Arxiv

Şərəfsizin şəri – (Köşə yazısı)

Mehriban və bağışlayan Allahın adı ilə.

Son günlər bəzi saytlarda din xadimləri ilə bağlı şou xatirinə böhtan xarakterli məlumatların dərc edilməsi ilə artıq hamımız tanışıq. Bu iftiraların nəyin üzərində köklənməsi barəsində fikirlərimi kiçik bir araşdırmada sizinlə bölüşmək istərdim. İstənilən araşdırmada ilk öncə mövzuya baxış keçirib, onun yaranma səbəblərini, tarixini və məkanını bilmək lazımdır. Həmçinin, dəyərli insanlar barəsində özünü “media” adı ilə ictimaiyyətə sırıyan bəzi elektron KİV-lərin bu cürəti haradan almalarını araşdırmaq lazım gəldikdə, bu metoddan istifadə etməyi lazım bildim.
Gəlin, baxaq görək iftiralar harada baş verir? Mediada. Nə zamandan? Üç ildir. Niyə? Bax, mövzumuz elə buradan başlayır. Amma bunu da qeyd edim ki, bu sualın cavabı çox sadə və dərin təhlilə ehtiyacı olmayan bir cavabdır. Çünki dövlətin son üç ildəki siyasəti, xüsusən də inanclılara qarşı tam fərqlidir. Hər bir ölkədə istənilən din xadimi həm insanlar tərəfindən sevilir, həm də hakimiyyət tərəfindən dəstəklənir. O cümlədən Hindu dinləri, Krişnaizm, İsəvilik, Musəvilik və sair kimi dinlərin xadimləri müqəddəs sayılırlar. Bəs bizdə necə? Xalq və dövlət öz ilahiyyatçılarına dəyər verirmi?
Bu sualın cavabı haqda bir az da siz fikirləşin. Amma xalqa gəldikdə isə, mənim nəzərimə əsasən, yetmiş illik kommunist təfəkkürü, “Molla Nəsrəddin” jurnalı, din xadimlərinin adına çıxarılan lətifələr və bu kimi gözdənsalma təbliğatından sonra deyərdim hələ çox sevilir. Amma dövlət tərəfindən necə? Sevilirmi? Bu günlərdə nə baş verir? Bu günün kommunistlərinin təbliğat maşınları necə? İşləyə bilirmi? Bunu deyim ki, keçən əsrin kommunistləri ilə indikilərdə elə də ciddi fərq yoxdur. O zaman da din xadimləri repressiyalara məruz qalırdılar, elə indi də qalırlar. Amma bu repressiyaların bir ümdə fərqi var. O zaman din xadimləri öz adları ilə, indi isə narkotiklə, dələduzluqla, silahla və s. iyrənc maddələrlə şərlnib həbs olunur və ağır işgəncələrə məruz qalırlar. Hakimiyyətin bu siyasətindən ilhamlanan, cəsarət tapan dırnaqarası medialar da din xadimlərinin abırlarının getməsi üçün əllərindən gələni əsirgəmirlər. Onlar bununla hazırkı iqtidara öz sədaqətlərini nümayiş etdirir və hər an medianın ana prinsiplərindən sayılan vicdanlılığa zidd olan addımlar atmaq iqtidarında olduqlarına işarə edirlər. Bunu da qeyd edim ki, bu ehtiramsızlıq onların öz başlarının məhsulu deyil. Bir az diqqət etsək, bir həftənin içində ölkənin tanınmış ilahiyyatçılarından olan Hacı Şahin Həsənlinin, Hacı İlqar İbrahimoğlunun, Hacı Elşən Mustafaoğlunun və digər din xadimlərinin barəsində olan dedi-qoduların gündəmə gəlməsi heç də təsadüfi deyil. Bu əmri verənin niyyəti bundan ibarətdir ki, bütün ilahiyyatçıları həbs etmək mümkün olmasa da, heç olmasa abır-həyalarını aparmaqla, şəxsiyyətləri barəsində dedi-qodu yaratmaqla, az bir qismi də olsa inandırmaqla və ən əsası, ilahiyyatçı müqəddəsliyinə zərbə vurmaqla öz mənfur layihələrinə qismən də olsa nail olsunlar. Biz buna “balanslaşdırma siyasəti” də deyə bilərik. Çünki son ayda uzun illər görmədikləri, sanki birdən-birə xəbər tutduqları, vəhhabilərlə, nurçularla “mübarizə” zamanı xalqın dəyər verdiyi ilahiyyatçıların kütləvi şəkildə hədəfə tuş gəlməsi heç də təsadüfi sayıla bilməz.
Sonda belə nəticə alırıq ki, həbs etdiklərini həbs edir və digərlərini də beləcə rüsvay etməyə çalışırlar. Budur ki, daha diqqətli olaq və mübarək Qurani-Kərimin bu ayəsinə uyğun əməl edək:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”
Allahın salamı haqq əhlinə olsun!

Emil Rahiloğlu – ilahiyyatçı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button