. Saakaşvili gürcü xalqının düşməni deyil ki, onun Ukraynada baş nazirin müavini vəzifəsinə təyin edilməsini qəbul etməsinlər. Gürcüstan hökumətinin Kiyevdəki səfirliyi geri çəkməsi də səhv addımdır”.
A.Qasımlı bir müddət Gürcüstan hökumətinin bu məsələyə bir az qısqanclıqla yanaşacağını, arada soyuqluq yaranacağını, amma sonucda münasibətlərin düzələcəyini ehtimal edir.
Şahin Cəfərli: “Saakaşvili üçün heç də asan olmayacaq”
Siyasi şərhçi Şahin Cəfərliyə görəsə Saakaşvili Ukraynada əvvəlki fəaliyyəti dövründə yol verdiyi səhvləri nəzərə alaraq bu dəfə daha təmkinli davranacaq. O, Zalenski ilə Saakaşvili arasında böyük konfliktlər yaranmasa da, Saakaşvilinin Ukraynada fəaliyyətinin heç də asan olmayacağını təxmin edir: “Əvvəla, Ukrayna çox mürəkkəb ölkədir. Onun Odessadakı fəaliyyəti də göstərdi ki, Ukraynada uğurlu siyasət aparmaq üçün çox müxtəlif iqtisadi-siyasi və oliqarxik çevrələrlə müəyyən konfliktlərə girmədən uğurlu fəaliyyət göstərmək mümkün deyil. Yəni bu dəfə də Saakaşvili öz fəaliyyətində müxtəlif mənfəətçi qrupların, oliqarx çevrələrin maraqlarına toxunacaqsa, onun üçün yenə problemlər yaranacaq”.
“Saakaşvilinin hələ də Gürcüstandan gözləntisi var”
Şahin Cəfərli də Saakaşvilinin Ukraynada hakimiyyətin birinci şəxsinə seçilmək iddiasının olmadığını deyir. Hətta onun bu ölkədə siyasi karyerasının qısa çəkəcəyini güman edir: “Onun hələ də Gürcüstandan gözləntisi var. Xüsusən də, bu il Gürcüstanda keçiriləcək parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyi baş verərsə və yeni hökümətdə Saakaşvilinin Milli Hərəkat Partiyası da təmsil olunarsa, Saakaşvili öz vətəninə qayıdacaq. Yəni onun Ukraynadakı fəaliyyəti müvəqqətidir”.
Şahin Cəfərli Gürcüstan hökumətinin xəbərdarlığını absurd sayır. O da Saakaşvilinin hazırda Gürcüstan yox, Ukraniya vətəndaşı olduğunu xatırladır: “Ukraynavətəndaşının da hər hansı bir vəzifəyə təyin olunması yalnız bu ölkənin hökümətini və siyasətçilərini maraqlandıran bir msələdir”.
Siyasi şərhçi yaxın vaxtlarda iki ölkə arasında müəyən səthi narazılıqlar yaranmasını istisna etməsə də, bunun ciddi konfliktlərı yol açacağını düşünmür. Səbəbini hər iki ölkənin maraqlarının eyni olması ilə izah edir və  hətta “ciddi narazılıqlar olsa belə, Amerikanın bir sözü ilə həll olunacağını” deyir.
Şahin Cəfərliyə görə, M.Saakaşvilinin Ukraynada dövlət vəzifəsinə gəlməsi Azərbaycanın da maraqlarına uyğundur. O, keçmiş Gürcüstan prezidenti ilə Azərbaycan prezidentinin dostluq münasibətləri olduğunu da xatırladır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button