ArxivXəbər lentiXəbərlər

Sərdar Cəlaloğlu: Hazırkı maliyyə-iqtisadi siyasət Azərbaycanı fəlakətə aparır

”Ermənistanda minimum əməkhaqqı bizdən iki dəfə yüksəkdir”

“İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik. Bu, sosial ədalət prinsipidir”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib.

“Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək”, – deyə o vurğulayıb.

“Neft-qaz ölkəsi prezidentinin bu cür fikirlərinin praktiki baxımdan heç bir əsası yoxdur”

Prezidentin söylədiklərini Meydan TV-yə şərh edən Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, həyat səviyyəsi yalnız sosial təminatla yox, vətəndaşların işlə təmin olunması, minimum əməkhaqlarının yüksəldilməsilə bağlıdır:

“yerli valyutanın 2-3 dəfə real dəyərini itirməsinə baxmayaq, bugünə qədər hökumət minimum əməkhaqqının artırılması ilə bağlı heç bir addım atmayıb. Deməli, vətəndaşlar 2-3 dəfə az əməkhaqqı alırlar”.

Partiya sədri iri dövlət şirkətlərinin bir-birinə olan borclarının silinməsini xatırladaraq bildirib ki, İlham Əliyevin söylədikləri həqiqətəuyğun deyil:

“Yüzlərlə villası olan insanların əksəriyyəti onsuz da kommunal xərclərini ödəmirlər. Ona görə də bu məsələnin necə tənzimlənəcəyi sualı yaranır. Ayrılan limitlər də gülünc doğurur, kasıb var ki, elektrik çox işlədir. Prezidentin qonşu respublikalarla müqayisəsi də doğru deyil. Nefti, qazı olmayan və Azərbaycandan çox əlverişsiz çoğrafi şəraitə malik olan Ermənistanda minimum əməkhaqqı bizdən iki dəfə yüksəkdir. O cümlədən, Gürcüstanda da oxşar vəziyyətdir. Neft-qaz ölkəsi prezidentinin bu cür fikirlərinin praktiki baxımdan heç bir əsası yoxdur.

“Əgər İlham Əliyevin dedikləri kimidirsə, bəs narazılıqlar nə ilə bağlıdır?”

Sərdar Cəlaloğlu hesab edir ki, hakimiyyət bu cür idarəetmə ilə sosial narazılığın qarşısını ala bilməyəcək:

“Hökumət qaz və elektrik ödəmələrini artırmasaydı da, milli valyutanın devalvasiyaya uğraması istər-istəməz vətəndaşların yaşamına təsir edəcəkdi. Ancaq Tarif Şurasının qərarı qiymətləri 4-5 istiqamətdən artırdı. Yəni Tarif Şurasının qərarı, əlavə olaraq manatın dəyərdən düşməsi qiymətlərə təsir edir. Əgər İlham Əliyevin dedikləri kimidirsə, bəs narazılıqlar nə ilə bağlıdır? Hansı villa sahibi narazılıq edir? Narazılığı kasıblar edir də. Qiymətlərin qalxması villa sahiblərinin heç vecinə də deyil. Azərbaycanda maliyyə-iqtisadiyönümlü addımlar atılanda ilk təsiri sosial təbəqələr hiss edir. Ona görə də qiymətlərin qaldırılması villa sahiblərinə yox, məhz kasıblara təsir edir. Harda görünüb ki, villa sahibi qiymət artımına görə küçələrə çıxsın?! İkinci, bu adamlar milyardlarla dolları əllərində saxlayıblarsa, işığın kilovatı 100 manata olsa da, verəcəklər. Söhbət 50-70 dollarlıq əməkhaqqına büdcə təşkilatlarında işləyənlərdən gedir ki, qiymət artımı və manatın devalvasiyası onların ailə büdcəsinə çox pis təsir edir. Ümumiyyətlə, hazırkı maliyyə-iqtisadi siyasət tamamilə yanlışdır və Azərbaycanı fəlakətə aparır. Özümüzü aldatmayaq, bu gün hamımız prezidentin düzgün siyasət apardığını, yüksək inkişaf olduğunu desək də, heç nə dəyişməyəcək. Kommunist Partiyasının zamanında hər beşillikdə yaxşı olacağını söyləyib qırmızı bayraqlar alırdılar, eyni siyasət davam edir. Ölkə çökür, fəlakət qapının arxasındadır, böyük narazı enerji toplanır, hökumət isə bunu ya görmək istəmir, yaxud görə bilmir. Hər iki halda yanlışdır. Atılan addımların da nəticəsi yoxdur. Gələn il vəziyyət indikindən ağır olacaq, çünki qiymətlər daha da artacaq. Monitorinq aparın, insanların bazara getməsi azalıb. Hökumət maliyyə istiqamətində vaxt itirdiyindən, istehlak böhranı mərhələsi başlanıb. Sosial narazılıq da burdan əmələ gələcək. Düzgün maliyyə-kredit siyasəti aparılmadığından orta biznes çökdü, az-çox vergi verən iş adamları sıradan çıxdı, çünki borca düşdülər, obyektlərini bağladılar və işsizlər ordusu yarandı. Təsəvvür edin ki, iri dövlət məssisələri korrupsioner məmurlara bağlı olduğundan heç birindən büdcəyə gəlir yoxdur, əsas vergi ödəyənlər də sıradan çıxarıldığından istehlak böhranı yaranır”.

İqtisadçı Oqtay Haqverdiyev isə ADP sədrindən fərqli düşünür.

O, bildirib ki, Tarif Şurasının qərarı sonradan dəyişiləndə bunun aşağı təbəqə üçün edildiyi məlum oldu:

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev.
“Onsuz da varlılar qiymətlərin yüksək olmasıyla o qədər maraqlanmır. Bu mənada qərarın əhalinin əksər hissəsinə müsbət təsiri olacaq. İkinci, qərarın dəyişilməsi israfçılığın qarşısını alacaq, insanlar evlərində otaqların işığını az yandıracaqlar. Sovet dövründə işığın kilovatı 1 qəpik olduğundan insanlarda israfçılıq güclənmişdi, bir otaqdan o birinə keçəndə işığı söndürmürdülər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button